Rus analitik: “Bu, Kremlin siyasi iflası halında mümkün olar”
Bizi izləyin

Dünya

Rus analitik: “Bu, Kremlin siyasi iflası halında mümkün olar”

“Görünür, Avropada dəhşət gerçəkləşir. Ukrayna iflasın kandarındadır. Siyasi və iqtisadi islahatlar tələb etmədən Ukraynaya kömək göstərmək təhlükəlidir”.

Publika.az xəbər verir ki, bu barədə Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin ABŞ-ın “National Interest” nəşrində dərc edilmiş məqaləsində yazıb.

“İkinci Minsk razılaşması sülh müqaviləsi deyildi. Bu yalnız atəşin dayandırılması haqqında saziş idi və həm də olduqca kövrəkdir. Genişmiqyaslı döyüş əməliyyatlarının dayandırılmasından başqa onun müddəalarını çətin ki, tam şəkildə reallaşdırmaq mümkün olsun. Kiyev Donbas hövzəsinin bərpası üçün pul ödəyə bilməyəcək və üsyançıların rəhbərləri ilə danışıqlar aparmayacaq. İqtisadi əlaqələr bərpa olunmayıb, insanlar arasında əlaqələr məhdudlaşdırılıb.

Donbas hövzəsinin Ukraynanın tərkibinə reinteqrasiyası yalnız o halda Kiyev üçün münasib olacaq ki, üsyançı güclər faktiki olaraq təslim olsun və onların inzibati strukturları ləğv edilsin. Bu isə Ukraynaya Rusiya ilə Donetsk və Luqansk vilayətlərini bağlayan sərhəd üzərində nəzarəti bərpa etməyə imkan verəcək. Bu Kiyevin hərbi qələbəsi və yaxud da Kremlin siyasi iflası halında mümkün olar”, - mərkəzin direktoru bildirib.

Amma onun sözlərinə görə, indiki halda nə birinci, nə də ikinci variant real deyil. Münaqişənin hazırda dondurulduğunu qeyd edən Dmitri Trenin bütün diqqətlərin Kiyevə yönəldiyini vurğulayıb: “Oliqarx İqor Kolomoyski ticarət aktivlərini saxlamağa çalışır, baş nazir Arseniy Yasenyuk siyasi opponentlər tərəfindən tənqid edilir, sabiq baş nazir Yuliya Timoşenko hakimiyyətdə öz payına iddia edir. Meydan 2014-cü ildə Ukraynanın oliqarxiya siyasi-iqtisadi sistemindən başqa hər şeyi dəyişdi. Bəli, Viktor Yanukoviç artıq yoxdur, amma bu sistem onun gedişindən sonra daha da gücləndi”.

Analitik hesab edir ki, Rusiya münaqişənin gərginləşməsinə cəhd etməyəcək. Amma o, proqnozlaşdırır ki, Ukrayna siyasətçiləri 2008-ci ildə Gürcüstan prezidenti Mixail Saakaşvili kimi Cənubi Osetiyaya hücumla bağlı qərarını təkrarlaya bilər: “Saakaşvili Cənubi Osetiyaya hücum edəndə tam əmin idi ki, ABŞ onun köməyinə tələsəcəcək. Ukrayna siyasətçilərinin də belə bir planlarının olması istisna edilmir. Amma Kiyevin bu qərarı Gürcüstanda olduğundan daha ciddi nəticələr doğura bilər. Əgər Ukraynada qeyri-sabitliyin yeni mərhələsi başlanarsa, bu uzun müddət davam edəcək və ABŞ da daxil olmaqla Qərbdə iyrənc nəticələrə gətirib çıxara bilər. Bu gün hər şeydən əvvəl lazımdır ki, Qərb Kiyevdən iqtisadi və siyasi islahatların keçirilməsini israrla tələb etsin. Mariupol hazırda ən böyük təhlükə deyil, Ukraynanın özünün tam müvəffəqiyyətsizliyi ən böyük təhlükədir və bunun qarşısını almaq lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm