Erməni ailəsini məhv edən Permyakova qarşı ittiham sərtləşdirildi
Bizi izləyin

Dünya

Erməni ailəsini məhv edən Permyakova qarşı ittiham sərtləşdirildi

Rusiyanın İstintaq Komitəsi Ermənistanın Gümrü şəhərində bir erməni ailəsini yox edən rusiyalı hərbi qulluqçu Valeri Permyakova daha əvvəl təqdim etdiyi ittihamı sərtləşdirib.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, İstintaq Komitəsi Rusiyanın Gümrü hərbi bazasının keçmiş hərbçisi Permyakovun ömürlük həbsə məhkum olunmasını istəyib.

Dünən Gümrü bazasındakı 5-ci qarnizonun hərbi məhkəməsi Permyakovun həbs müddətini uzadıb. Keçmiş hərbçiyə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndləri üzrə ittiham (iki və daha çox şəxsin qətli, azyaşlının və köməksiz vəziyyətdə olan şəxslərin qətli) irəli sürülüb. Hər iki bənd ömürlük həbsi nəzərdə tutur. Bundan başqa, Valeri Permyakov qeyri-qanuni silah satışında və oğurluğunda ittiham olunur.

İttihamın yeni versiyası hərbi qulluqçunun azyaşlı uşaqlar daxil olmaqla ailənin 7 üzvünün qətlinin bilavasitə icraçısı olmasının sübutundan sonra ortaya çıxıb. Belə ki, yeni ittihamın irəli sürülməsi məhkəmə-bioloji ekspertizanın tamamlanmasından sonra mümkün olub. İstintaqçılar belə qənaətə gəliblər ki, Permyakovun cinayət yerində qalan ayaqqabısı və formasında aşkarlanan bioloji izlər onun qan qrupuna uyğundur.

Xatırladaq, hadisə 12 yanvar 2015-ci ildə Gümrü şəhərində baş verib. Ekspertiza müəyyən edib ki, ailənin 7 üzvü “Kalaşnikov” avtomatından güllələnib. Permyakov qətldən bir neçə saat sonra Rusiya sərhədçiləri tərəfindən Türkiyə ilə sərhəddə saxlanılıb. Onun Rusiya hərbi bazasında mühakimə olunması ilə bağlı Ermənistanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilsə də, bu Moskvanın qərarını dəyişdirməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm