70 min erməni Türkiyədən çıxarılsa... – AKP-çi deputat PUBLİKA.AZ-A DANIŞDI
Bizi izləyin

Dünya

70 min erməni Türkiyədən çıxarılsa... – AKP-çi deputat PUBLİKA.AZ-A DANIŞDI

Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı Avropa Parlamentində (AP) qondarma erməni soyqırımı ilə əlaqədar aprelin 15-də qəbul edilmiş qətnaməyə münasibət bildirib.

AKP-çi deputat Publika.az-a açıqlamasında deyib ki, Roma Papasının qondarma erməni soyqırımı ifadəsini ilk işlədənlərdən biri olması böyük təəssüf doğurur. Onun sözlərinə görə, Roma Papası bir din adamı olaraq keçmişdə olan hadisələri şişirdərək danışmaq əvəzinə, dinlərarası dialoqu və sülhü təbliğ edən çağırışlar etməli idi: “Tarixdə olan hadisələrlə bağlı siyasətçilər deyil, hüquqşünaslar və tarixçilər danışmalıdır. Tarixçilər də konkret faktlara və dəlillərə əsaslanıb fikir söyləməlidir. Bu cür məsələlərlə bağlı parlamentlər və digər siyasi qurumların hər hansı addım atması doğru deyil. Türkiyə dövləti 1915-ci ildə baş vermiş hadisələrlə bağı arxivləri açmağa və dünyaya nümayiş etdirməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bununla bağlı əllərində faktları olan Rusiya, İran, Fransa, Almaniya və digər dövlətlər həmin tarixi materialları dünyaya açıb göstərməlidir və məsələnin araşdırılması işini tarixçilərin öhdəsinə buraxmalıdır”.

M.Kabaqçı qeyd edib ki, Avropa Parlamenti əvvəllər olduğu kimi, indi də xristian həmrəyliyi siyasətinə sadiq qalaraq qondarma erməni soyqırımı ilə bağlı siyasi qərar qəbul edib: “Ancaq bu qətiyyən doğru hərəkət deyil. Avropa Parlamentinin qəbul etdiyi “qərar” boş kağızdan başqa bir şey deyil. Bunun hüquqi əsası yoxdur. Türkiyə dövləti də əsla bunu tanımaq niyyətində belə olmayacaq. Çünki bu cür qərar verməyə Avropa Parlamentinin heç bir hüququ və ixtiyarı yoxdur. Avropa Parlamenti siyasi təşkilatdır və gedib siyasi fəaliyyətlə məşğul olsun. Onun tarixi qərar verməyə haqqı çatmır. Digər tərəfdən isə dünya xristianlarının təmsilçisi olan Roma Papasının “erməni soyqırımı” ifadəsini dilə gətirməsi həm dünyada, həm də Türkiyədə olan xristian əhalisini üzüb. Çünki din adamları hamıdan öncə bu cür məsələləri tarixçilərin araşdırmasına buraxmalıdır. Din adamlarının dünyada sülhün tərəfdarı olması kimi əsas vəzifələri var. Roma Papasının bu cür addımı isə dünyaya dini ədavəti və millətlərarası nifaqı gücləndirməyə xidmət edir. Halbuki dinin əsas vəzifəsi odur ki, dünyada sülhə və sabitliyə tərəfdar olsun”.

AKP-çi deputat Ermənistan hökumətinə də mühüm xəbərdarlıq edib: “Hazırda Türkiyədə ölkə vətəndaşlığını qəbul edən kifayət qədər erməni var. Bunlar Türkiyə vətəndaşıdır və onlara qarşı hər hansı təzyiq və sairə edilməsi müzakirə mövzusu ola bilməz. Ancaq Ermənistandan minlərlə insan iş tapmaq və çalışıb pul qazanmaq üçün Türkiyəyə gəlib. Bildiyim qədər, hazırda Türkiyədə 70 minə qədər erməni əcnəbi çalışır. Bu kiçik rəqəm deyil. Həmin ermənilər Türkiyədən çıxarılarsa, o zaman Ermənistan onlara sahib çıxa bilərmi?

Türkiyə dövlətinin belə bir humanist davranışı var. Dövlətimiz bura çörək qazanmaq və dolanmaq üçün üz tutan əcnəbilərə humanist siyasət yürüdərək müəyyən güzəştlər edir. Ancaq bundan sonra Türkiyə bizə düşmənçilik edən həm Ermənistana, həm də dünya ictimaiyyətinə qarşı qanun çərçivəsində mümkün olan bütün addımları atacaq. Türkiyədə hər kəsə qanunun tələbi olan bütün addımlar atılacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm