“Ukraynanın parçalanması gündəmə gəlsə…” - Politoloqun tövsiyəsi
Bizi izləyin

Dünya

“Ukraynanın parçalanması gündəmə gəlsə…” - Politoloqun tövsiyəsi

2004-cü il Konstitusiyası bərpa olunacaq. Bütün bunlar isə şübhəsiz ki, prezident Viktor Yanukoviçin mövqelərini zəiflədəcək.

Ukrayna müxalifəti ilə hakimiyyət arasında bir sıra məsələlərdə razılaşma əldə olunmasına baxmayaraq, ölkənin bütövlüyünə təhdid hələ də ortadan qalxmayıb. Əldə olunan razılaşmaya görə, vaxtından əvvəl prezident seçkiləri keçiriləcək və 2004-cü il Konstitusiyası bərpa olunacaq. Bütün bunlar isə şübhəsiz ki, prezident Viktor Yanukoviçin mövqelərini zəiflədəcək.

Təbii ki, Yanukoviçin mövqeyinin zəiflədilməsi Ukraynanın Avropa İttifaqı ilə assosiativ sazişdən imtina etməsindən sonra bu ölkə uğrunda qalib tərəf hesab olunan Rusiyaya heç bir halda sərf etmir. Ekspertlərin fikrincə, Ukraynada sabitlik asanlıqla təmin olunmayacaq. Buna səbəb isə Ukraynada kifayət qədər təsir rıçaqlarına malik olan Rusiyanın geri çəkilmək istəməməsidir. Rusiyanın Ukraynada ən təsirli rıçağının isə Krim olduğu bildirilir. Dünən Kiyevdə qanlı toqquşmaların davam etdiyi bir vaxtda Krımda baş verənlər də göstərdi ki, Rusiya Qərbə Krım kartından istifadə edə biləcəyi mesajı verir.

Dünən Krımda yollar “Avromaydan hərəkatı” əleyhinə şüarlarla dolu idi. Bu şüar lövhələrini yazdıranlar isə maliyyə mənbələri gizli saxlanılan qeyri-hökumət təşkilatlarıdır. Şüarlarda “Stop Maydan”, “Krım sabitlik tərəfdarıdır”, “Ekstremizmə yox” kimi tələblər səsləndirilirdi. Krımdakı rusiyameylli qurumların çoxu açıq şəkildə bildirirlər ki, prezident Viktor Yanukoviç onların “faşist” adlandırdıqları müxalifətə güzəştlərə getsə, “Krımın muxtariyyətini müdafiə” edəcəklər.

Özünü Xalq Cəbhəsi adlandıran rusiyayönümlü təşkilatın rəhbəri Valeri Podyaçi Ukraynanın öz borclarının əvəzinə Krımı uzun müddətə Moskvaya icarəyə verməsini təklif edib. “Məncə, Ukrayna müstəqil dövlət kimi 99 il yaşamayacaq. Rusiya qalacaq. Hər şey bir yana, Rusiya ABŞ, Çin, Avropa İttifaqı kimi dünya oyunçusudur. Ona görə şübhəsiz ki, Rusiya mövcud olacaq. Amma Ukrayna qalacaqmı? Ona görə prinsipcə, Krımın icarəyə verilməsi hamını qane etməlidir”, - o söyləyib.

Publika.Az –a açıqlamasında Psixoportetologiya və Siyasi Analiz Mərkəzinin sədri, Avrasiya İnstitutunun Ekspertlər şurasının üzvü Adıgözəl Məmmədov Krımın Rusiyaya verilməsi məsələsinin əsasında strateji proyektlərin dayandığını bildirib.

Ekspert Ukraynada həm ictimaiyyət, həm də siyasi qüvvələr nisbətində parçalanmanın baş verdiyini söyləyib:

“Bu parçalanmanın əsasında bir neçə fakt dayanır. Ukrayna çox konfessiyalı dövlətdir. Ölkədə həm katolik, həm də provaslav əsaslı ictimai şüur formalaşıb. Bu fərqliliyin nəticəsidir ki, Ukraynada bu cür ziddiyyətlər formalaşıb. Regionda marağı olan Avropa və digər dünya gücləri bu alətlər vasitəsilə öz geosiyasi maraqlarını həyata keçirməyə çalışırlar. Amma Krım məsələsi burada çox xüsusidir. Krım tarix keçmişinə görə türk torpağıdır. Türkiyə bu məsələdə qətiyyən kənarda qalmamalıdır. Əgər Ukraynanın parçalanması məsələsini gündəmə gələrsə, nəinki Türkiyə, bütün türk coğrafiyası Krım məsələsində öz mövqeyini bildirməlidir. Amma məsələ göründüyü qədər də asan deyil. Hesab edirəm ki, region dövlətləri arasında bu barədə həm açıq, həm də qapalı fikir mübadiləsi aparılır”.

Torpaqlarının 20 faizinin işğal edildiyi bir ölkənin vətəndaşı olaraq Ukraynanın parçalanmasını arzulamadığını deyən A.Məmmədov bununla belə hesab edir ki, geosiyasi qarşıdurma və ziddiyyətlər Ukraynanı parçalanmaya doğru sürükləyəcəyi halda slavyan və türk kimliyi regionda öz sözünü deməlidir:

“Slavyan və türk kimliyinin qərarı olmadan regionda heç bir dəyişiklik ola bilməz. Krım çox mücərrəd məsələdir. Onu da anlamaq lazımdır ki, Krım məsələsi yalnız orada yaşayanları maraqlandırmır. Tarix baxımdan slavyanlar nə qədər Krımla bağlıdırsa, bir o qədər türk coğrafiyası da Krımla bağlıdır. Krımda hazırda Rusiyanın hərbi qüvvəsi var. Bu faktdır ki, Moskvanın Krımın Rusiyaya qatılması istiqamətində təsir imkanları regionda marağı olan digər aktorlardan daha çoxdur. Demoqrafik baxımdan da ruslar Krımda üstünlük təşkil edir”.

Ömər, Odər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm