• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Təcili 35 milyard dollar tələb olunur- İnqilabın qiyməti

  • Dünya
  • 25 Fevral 2014 12:55
  • 1 377 Baxış
Təcili 35 milyard dollar tələb olunur- İnqilabın qiyməti

Ukrayna Maliyyə Nazirliyi 35 milyard dollar maliyyə yardımı üçün Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət edəcək.Publika.Az –ın “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, maliyyə naziri Yuri Kolobov ölkənin 2015-ci ilə qədər 35 milyard dollar yardıma ehtiyacının olacağını deyib.

Ukraynaya kimlərin yardım edəcəyi hələlik məlum deyil. Y.Kolobov bildirib ki, Ukrayna “donor konfransı”nın keçirilməsi ilə bağlı partnyorlara təklif verəcək. Konfransa Aİ, BVF və digər maliyyə təşkilatları, ABŞ və digər dövlətlərin dəvət edilməsi nəzərdə tutulub. Y.Kolobovun açıqlamasında Rusiyanın adı çəkilməyib. Nazir hesab edir ki, kreditorların pulu iqtisadi və siyasi islahatların keçirilməsinə, həmçinin Aİ ilə assosiasiya haqqında razılaşmanın imzalanması üçün münbit şəraitin yaradılmasına xərclənəcək.

Y.Kolobov həmçinin qeyd edib ki, iki həftə ərzində ABŞ və Polşadan kreditlər alına bilər. Lakin Polşa xarici işlər naziri Radoslav Sikorski ciddi makroiqtisadi yardımın Ukrayna hakimiyyətinin BVF ilə razılaşma əldə etməsindən sonra ediləcəyini söyləyib. Avropa Komissiyasının nümayəndəsi isə yardımın verilməsi üçün müxtəlif formatların öyrənildiyini, ancaq əsas şərtin iqtisadi islahatlar olduğunu deyib.

Ukrayna KİV-nin məlumatına görə, Aİ və ABŞ Ukraynaya maliyyə yardımının göstərilməsini nəzərdə tutan qısamüddətli paket üzərində işləyir. Bu paketdə iqtisadi və siyasi islahatların keçirilməsinin şərt olmayacağını bildirilir. ABŞ Dövlət Departamentinin sözcüsü Jen Psaki da bildirib ki, hökumətin formalaşmasından sonra Ukraynaya iqtisadi yardımın göstərilməsi ilə bağlı qərar qəbul oluna bilər.

Aİ da defoltdan qaçmaq üçün Ukraynanın yeni hökumətinə 20 milyard avro ayırmağa hazır olduğunu bildirib. Bunu Avroparlamentin xarici işlər komitəsini sədri Elmar Brok Ukraynanın “1+1” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, vəsait islahatların həyata keçirilməsinə yönəldilməlidir. Aİ rəsmisi təşkilatın yeni hakimiyyəti dəstəklədiyini söyləyib və insanları defoltdan qorxmamağa çağırıb. “Bu,Ukraynanın assosiativ üzvlük sənədini imzalaması üçün daha məqbul iqtisadi şərtlərin yaradılmasını təmin edəcək”, - deyə Aİ rəsmisi söyləyib.

Hesablamalara görə, Ukraynanın bu il ən azı 20 milyard dollar yardıma ehtiyacı var. “Ölkənin keçən ilin dekabrında 20,4 milyard dollar olan valyuta ehtiyatları hazırda 17,8 milyard dollara qədər azalıb. İlin sonuna qədər beynəlxalq maliyyə yardımları olmasa, valyuta ehtiyatları 10 milyard dollar qədər azala bilər”,- “Barclays”ın analitikləri xəbərdarlıq edirlər. Özəl sektor da nəzərə alınmaqla Ukraynanın xarici borcu təxminən 137 milyard dollardır.

“Dövlət xəzinəsi oğurlanıb, ölkə müflis həddinə çatdırılıb”, - dünən “Batkivşina” parlament fraksiyasının lideri Arseni Yasenyuk bildirib. Ukraynada prezident səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Turçinov isə dünya iqtisadiyyatında yüksəlişin müşahidə edilməsi fonunda Ukrayna iqtisadiyyatının uçuruma yaxınlaşdığını və defolt vəziyyəti ərəfəsində olduğunu bəyan edib.

“Yeni hökümətin qarşısında duran əsas məsələ ölkənin uçuruma düşməsinin qarşısını almaq, valyuta kursunu sabitləşdirmək, maaş, təqaüdçülərə və tələbələrə təqaüdlərin vaxtı-vaxtında ödənilməsidir. Dövlət xəzinəsinin boşdur”, - Turçinov söyləyib.

Rusiyanın Kiyevə söz verdiyi maliyyə yardımına gəlincə, baş nazir Dmitri Medvedev yeni hökumətin formalaşmasını gözləməyin lazım olduğunu deyib. İnsanların qara maskalar və “Kalaşnikov” avtomatları ilə küçələrdə gəzidiyini deyən D.Medvedyev “belə hökumətlə işləmək bizim üçün çətin olacaq” söyləyib. Medvedevin fikrincə, yalnız qanunlara və Ukrayna Konstitusiyasına əsaslanan hakimiyyətin yaranmasından sonra normal münasibətlərdən danışmaq olar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR