Ərdoğanı əsəbiləşdirən "romantik xoca" - VİDEO, FOTO
Bizi izləyin

Dünya

Ərdoğanı əsəbiləşdirən "romantik xoca" - VİDEO, FOTO

Bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğana aid olduğu iddia edilən səs yazısı yayımlanmışdı.

Səs yazısında baş nazir Ərdoğan "Cinər Yayım Holdinq"inin rəhbəri Fatih Saracdan Saba Tümerin Yaşar Nuri Öztürk ilə apardığı proqramın dayandırılmasını istəyirdi. Ərdoğana aid olunması iddia edilən səs yazısında , ilahiyyatçı alim Yaşar Nuri Öztürkün Türkiyə hökumətinə qarşı ifadələr işlətməsindən narahatlıq ifadə olunmuşdu.

Düzdür indi qardaş ölkədə baş nazirə aid edilən səs yazılarının çoxalması siyasi dəb halını alsa da, Ərdoğan-Sarac telefon danışığının həqiqiliyi hələ öz rəsmi təsdiqini tapmayıb.

Bunlara rəğmən ,səs yazısının yayılmağa başlamasının sabahısı günü baş nazirin ünvanına ”Yurd” qəzetində köşə yazarlığı ilə məşğul olmağa da vaxt tapan Yaşar Nuri qəzəbli cavab atəşləri püskürdü.

Türkiyənin “Radikal ”qəzeti atatürkçü ilahiyyatçının cavablarını təqdim edib: “Yalan və talan dəstələrinə vəkillik edən,hər gün ora-bura telefon açıb düşüncə adamlarının susdurulması üçün hədə-qorxular gələn bir baş nazirin kefi ilə oturb-durası deyilk. Bizim tarix və tanrı qaşısında bir vəzifəmiz və cavabdehliyimiz var. Ərdoğan və ona bənzəyənlər ötüb keçəcək. Amma bizim tarix qarşısında missiyamız davam edir...”

Yaşar Nuri Öztürkün şəxsiyyəti və düşüncələri son illər, camaatlaşmanın və icmalaşmanın ən yüksək həddə çatdığı Türkiyədə daha da qabarıq diqqəti cəlb etməyə başlayıb. Hazırcavab islamşünas professor auditoriya qarşısında çıxışlarıyla İslamın fundamental əsaslarının qoruyucusu kimi ad çıxarıb.

O,1945 –ci ildə Trabzonun Bayburt bölgəsində anadan olub və babasının ciddi səyi nəticəsində 9 yaşında Quran hafizi olub. 12 il məscidlərdə imamlıq vəzifəsini daşıyıb,vaizlik edib.

İslamı dərindən bilir və eyni zamanda islam hüquqçusu kimi tanınır. Dəfələrlə Avropa ölkələrində İslam mövzusunda konfranslar verib. Quranı türk dilinə izahsız tərcümə edib və özünü müqəddəs kitabın qoruyucusu kimi, eyni zamanda Qurana dönüş hərəkatının öncülü kimi təqdim edir.

Bir zamanlar siyasətdə də uğurlar qazanmağa nail olmuşdu və CHP-dən Türkiyə Millət Məclisinə üzv seçilmişdi. CHP-dən istefa verdikdən sonra 2005-ci ildə Xalqın Yüksəlişi Partiyasını qurub.Gur danışmasından və ustalıqla kəskin etirazlar yağdırmasından o dəqiqə anlaşılır ki, bir zamanlar Türkiyənin siyasi qazanında möhkəm bişib.

Bir neçə dəfə qalmaqallı evliliklər həyatı yaşasa da, bu haqqında danışdığımız hörmətli alimə İslam və şəriət mövzusunda çeşidli kitablar yazmağa və ümumiyyətlə İslama, türk cəmiyyətinin islami baxımdan savadlanmsına dəyərli töhfələr verməsinə mane olmayıb.

Amma bu sətirlərin müəllifi, Öztürklə bağlı “dəyərli töhfələr” ifadəsini, başqaları bir tərəfə, yalnız Fəthullah Gülən camaatı arasında işlətmiş olsaydı, ən yaxşı halda onu lənətləyib qovardılar. Türkiyədə dini icmalarının Yaşar Nuri Öztürkü görməyə gözləri yoxdur.

Yaşar Nuri daha çox Fəthullah Gülən camaatı ilə münaqişələrdə olur. Yaşar Nuri iddia edir ki, bu mükəmməl şəbəkə kənardan idarə olunur və Cübbəli Əhmədlə də zaman-zaman mübahisələrdə olsa da, onun milli olmasına görə qorxulu saymadığını söyləyir.

Bir zamanlar təriqət yolunda olduğunu söyləyirdi ,sonra İslam hədislərinin əsas yaradıcısı sayılan imam Buxarini hədəfə alaraq onun bütün bəlaların (yəni əsl Qurandan sapmanın) baiskarı saydı.

O deyir ki, Peyğəmbərə aid edilən 50-60 hədisdən kənarda yaranan hədislərə inanmaq günah sayılır. Onun sözlərinə görə, Qurandan başqa qaynaq qəbul etmək şirkdir, çünki Quran xaricində heç bir qaynağın qorunma zəmanəti yoxdur.

islamın inkişaf yolunda Əbu Hənifənin çox böyük xidmətlərinin olmasını söyləyir, amma bu onun Mustafa Kamal Paşanın da İslam yolunda böyük xidmətləri olması fikrini də irəli atmasına mane olmur. Fəthullah Gülən tərəfdarlarını da qeyzləndirən həm də bu fikirlərdir.

Merac hədisinin ziddiyyətlərlə dolu olması fikrini də irəli sürür.

“Hədis deyə yazılanlar, Rəsulallahın sözləridir deyə ona istinad olunub.

Hədislər bağlayıcı deyil, hökm mənbəyi də ola bilməz çünki təzadlarla doludur”

İlahiyyat professorunun fikrincə, min illər boyu çalışsalar da, “əl-Maun” surəsini Qurani Kərimdən silə bilməyiblər. Məhz bu surədə, dini yalanlayanlar və bu gün İslam üzərində din tacirliyi ilə məşğul olanlar ifşa olunur. Amma tarixin gərdişi elə gətirib ki, dini yalandan təqdim edənlər ondan öz şəxsi mənafeləri üçün istifadə ediblər. Bunu da xocamız söyləyir.

Yaşar Nuri Öztürkün Türkiyənin din təsərrüfatında sancmadığı şəxs ,ittiham etmədiyi dini icma qalmayıb. Öztürk deyir ki, təriqət olan yerdə Qurana və Allaha inanmaq mümkün deyil. Çünki təriqət üzvləri üçün Allahın buyurduqları deyil, təriqətin başında dayanan şeyxin göstərişləri vacibdir. Bundan kənara çıxanlar isə sərt şəkildə cəzalandırılır.

O deyir ki, Türkiyənin üzləşdiyi bütün problemlər Quransızlıqdan, Quranı bilməməkdən irəli gəlir. Bir ara “din taciri”deyib sözlə zəhərlədiyi Nihat Hatiboğlunu da hədəfə götürən Yaşar Nuri Öztürk , onun auditoriya qarşısında Məhəmməd Peyğəmbəri “kainatın əfəndisi”adlandırmasını sərsərilik adlandırmışdı. O deyir ki, Quranda Məhəmməd Peyğəmbər Allahın Qulu və Rəsulu kimi çağrılır.

Hatiboğlunun Peyğəmbərimizi “Kainatın əfəndisi”kimi adlandırması isə şirk qoşmaqdan başqa bir şey deyildir.

Saba Tümərlə apardığı proqramların birində bir tamaşaçı ona sual vermişdi ki, olmazmı yaxın ətrafına və ümumən insanlığa faydalar verib yaşayasan, amma İslamın buyurduqlarına əməl etməyəsən. Bizim hazırcavab ilahiyyatçı isə cavabında belə söyləmişdi ki, faydalı olub xeyirxah əməl sahibi olsan belə ,din sənin həyatını aydınladırsa, nə üçün bundan sıxıntı keçirməlisən.

Bir neçə il bundan əvvəl onun Saba Tümərlə apardığı proqram Türkiyə Teleradio Üst Qurumu tərəfindən 196 min türk lirəsi məbləğində cərimə olunmuşdu. Səbəb onu namaz qılmamaqda ittiham edənləri “onun-bunun uşağı(yəni Amerikanın təlimatlarıyla oturub duran dini icmalar deyə,bu ittihamı səsləndirmişdi)” adlandırması olmuşdu.

Türkiyə Televiziya Üst Qurumu “onun-bunun uşağı ”ifadəsini ağır həqarət adlandıraraq bu ifadəni uşaqların hüquqlarını kobud şəkildə pozmaq kimi qiymətləndirmişdi.

Uşaq hüquqlarına gəldikdə isə,Yaşar Nuri səhiyyə məsələlərinə də baş vurmağa vaxt tapır . O izah edir ki, süni mayalanma yoluyla uşaq qazanmaq nikahdan kənar uşaq dünyaya gətirməyə bərabərdir. Bu isə şəriətin qanunlarına daban-dabana ziddir.

O ki qaldı Yaşar Nuri Öztürkün namaz qılmasına şəkk gətirənlərə, onun namaz qılmasını heç bir zaman görməyənlərə, doğrusu, bu bizim üçün də maraqlıdır,necə ola bilər ki, Qurana dönüş hərəkatının öncülü ,ömrünü İslam dininə həsr etmiş bir şəxs günlərini namazsız ötüşdürsün.

Yaşar Nuri Öztürk onu ittiham edənlərə belə cavab verir; ”Ey şeytanın qıllı uşaqları, mən namaz qılıb, onu videoya çəkdirib bu videoqeydləri sizəmi göndərməliydim?”

Yaşar Nuri Türkiyədəki dini icmaları “imperializmlə əməkdaşlıqda ”ittiham edərək ,onları türk millətinin anasını, dinini ağlatmaqda günahlandırır.

O deyir ki, min ildir bu millətə sizlər “Müaviyə namaz”ı qıldırırsınız. Buraxın, bir dəfə də Peyğəmbərin namazını qılsınlar.

Türkiyənin imam-xətib məktəblərinin və dərsxanaların da fəaliyyətinə toxunan Yaşar Nuri Öztürk bu tədris müəssisələrinin də siyasiləşdirilməsini və siyasi hərəkata (o burada Fəthullah Gülən hərəkatını nəzərdə tutur) tabe etdirilməsinə qəzəbini gizlədə bilmir.

Yaşar Nuri Öztürk bir neçə il Xalqın Yüksəlişi Partiyasına rəhbərlik etsə də, bu vəzifəsindən də istefa verib və özünü büsbütün dini görüşlərə həsr edib.

O bu gün demək olar ki,camaatlaşmış və icmalaşmış dini kəsimə qarşı böyük bir partiyanın yerinə yetirə bilməyəcəyi işi yerinə yetirir.

Əleyhdarları qeyzlə onu “İslam baronu” adlandırır və Yaşar Nuri Öztürkə qarşı lənətlər yağdırırlar.

2009-cu ildə ikinci həyat yoldaşı Canan Öztürkdən boşanan Yaşar Nuri Öztürk ötən il TRT kanalının solisti müğənni Nazlı Kanaatla nişanlanıb. Yeni sevgilisi, ilahiyyatçı alimdən 22 yaş kiçikdir. Bu səbəbdən də Türk mətbuatı yeni dövrün ilahiyyatçı aliminə yeni ad verib-“Romantik xoca”.

Bizim “romantik xoca ”ağır cərrahiyyə əməliyyatı keçirməsinə baxmayaraq boğaza açılan möhtəşəm mənzərəli evində jurnalistləri qəbul edir,hər gün idmanla məşğul olur və coşğun həyatını sürür. Telekanallara dəvət alır,konfranslar verir və qəzetlərə köşə yazıları verir.

Qarşıda Yaşar Nurini Nazlı Kanaatla toy günü gözləyir. ..Xoşbəxt ol, xocam.

Teymur Mahmudov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm