Krım parlamentinin binası qarşısında partlayış oldu - YENİLƏNDİ- VİDEO
Bizi izləyin

Dünya

Krım parlamentinin binası qarşısında partlayış oldu - YENİLƏNDİ- VİDEO

Etirazçılar “Ukrayna!”, “Ukraynaya şöhrət, qəhrəmanlara şöhrət!”, “Krım Rusiya deyil!” şüarları səsləndiriblər.

Krım parlamentinin binası qarşısında partlayış baş verib.Trend-in məlumatına görə, parlamentin mətbuat xidmətindən İTAR-TASS-a bildiriblər ki, vəziyyət çox gərgindir.

Nümayişçilərdən ibarət qrup Simferopolda Krım Muxtar Respublikasının Ali Şurasının binasına zorla daxil olmağa çalışır. Şurada ölkədə daxili siyasi vəziyyəti müzakirə etmək üçün növbədənkənar sessiya başlamalıdır.

Binanın önündə 7 minə yaxın insan toplaşıb. Onlar 2 qrupa bölünüb. Qruplardan biri Krımın Ukraynanın tərkibində qalmasını istədiyi halda, digər qrup Rusiyaya meyillidir.

17.02

Krım muxtariyyətinin parlamenti qarşısında 5 minə qədər Krım tatarı və “Avromaydan” hərəkatının tərəfdarları toplanıb.

Publika.Az –ın “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, onlar Ukraynanın yeni hakimiyyəti tanımaq istəməyən Krım parlamentinə etiraz edir.

Etirazçılar “Ukrayna!”, “Ukraynaya şöhrət, qəhrəmanlara şöhrət!”, “Krım Rusiya deyil!” şüarları səsləndiriblər. Parlamentinin qarşısına həmçinin Krım parlamentini dəstəkləmək üçün rusiyameylli “Rus birliyi” Partiyasının 700-ə qədər tərəfdarınin toplandığı bildirilir.

Məlumata görə, milis iki tərəf arasında dəhliz yaratsa da, vaxtaşırı kiçik toqquşmalar baş verir. “Rus birliyi” Partiyasının tərəfdarları əllərdə Rusiyanı bayrağını saxlayırlar.


Əhalisinin əksəriyyəti etnik ruslar olan Krımın paytaxtı Simferepolda hökumət binaları üstündə Rusiya bayraqları qaldırılıb. Eyni mənzərə Sevastopolda var. Rusiyanın Qara Dəniz Donanmasının qərarlaşdığı bu şəhərdə hökumət binalarında Rusiya bayraqları dalğalanır.​

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-dən tələb edib ki, Ukraynanın qərbində “millətçi və neo-faşist əhvalın” güclənməsini ATƏT “qəti şəkildə pisləsin”.

ABŞ Dövlət katibi Con Kerri Vaşinqtonda Britaniyanın xarici işlər naziri ilə görüşdə Ukraynada Qərblə Rusiya arasında seçim olması haqda fikirləri rədd edib:“Bu Qərbin Şərqə qarşı olması deyil. Bu, Rusiya və ya ABŞ arasında seçim deyil. Bu, Ukrayna xalqının öz gələcəyini özünün seçməsidir”.

Ömər Dağlı

16.52

Bu gün Simferopolda Krım tatarlarının yarımadanın Ukraynadan ayrılması planlarına qarşı mitinq keçirilir.
Baymedia xəbər verir ki, minlərlə insan şəhərin mərkəzi meydanına toplaşıb. Krımın Rusiyadan ayrılmasını tələb edən qüvvələr isə Krım parlamentinin binası önündə toplaşıblar. Bu adamların arasında idman kostyumlarında və kazak geyimində olan gənclər üstünlük təşkil edir. Krımın ayrılmasının tərəfdarları ilə əleyhdarları arasında milis kordonu qurulub.

Mitinqdə “Allahu-əkbər!”, “Krım - Rusiya deyil!”, “Krım - Ukraynadır!” şüarları səslənir. Aksiyada çıxış edənlər Türkiyəni ləngimədən məsələyə müdaxilə etməyə və Krım tatarlarına yardım göstərməyə çağırırlar. Krım tatarları Məclisinin üzvləri və Krım müsəlmanlarının müftisi də mitinqdə iştirak edir.

Artıq rusiyapərəstlərin tatarların mitinqinə müdaxilə etmələri ilə bağlı da məlumatlar yayılmaqdadır. Gərginlik hər an artır.

16.32

Krım Dərnəyi İdarə Heyəti Ukraynada baş verənlərlə bağlı türk dünyası və dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Dərnəkdən Publika.Az -a verilən məlumata görə, müraciətdə Türkiyə və dünyanın müxtəlif yerlərində yaşayan Kırım tatarlarının Ukraynanın paytaxtı Kiyev və digər şəhərlərində baş verən olayları diqqət və soyuqqanlılıqla izlədiyi deyilir: “Ukraynanın daxili stabilliyinin, konstitusion quruluşunun qorunması, insan haqlarına hörmət, demokratik və azad bir ölkə olaraq dünyanın inkişaf etmiş ölkələri arasında yer alması xaricdə yaşayan bütün Krım tatarlarının arzusudur. Bu məqsədlə Ukraynadakı insan haqlarına hörmət, hüquq və demokratiya prinsiplərə uyğun olan hər bir hərəkəti Krımda yaşayan tatarlar kimi, xaricdə yaşayan Kırım tatarları da dəstəkləyir”.

Müraciətdə qeyd edilir ki, Kırımda yaşayan Kırım tatarlarının 1944-cü il 18 may sürgünündən öncə olan haqlarının qaytarılması, Kırıma dönən vətəndaşların sosial, mədəni, insani, siyasi və demokratik haqlarının tanınması, milli və tarixi mirasın yenidən yaşadılmasının önündə böyük əngəl olan Krım Muxtar Respublikasının parlament sədri və bir qrup parlamentarinin son günlər Krım yarımadasının Ukraynadan ayrılmasını elan etməsi və Krımın statusunun Rusiya tərəfindən həll edilməsi ilə bağlı verdikləri bəyanatları Krım diasporu böyük narahatlıqla izləyir.

“1917-ci ildə Krım Cümhuriyyətinin prezidenti Noman Çəlibxanın şəhid olmasının ildönümü ərəfəsində vətənimiz Krımda tarixin qaranlıq günlərini xatırladan xəbərlərə bənzəyən məlumatlar almağımız da narahatlığımızı artırır. Buna görə də insan haqları və beynəlxalq ictimaiyyətin tanıdığı haqlardan başqa heç bir tələbi olmayan Krım tatarları Krım parlamentinin rəsmilərinin ağıldankəm bəyanatlarını qəbul etmir. Hər kəs bilməlidir ki, Krımda Krım tatarının mal və canına zərər verəcək ən kiçik bir təhdid və hərəkətlərə Krım tatar diasporu beynəlxalq və yerli hüquq orqanlarına ən sərt təpkini verəcək”-deyə müraciətdə deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm