Bjezinski: “O ya qorxaq, ya qərarsız, ya da yalançıdır”
Bizi izləyin

Dünya

Bjezinski: “O ya qorxaq, ya qərarsız, ya da yalançıdır”

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bjezinskinin «Deutsche Welle»yə müsahibəsi

- Ukraynada vəziyyət qeyri-sabitdir və son bir neçə gün ərzində zorakılıq daha da artıb. Sizcə, ölkədə açıq vətəndaş müharibəsi olması ehtimalı varmı?

- Məncə, Ukrayna həqiqətən də bu ehtimalla üz-üzədir. Lakin hələ də problemlərin kompromisə getmək yolu ilə həll edilə biləcəyinə inanıram. Əlbəttə ki bu, Avropanın sağlam mövqe tutması, Yanukoviçin xoşniyyətli danışıqlara başlaması, Putinin məsələnin kompromis yolu ilə həllinin Rusiyanın da xeyrinə olduğunu başa düşməsi şərtilə baş tuta bilər. Lakin bu üç şərtin hamısının yerinə yetiriləcəyinə əmin deyiləm. Getdikcə daha da aydın olur ki, Yanukoviç qətiyyən etibarlı adam deyil.

- Yanukoviçin iğtişaşlar başlayandan bu günə qədər tutduğu mövqe barədə nə düşünürsünüz? Sizcə, o, vəzifədə qala bilər?

- Bu, getdikcə daha da şübhə altına düşür. Əvvəlcə, onun heç olmasa bir müddətlik, vəziyyət sakitləşənə qədər vəzifədə qalması barədə razılıq nəzərdə tutula bilərdi. Sonra da daha az səlahiyyətləri olan prezident üçün seçki keçirilərdi. Görünür o, ya qorxaq, ya qərarsız, ya da yalançıdır.

- İndi o, sadəcə geri çəkilməklə vəziyyəti sakitləşdirə bilməz?

- Əlbəttə bu, kömək edər. Lakin düşünürəm ki, onu narahat edən təkcə öz prezident statusu deyil. O vəzifəyə gələndən sonra özünün və oğlunun qazandığı sərvətə görə də narahatdır.

- Rusiyanın, şəxsən Putinin istefa verməsi üçün Yanukoviçə təzyiq edəcəyinə ümid edirsiniz?

- Məncə, bu, çox sağlam əməkdaşlıq olardı. Bu, Putinə dolayı yolla onu əvəz edəcək şəxsə təsir etmək imkanı verərdi. Yəqin ki indiki mərhələdə məsul müxalif qüvvələrin hamısı anti-rus mövqe tutmayıb. Lakin Rusiyanın açıq himayəsi altında baş tutan bu hadisələr çox güman ki ukraynalıları radikal anti-rus millətçilərə çevirəcək.

- Bu yaxınlarda qarşılıqlı razılıq əldə edə bilmədiyinə görə ABŞ-ın tənqidinə tuş gələn Aİ barədə nə düşünürsünüz?

- Mən Aİ-nin fəal iştirakına görə şadam. Aİ-nin qabaqcıl ölkələrinin xarici işlər nazirləri hazırda Kiyevdədirlər. Lakin məsələ ondadır ki, Aİ-nin, xüsusilə də Almaniyanın fikri ciddi olsaydı, ortaya bir az pul qoyardı. Demokratiya və uzunmüddətli əməkdaşlıqdan danışmaq olduqca asandır. Lakin fakt odur ki, Ukraynada vəziyyəti sabitləşdirmək üçün pul da lazımdır. İcazə verin, fikrimi izah edim. Əgər konstruktiv bir həll istəyiriksə, bu, kompromisə əsaslanmalıdır. Düşünürəm ki, Ukrayna konstruktiv kompromis kontekstində daxili və xarici siyasəti hardasa Finlandiyaya yaxın olan bir ölkəyə çevriləcək.

- Bu böhranda Almaniyanın rolunu qeyd etdiniz. Berlinin indiyə qədərki mövqeyini necə qiymətləndirirsiniz?

- Almaniyanın iştirakını müsbət hesab edirəm. Məncə, Almaniya ortaya biraz pul qoymalıdır. Hazırki vəziyyətdə Aİ ciddi maliyyə ayırmadığı təqdirdə, Qərbin, habelə Rusiyanın xeyrinə olan məqbul və konstruktiv bir razılığa gəlmək mümkün deyil. Almaniya isə faktiki olaraq, Aİ-nin iqtisadi vəziyyəti ən yaxşı olan firavan ölkəsidir. /EUNews.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm