Xamneyiyə tənqidi məktub yazdı, döyüldü
Bizi izləyin

Dünya

Xamneyiyə tənqidi məktub yazdı, döyüldü

Xamneyiyə tənqidi məktub yazdı, döyüldü

İranın dini lideri ayətullah Əli Xamneyiyə açıq məktublar yazıb onun yürütdüyü siyasəti və ölkədəki durumu tənqid edən tanınmış jurnalist və kinorejissor Məhəmməd Nurizad döyülüb.

2009-cu ilə qədər Xamneyinin ən yaxın dostlarından və qatı tərəfdarlarından olan Nurizad həmin ilin iyununda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlarda dini rəhbərə açıq məktub yazaraq zorakılığı pislədikdən sonra dəfələrlə həbsə salınıb, işgəncəyə məruz qoyulub.

Tehran məhkəməsi onu hakimiyyətə qarşı təbliğat aparmaqda və dini rəhbəri təhqirdə təqsirli bilərək 3 il yarım həbsə və 50 şallaq zərbəsinə məhkum etsə də, o il yarım həbsdə saxlanandan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. Nurizadın peşə fəaliyyətinə və ölkədən çıxmasına qadağa qoyulub.

“Media forum” saytının məlumatına görə, Nurizad son həftələrdə hər gün üzərində şüarlar yazılan ağ xələt geyərək ETTELAAT-ın binası qarşısına gedir, saatlarla var-gəl edərək mövcud duruma etiraz bildirir.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 3 əməkdaşı fevralın 24-də yenidən nazirlik binası qarşısına gəlib var-gəl etməyə başlayan Nurizada hücum çəkərək döyüblər. Tehranın Evin zindanına aparılan Nurizad saatlarla dindirilib təhdid edilib, eynəyi və mobil telefonu əlindən alındıqdan sonra buraxılıb.

Nurizad fevralın 25-də jurnalistlərə açıqlamasında dindirildikdən sonra azadlığa buraxılmasının səbəbini açıqlayıb: “Bir il əvvəl zindanda işgəncə altında həlak olan gənc bloqçu Səttar Behişti kimi mənim də işgəncə altında həlak olmağımdan, bunun sonrakı nəticələrindən qorxurlar. Onlara dedim ki, 4 il əvvəl məndən götürdüyünüz kamera və digər avadanlıqlarımı qaytarmayınca, mənim və ailə üzvlərimin ölkədən çıxmasına qoyduğunuz qadağanı ləğv etməyincə sabahdan yenə hər gün ağ xələtdə ETTELAAT-ın qabağına gələcək, etirazımı davam etdirəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm