Avropa Birliyi “Google”ni 6 milyard dollar ziyana sala bilər
Bizi izləyin

Dünya

Avropa Birliyi “Google”ni 6 milyard dollar ziyana sala bilər

Avropa Birliyinin anti-inhisar qurumu Amerikanın “Google Inc” internet korporasiyasına qarşı rəsmi ittiham irəli sürməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “The Wall Street Journal” nəşri bildirib.

İnternet korporasiyası anti-inhisar qanunvericiliyini pozmaqda ittiham olunur. Mənbənin sözlərinə görə, iddianın irəli sürülməsi haqqında qərar dünən qəbul edilib. Qərar Avropa Birliyinin rəqabət məsələləri üzrə komissarı Marqreta Vestaqer və Avropa Komissiyasının prezidenti Jan Klod Yunker ilə uyğunlaşdırılıb.

Avropa Birliyinin anti-inhisar qurumunun beşillik araşdırmaları göstərib ki, “Google Inc” sistemi rəqiblərini sıxışdıraraq şəxsi xidmətlərini istifadəçilərinə tez-tez yönləndirib. “Google Inc” bu siyasətin nəticəsi olaraq 6 milyard dollardan yuxarı cərimə oluna bilər.

Qeyd edək ki, Rusiyada da yaxın vaxtlarda “Google” axtarış sisteminə qarşı anti-inhisar qanunvericiliyinin pozulması ilə əlaqədar iddia irəli sürülüb.

Qeyd edək ki, “Google Inc” internet korporasiyası dünyada populyarlığına görə birinci olan “Google” axtarış sisteminin sahibidir. “ComScore” analitik şirkətinin statistikasına görə, 2013-cü ilin yekunlarına əsasən “Google” dünya axtarış bazarının 62,8 faizinə nəzarət edir. İnternet axtarış sistemindən başqa korporasiya dünyada ən məşhur “YouTube” video-hostinqinə, “Gmail” poçt servisinə və “Google+” sosial şəbəkəsinə də sahibdir.

Həmçinin mobil qurğular üçün nəzərdə tutulmuş ОС Android sisteminin də yaradıcısı olan “Google” kompaniyasının aksiyaları NASDAQ fond birjasında təmsil olunur. Onun kapitallaşması 346,4 milyard dollar həcmində qiymətləndirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm