• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qazaxıstan Rusiya məhsullarına müharibə elan etdi

  • Dünya
  • 13 Aprel 2015 14:41
  • 504 Baxış
Qazaxıstan Rusiya məhsullarına müharibə elan etdi

Astana Rusiyanın neft məhsullarına tətbiq olunan embarqonun ardınca ticarət şəbəkələrində bu ölkənin digər məhsullarına qarşı da müharibə elan edib.

Publika.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, yerli istehsalçıların biznesini təhlükə altına alan Rusiyanın şirniyyat, yağ və ət məhsulları müsadirə edilir. Tezliklə embarqonun Rusiyadan gətirilən meyvə şirələri, yumurta, makaron və una da tətbiq ediləcəyi bildirilir. Ən ciddi zərbənin isə Rusiyanın süd məhsulları istehsalçılarına dəyə biləcəyi ehtimal olunur. Belə ki, Qazaxıstan Rusiyanın süd məhsulları istehsalçıları üçün böyük bazar hesab olunur.

Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin istehlakçıların hüquqlarının müdafiəsi üzrə komitəsi martın 31-də Rusiyadan idxal olunan 5 min ton quşçuluq və süd məhsullarında bağırsaq çubuğu bakteriyalarını aşkar edib. Nəhayət, “Qırmızı oktyabr” fabrikinin “Alyonka” şokoladları da daxil olmaqla, şirniyyat məmulatlarının istehsalında pozuntular aşkarlanıb.

Süd İstehsalçıları Milli İttifaqının başçısı Andrey Danilenko Qazaxıstanın Rusiyanın süd məhsulları istehsalçıları üçün böyük bazar olduğunu qeyd edib. O, Astananın qadağalarını süni məhdudiyyətlər hesab edir. Amma Rusiya tərəfi hesab edir ki, şirniyyat məhsulları istehsalçılarına Astananın qadağası ciddi təsir etməyəcək.

“Kommersant”ın yazdığına görə, Qazaxıstan Sahibkarlarının Milli Palatası hələ yanvarın sonunda rublun devalvasiyasının milli iqtisadiyyat üçün nəticələrini analiz edib. Vəziyyəti düzəltmək üçün rusiyalı həmkarlarla danışıqlar isə nəticə verməyib. Və bundan sonra daxili bazarı qorumaq üçün “Onişşenko yolu” (Rusiya İstehlaka Nəzarət Xidmətinin (“Rospotrebnadzor”) keçmiş rəhbər Gennadi Onişşenko nəzərdə tutulur) üzrə getmək barədə qərar qəbul edilib.

Qeyd edək ki, Rusiyanın keçmiş post-sovet respublikalarına qarşı təzyiqlərində “Onişşenko yolu” uğurlu taktika hesab olunur. Məsələn, Rusiya İstehlaka Nəzarət Xidmətinin rəhbəri Gennadi Onişşenko hələ 2013-cü ilin yayında Ukraynanın “Roshen” korporasiyasının istehsal etdiyi südlü şokoladın tərkibində kanserogen xassəli benzapiren “tapıb”. “İnsanların sağlamlığına zərər verən” maddələr həmçinin Latviya və Litvanın süd məhsulları, həmçinin Moldovanın şərab məhsullarında “aşkarlanıb”.

Deməli, Rusiyanın rəqiblərinə qarşı uğurla sınaqdan çıxardığı “Onişşenko yolu” hazırda ona qarşı tətbiq olunur.

“Kommersant” bildirir ki, Rusiyanın ucuz məhsullarına məhdudiyyətlərin tətbiq edilməsi barədə ilk qərar hələ 6 fevral 2015-ci ildə qəbul edilib. Bu cür məhdudiyyətlərin daxil edilməsini isə Rusiya istehsalçıları ilə rəqabət aparmaqda çətinlik çəkən yerli biznesin nümayəndələri tələb ediblər. Martın 3-dən isə Rusiya neft məhsullarının idxalına məhdudiyyətlər tətbiq edilib. Qazaxıstan bazarından məhrum edilməsi gözlənilən digər Rusiya məhsulları isə avtomobillər, akkumulyatorlar, inşaat armaturu və kabel-keçirici məhsullardır.

Spirtli içkilərin istehsalçıları heç şübhəsiz ki, Qazaxıstanın qadağalarından ən çox zərər görənlər sırasında olacaq. Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin istehlakçıların hüquqlarının müdafiəsi üzrə komitəsindən verilən məlumata görə, “Talka”, “İmperiya”, “Vəhşi qaz”, “Yaşıl marka”, və “Səfir” araqları, həmçinin “Jiquli” pivəsi “qida təhlükəsizliyi tələblərinə cavab verməyib”.

“Rospotrebnadzor” isə cavab olaraq Qazaxstan yemişləri və bəzi süd məhsullarında “qida təhlükəsizliyi tələbləri”in pozuntusunu “aşkarlayıb”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR