Yanukoviç axtarışa verildi
Bizi izləyin

Dünya

Yanukoviç axtarışa verildi

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun komnadasında olmuş bir sıra vəzifəli şəxslər barədə axtarış elan edilib. Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Arsen Avakov bildirib.

Qeyd edək ki, A.Avakov “Batkıvşina” fraksiyasından olan deputatdır.

Ukrayna mətbuatı yazır ki, hazırda V.Yanukoviç və hakimiyyət üzvlərini axıtdıqları vətəndaş qanına görə məsuliyyət gözləyir. Ukraynada insan haqlarının pozulması üzrə ictimai komissiya keçmiş prezident başda olmaqla 25 yüksək vəzifəli dövlət məmurunu xalqa qarşı güc işlətməkdə məsul şəxs elan edib. İctimai komissiyadan bildirilib ki, siyahı Avropa İttifaqının tövsiyəsi əsasında hazırlanıb. Siyahıdakı şəxslərin hər birinə xüsusi sanksiyalar tətbiq ediləcək.

V.Yanukoviçin rəhbərlik etdiyi siyahıda prezident adminstrasiyasının rəhbəri Andrey Kluçev, baş nazir əvəzi Sergey Arbuzov, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko, keçmiş baş prokuror Viktor Pşonka, prezident administrasiyası rəhbərinin müavini Andrey Portnov, ədliyyə naziri Yelena Likaş, baş nazirin müavini Yuri Boyko, xarici işlər naziri Leonid Kojara, parlamentin sədri Vladimir Rıbak, sabiq baş nazir Nikolay Azarov, Kiyev Şəhər Dövlət Administrasiyasının sədri Aleksandr Popov , Kiyev Daxili İşlər İdarəsinin rəhbəri Valeriy Koyak və digər yüksək rütbəli güc strukturları təmsilçilərinin adı var.

Müxalifət təmsilçiləri isə artıq siyahının genişlənəcəyinin, sənəddə adı keçən şəxslərin avromaydan qatilləri kimi istintaqa cəlb ediləcəyinin anonsunu verib. Müxalifət liderləri bildirib ki, Ukraynanın keçmiş rəhbərləri xalqa qarşı törətdikləri cinayətlərə görə mütləq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

Xatırladaq ki, V.Yanukoviçin Xarkovda saxlanılaraq Kiyevə gətirilməsi xəbəri yayılsa da, bu xəbər təsdiqlənməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm