Putinin Avropaya qarşı şahmat oyunu: Hədəflər və reallıq
Bizi izləyin

Dünya

Putinin Avropaya qarşı şahmat oyunu: Hədəflər və reallıq

“Avropa Rusiyaya lazım deyil: Kremlin sahibi Putin belə bir bəyanatı həvəslə verərdi. O, hazırda bütün dünyada özünə yeni partnyorları axtarır. Amma Rusiyanın bu taktikası müvəffəqiyyətli olacaqmı?”

Publika.az xəbər verir ki, bu sözləri səhifələrinə daşıyan Almaniyanın “Handelsblatt” nəşri Rusiya prezidenti Vladimir Putinin Avropadan kənarda partnyor axtarışlarına toxunub. Həmin yazını təqdim edirik.

Latın Amerikası

Keçən ilin avqustunda Braziliyanın ət istehsalçıları Rusiyadan gözlənilməz hədiyyə aldılar: Moskva bir gün ərzində Braziliyanın 90 ət müəssisəsinə Rusiyaya mal, donuz və toyuq əti ixrac etməyə icazə verdi. Braziliya Ət İstehsalçıları İttifaqının prezidenti Fransiska Turra hesab edir ki, bu, ilin ən yaxşı xəbəri idi. Braziliyanın ət ixracatçılarının sevincinin səbəbi aydın idi. Çünki Cənubi Amerika ixracatçıları və Rusiya idxalatçıları arasında ticarət danışıqları haqqında Moskvadan yaxşı xəbərlər tez-tez gəlmir. Rusiya idxal meyarlarını tərəddüd etmədən öz xeyrinə tez-tez dəyişdirir. Bu cür yanaşma ilə Latın Amerikasının bütün dövlətləri daim rastlaşır. Təəccüblü deyil ki, Cənubi Amerika və Rusiya arasında ticarətin səviyyəsi həmişə aşağı olub.

Putin Latın Amerikası ölkələrindən siyasi dəstək alır

Rusiya regiona yüz minlərlə “Kalaşnikov” avtomatı, onlarla döyüş təyyarəsi və yüngül hərbi gəmilər çatdırıb. Amerika imperializminə qarşı mübarizənin qalası kimi Kubanın rolunu öz üzərinə götürən Venesueladan başqa, Çili, Braziliya və Peru Rusiyadan silahı alır. İlk növbədə ona görə ki, qiymətlər aşağıdır. Bununla belə, son vaxtlar Rusiyanın regiona hərbi təsiri azalıb. Latın Amerikası ölkələri 2013-cü ildə cəmi 1,3 milyard dollarlıq rus silahı aldı. Hazırda ciddi iqtisadi və siyasi böhranla rastlaşan Venesuela başqa problemlərlə məşğul olmağa məcburdur. Ölkədə valyuta ehtiyatları əhəmiyyətli şəkildə azaldığı üçün qida və dərman məhsulları çatışmır. Bundan başqa, əliaçıqlıq üçün Moskvada əvvəlki maliyyə resursları yoxdur. Təsadüfi deyil ki, Putin yanvar ayında kreditorların axtarışı məqsədilə Moskvaya gələn Nikolas Maduraya mənfi cavab verdi.

Rusiya və Kuba Venesuela ilə birlikdə 2008-ci ildə Karib regionunda hərbi dəniz qüvvələrinin təlimini keçirdi. Bundan başqa, Rusiya Karib hövzəsində kiçik hərbi bazanı yaratmağı planlaşdırırdı. Ancaq Venesueladakı böhran nəticəsində Rusiyanın Latin Amerikasında hərbi təsiri zəiflədi. Moskvanın isə ritorik səyləri davam edir. Rusiya regionda yeni hərbi baza yarada bilməsə də, energetika, neftçıxartma və infrastruktur sahəsində ortaq müəssisələrin yaradılmasına cəhdlər edilir. Putin Latın Amerikası ölkələrinin siyasi dəstəyinə bel bağlaya bilər. 2014-cü il martında BMT Baş Assambleyası Krımın Rusiyayla birləşdirilməsini pislədi. Amma Boliviya, Venesuela, Kuba və Nikaraqua qətnaməyə qarşı səs verən 11 dövlət arasında idi. Bundan başqa, Argentina, Braziliya, Uruqvay və Ekvador səsvermədə neytral qaldı. Bununla belə, Rusiya xarici siyasət təbliğatçılıq aparatı Moskvanın Latın Amerikasında faktiki təsirin azalmasını gizlətməyə çalışır.

Çin: qismən müvəffəqiyyət

Böyük dövlət ambisiyaları Rusiya və Çinin oxşar cəhətləridir. Almaniyanın “Die Welt” qəzeti yaxın vaxtlarda yazdı ki, Moskva və Pekin 2025-ci ilə kimi Vaşinqton, Brüssel, Berlin və Londona qarşı yeni alternativ blok yaradacaq. Ancaq nəzərə almaq lazımdır ki, bu illüziyadır. Putinin özü belə bunu arzulamağa cürət etmir.

Çin-Rusiya ticarəti, demək olar ki, artmayıb. Çinin rəsmi statistika idarəsinin məlumatına görə, Rusiyaya ixrac 5,5 faiz artıb və 23,48 milyard dollar təşkil etdi. Ancaq Rusiyadan idxal 20 faiz azalaraq 4,19 milyard dollar təşkil edib. Səbəb isə neft və təbii qazın qiymətlərindəki azalmadır. Bu vəziyyət xüsusilə enerji sektorundan asılı olan Rusiyaya təsir edib. SSRİ-nin dağılmasından sonra Çin və Rusiya iqtisadi baxımdan müxtəlif istiqamətdə inkişaf edirdi. Rusiya xammal satışından güclü şəkildə asılıdır, halbuki Çin dünya emalatxanasına çevrilib. Çinin ümumi daxili məhsulu təxminən 9 trilyon dollar təşkil edir. Bu demək olar ki, keçmiş super dövlətin (təxminən 2 trilyon dollar) iqtisadi göstəricisindən beş dəfə çoxdur. Bu əməkdaşlıq, əlbəttə ki, bərabərhüquqlu adlandıra bilməz. Hazırkı vəziyyətdə Moskva Pekinə daha çox ehtiyac duyur. Rusiya müəssisələri “Qazprom” və “Rosneft” kimi energetika nəhəngləri istisna olmaqla demək olar ki, Çində işləmirlər. Hələlik Çin investisiyalarının Rusiyaya böyük axını yoxdur. Rusiyada risklər çox böyükdür, bürokratiya və korrupsiya kimi problemlər var, Qərbin sanksiyaları qüvvədədir.

Türkiyə: Putin və Ərdoğan bir-birindən dəstəkləri axtarırlar

Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir-birini yaxşı anlayırlar. İki ölkə 2000-ci ildə Koordinasiya Şurasını yaradıb. Liderlər il ərzində ən azı bir dəfə görüşürlər.

Rusiya və Türkiyə arasındakı münasibətlərdə konkret maraqlardan söhbət gedir. Rusiya Türkiyə üçün enerjidaşıyıcıların ən böyük təchizatçısıdır. Türkiyə təbii qaza olan tələbatın təxminən 60 faizini Rusiya hesabına ödəyir. Beləliklə, Türkiyə “Qazprom” dövlət konserninin ikinci ən böyük alıcısıdır. Ötən ilin dekabrında Putin Ankara səfərində Türkiyə üzərindən Avropaya inşası nəzərdə tutulan “Türk axını” qaz kəməri layihəsini elan etdi. Layihənin icrasından sonra isə “Qazprom”un Türkiyə bazarında payı 70 faizə qədər artacaq.

“Rosatom” Rusiya dövlət korporasiyası hazırda Aralıq dənizinin sahilində Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyunu tikir. “Rosatom” bundan başqa, sözügedən atom elektrik stansiyasının operatoru olacaq. İki ölkə valyuta məsələlərində də bir-birinə kömək edirlər: böyük ikitərəfli layihələr dollar və avro ilə deyil, lirə və rublla maliyyələşdirilir.

Keçən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin həcmi təxminən 35 milyard dollar təşkil edib. Beləliklə, Türkiyə Almaniyadan sonra Rusiyanın ikinci ən böyük ticarət partnyoru olub. Putin və Ərdoğan 2020-ci ilə kimi iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara qədər artırılmasını hədəf olaraq müəyyən edib. Türkiyə Avropa Birliyinin üzvü deyil və buna görə də Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları dəstəkləmir. Nəticədə ötən il Türkiyə Rusiyaya balıq və quş ətinin ixracını beş dəfə artıra bilib.

Hərçənd Rusiya və Türkiyə Orta Asiya, Yaxın Şərq və Balkanlar kimi regionlarda ənənəvi rəqiblərdir. Geostrateji məsələlərdə əhəmiyyətli ziddiyyətlər olmasaydı, iki ölkə arasında yaxınlaşma daha sürətlə baş verərdi. Ankara və Moskvanın Suriya məsələsində mövqeyi diametral ziddiyyətlidir. Ərdoğan lap əvvəldən Suriyada Bəşər Əsəd rejiminin devirilməsini istəyib, Putin isə Dəməşqin ən yaxın müttəfiqidir. Krım daha bir mübahisəli məsələdir. Türkiyə özünü Krım tatarlarının himayəçisi hesab edir. Bundan başqa, Ankara Qara dənizdə Rusiyanın artan təsirindən narahatdır. Kosovo və Kipr məsələlərində də bu ölkələr arasında razılıqlar yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm