“Rusiya anlayır ki, geosiyasi baxımdan Ukraynanı itirir, ona görə də…”
Bizi izləyin

Dünya

“Rusiya anlayır ki, geosiyasi baxımdan Ukraynanı itirir, ona görə də…”

Dünən Krım muxtariyyətində vəziyyət kəskin şəkildə pisləşdi. Simferopolda muxtariyyət parlamentinin binası qarşısında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Krım tatarları və rusmeylli təşkilatların üzvləri mitinq keçirib. İki tərəf arasında toqquşmaların olduğu bildirilir. Hətta bir nəfərin də öldüyü deyilir.

Rusmeylli təşklatların üzvləri Krımın Rusiyanın tərkibinə daxil olmasını tələb edilər. Rusiya prezidenti Vladimir Putinin Ukrayna sərhəddində olan ordunun hazırlığının yoxlanılması barədə əmr verməsi isə onları daha da cəsarətləndirib. Bundan başqa isə Çeçenistan respublikasının prezidenti Ramzan Kadırovun Ukraynanın suverenliyini təhdid edən hədələyici açıqlamaları da Krımın Rusiyaya birləşdirilməsini istəyən qüvvələrin özünə inamını artırdı. Kadırov Krımı müdafiə etməyə hazır olduğunu bəyan edib.
Dünən Rusiya ordusunun Krıma daxil olması ilə bağlı yayılan informasiya və görüntülər də Ukraynanın yeni hakimiyyətin tərəfdarları arasında narahatlıq yaratdı.

Publika.Az –ın verdiyi xəbərə görə, Sevastopoldakı “Nomos” analitik mərkəzinin rəhbəri Sergey Kulik “Nezavisimaya gazeta”ya açıqlamasında bildirib ki, narahatlıq üçün heç bir əsas yoxdur. O, sözügedən informasiyanı şayiə adlandırıb.

Sevastopolun “Antimaydan” hərəkatının fəallarından biri qəzetə bildirib ki, şəhər sakinləri Kiyevdə hakimiyyətin “faşistlər” tərəfindən tutulduğuna əmindir. “Onlar Krımdakı rusları güllələməyə və Sevastopoldakı Rusiya donanmasına hücum etməyə gələcəklər. Biz sülh insanlarıyıq, amma biz öz evlərimizi və ailələrimizi müdafiə edəcəyik”, - o, bildirib. “Nezavisimaya gazeta” qeyd edir ki, Rusiya qoşunlarının Krıma daxil olmasını təsdiq edə biləcək heç bir məlumat ala bilməyib.

Ukrayna “Azadlıq” Partiyasının lideri Oleq Tyaqnibok jurnalistlərə açıqlamasında bildirib ki, Krımdakı rusmeylli gücləri separatizm ideyalarını yayır, insanları qorxudur və onları qarşıdurmaya təhrik edirlər. “Rusiya anlayır ki, geosiyasi baxımdan Ukraynanı itirir və buna görə də seperatizm əhval-ruhiyyəsini qızışdırır”, - partiya sədri bildirib. Tyaqnibok hesab edir ki, Kiyev heç bir halda Krım, eləcə də Şərq bölgələrindəki vətəndaşlarına qarşı güc işlətməyəcək: “Biz heç kimi təqib etməyəcəyik, Ukraynanı bölməyəcəyik. Bu heç vaxt olmayacaq. Təlaşa düşməyin!”.

Krım məsələləri üzrə ekspert Andrey Demartina hesab edir ki, Krımdakı siyasi situasiya bilərəkdən gərgin şəkildə təqdim olunur. “Sadə insanlar millətlərarası düşmənçilikdən çox qorxurlar, müharibəni istəmirlər və buna görə də onlar radikalları dəstəkləmirlər. İnsanlar istəyirlər ki, vəziyyət sakitləşsin”, - ekspert “Nezavisimaya gazeta”ya bildirib.

Bu gün isə Krım parlamenti və Nazirlər Şurasının naməlum silahlılar tərəfindən ələ keçirildiyi xəbəri yayılıb. Bu barədə Krım Tatar Məclisinin lideri Refat Çubarov özünün "Feysbuk" səhifəsində məlumat yayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm