Qaz kəməri geosiyasəti: Moskva Kiyevdən niyə yan keçir?
Bizi izləyin

Dünya

Qaz kəməri geosiyasəti: Moskva Kiyevdən niyə yan keçir?

Avropa İttifaqı istehlak etdiyi qazın yarısını idxal edir. Avropanın Rusiya qazından asılılığı isə ölkədən-ölkəyə dəyişir. Baltikyanı ölkələr 100, Polşa 80, Avstriya 65, Almaniya 37, Fransa isə 15 faiz Rusiya qazından asılıdır. Avropanın Rusiya qazından asılılığı orta hesabla 40 faizdir. Şimal dənizindəki qaz yataqlarının tükənməsi isə ən yaxın illərdə Avropanın Rusiyadan asılılığını daha da artıracaq. Hətta 2030-cu ildə bu göstəricinin 80 faiz olacağı təxmin edilir.

Publika.Az –ın verdiyi xəbərə görə, Fransanın “slate.fr” saytı hesab edir ki, dünyada ən böyük təbii qaz ehtiyatlarına malik olan Rusiya Avropada satış bazarlarının genişlənilməsinə tamamilə bel bağlaya bilər.

Qaz kəməri geosiyasəti

“Slate.fr” bildirir ki, Rusiya Ukrayna marşrutunun asılılığından xilas olmaq üçün yeni qaz kəmərləri siyasəti həyata keçirir. Bu istiqamətdə real addımlar da atılıb. Ukraynadan yan keçən “Şimal axını” qaz kəməri artıq istismara verilib. Rusiya Ukraynadan yan keçəcək digər bir layihə - “Cənub axını” layihəsini həyata keçirməkdə israrlıdır. Nəticədə isə Kiyevin strateji əhəmiyyəti azalacaq.

Qaz nəqliyyat infrastrukturu həmişə geosiyasətin əsas alətlərindən biri olub. Rusiya qazı Avropaya tarixən Ukrayna və Belorus üzərindən ixrac olunub. Əvvəllər Rusiyanın Avropaya satdığı qazın 90 faizini Ukrayna üzərindən ixrac edirdi. İndi isə bu göstərici 60 faizdir. Ukrayna da bu vəziyyətdən istifadə edir, çünki ölkə Rusiya qazının əsas istehlakçısıdır.

Hər halda Ukrayna 1991-ci ildən - müstəqilliyini qazanmasından sonra güzəştli tariflərlə qazı ala bilmir. Amma Ukrayna energetika planında qonşu Rusiyanın asılılığından xilas ola bilmədi. Qaz məsələsi Rusiya və Ukrayna arasında dəfələrlə ciddi böhranların yaranmasına səbəb oldu. 2006-cı ildə Rusiya Ukraynaya verilən qazı kəsdi. Məqsəd qazın qiymətinin 4 dəfə artırılmasına razı olmayan Kiyevin ipini çəkmək idi. Əslində, Kremlin bu hərəkəti Kiyevə diz çökdürməli idi. Amma Moskvanın bütün gücünə baxmayaraq, Kiyevin əlində əhəmiyyətli bir kart var idi: Qaz kəmərləri. Nəticədə Ukraynanın qaz infrastrukturu bütün Avropanı Kiyev və Moskva arasındakı münaqişəsinin girovu etdi. Avropa bundan qəzəbləndiyi üçün “Qazprom” qazın çatdırılması üçün alternativ yollar axtarmağa başladı.

Dolama strategiya

Qazın Avropaya fasiləsiz çatdırılması üçün yeni infrastruktur layihələri həyata keçirilməyə başlanıldı. Nəticədə bu gün Rusiya qazı Ukraynadan yan keçərək Avropaya gedə bilər. İlk olaraq Baltik dənizinin dibi ilə Almaniyaya gedən “Şimal axını” qaz kəməri çəkildi. Birinci xətt 2011-ci ilin noyabrında istifadəyə verildi. Bir müddət sonra ikinci xəttin istifadəyə verilməsi ilə kəmərin ötürücülük qabiliyyəti ikiqat artdı.

Bundan başqa cənubda hazırda “Cənub axını” layihəsi həyata keçirilir. Kəmər Ukraynadan yan keçərək Qara dənizin dibi ilə İtaliyaya getməlidir. Amma bu məsələ Brüssel və Moskva arasında qarşıdurmaya səbəb olub. Avropa İttifaqının qəbul etdiyi “Üçüncü enerji paketi“ münaqişəsinin səbəbi oldu. “Üçüncü enerji paketi” istehsalçı enerji şirketinə birjada qaz alqı-satqısı ilə məşqul olmağı qadağan edir. Bu isə o deməkdir ki, “Qazprom” ixrac boru kəmərlərinə nəzarət edə bilməz. Avropa İttifaqı hesab edir ki, Rusiyanın Avropanın bəzi ölkələri ilə razılaşmaları Avropa qanunvericiliyinə ziddir. Hər halda “Cənub axını”nın reallaşmayacağı ehtimal edilmir. Bu isə Rusiyanın qələbəsi və Avropanın “Nabucco”dan imtina etməsi deməkdir. Hansı ki, bu layihə Avropaya qaz çatdırılmasında diversifikasiya imkan verərdi.

Asılılıq və zəiflik

Rusiyanın yeni boru kəmərlərinin işləməsi ilə Ukrayna Rusiya qazının tranziti üçün məcburi marşrut olmaqdan çıxacaq. Bu fakt Ukraynanın Avropa üçün strateji əhəmiyyətini azaldır və onu Rusiyanın təzyiqləri qarşısında daha zəif edir. Məlumdur ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı Avrasiya İttifaqı layihəsinin bir hissəsi etməyə çalışır.

Rusiya qazından asılılıq daha çox Kiyevin mövqelərinə zərər vurur. Avropa Ukraynaya Rusiyadan xilas olmaq üçün lazımdır. Amma eyni zamanda Avropaya Rusiya qazı lazımdır. Ukraynadakı son hadisələr fonunda Kiyev və Moskva arasında münasibətlərin soyumasına baxmayaraq, hələ ki qazın Avropaya çatdırılmasında problem yaşanmır. Ukrayna da bu məsələdə heç bir problemin olmayacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm