Krım ssenarisi: “Qanuni prezident” rus ordusunu köməyə çağıracaq
Bizi izləyin

Dünya

Krım ssenarisi: “Qanuni prezident” rus ordusunu köməyə çağıracaq

Ukrayna kadr inqilabları və regional üsyanlar dövrünə daxil olur. Bu müddətin isə ilin sonuna kimi davam edəcəyi gözlənilir. “Batkivşina” fraksiyasının lideri Arseniy Yasenyukun başçılığı ilə qurulan hökumət növbədənkənar parlament seçkilərinə qədər işləyəcək. Növbədənkənar parlament seçkilərinin isə payızda keçirilməsi nəzərdə tutulsa da, yekun qərar hələ qəbul edilməyib.

Növbədənkənar prezident seçkiləri 25 May tarixinə təyin edilib. Həmin tarixdə həmçinin Krım muxtariyyətinin parlamentinə seçkilərin keçirilməsi plaşlaşdırılırdı. Ukrayna Ali Radasında dünən keçirilən iclasda bu məsələnin səsverməyə çıxarılmasına təşəbbüs edilsə də, parlament rəhbərliyi buna razı olmayıb. Bu isə onunla izah olunur ki, istənilən ehtiyatsız qərar yarımadadakı vəziyyəti partlayış həddinə gətirə bilər.

Viktor Yanukoviçin prezident postundan kənarlaşdırımasından sonra paytaxt Kiyevdə həyat yavaş-yavaş normallaşır. İndi isə bütün diqqətlər Krım muxtariyyətinə çevrilib. Dünən səhərə yaxın məlum oldu ki, parlament və Nazirlər Şurasının binaları özlərini “Krımın rusdilli vətəndaşlarının özünümüdafiəçiləri” adlandıran silahlı qrup tərəfindən tutuldu. Hər halda onları daha çox Rusiya mətbuatı bu cür adlandırır. Amma Kiyevdə hesab edirlər ki, Krım parlamentinin binası Rusiyanın xüsusi təyinatlı dəstəsi tərəfindən tutulub. Bu barədə Ali Radanın “Batkivşina” fraksiyasından olan deputatı Aleksandr Çornovolenko “112 Ukrayna” telekanalının efirində bildirib. “Bu naməlum insanlar Rusiyanın xüsusi təyinatlı dəstəsidir. Açıq şəkildə görünür ki, onlar yaxşı təlim alıblar. Onlarda qumbaraatanlar, pulemyotlar, normal silahlar var idi”, - Çornovolenko qeyd edib.

Postundan uzaqlaşdırılan Yanukoviçinn bəyanatları isə gərginliyi bir qədər də artırır. Özünün hələ də Ukraynanın qanuni prezidenti olduğunu iddia edən Yanukoviç parlamentin son qərarlarını qanunsuz adlandıraraq güc strukturlarına dövlət çevrilişini təşkil etmiş insanların əmrləri yerinə yetirməməyi əmr etdi. O, əminliyini ifadə edib ki, Ukraynanın cənubu və şərqi onu dəstəkləyir.

Kiyevdə keçmiş prezidentin Rusiya ərazisində olduğunu bildirirlər. Ölkə mətbuatının yazdığına görə, o, çərşənbə günü Moskvanın Kutuzov prospektindəki mehmanxada sabiq baş prokuror Viktor Pşonko və sabiq daxili işlər naziri Vitali Zaxarçenko ilə şəxsən görüşüb. Rusiya tərəfi isə bu informasiyanı şərh etməyib. Rəsmi Kiyev hesab edir ki, Yanukoviçin hərəkətləri Krımda qeyri-stabilliyin yaradılması üçün icra olunan Rusiya ssenarisində onun iştirakını göstərir. Yanukoviçin keçmiş məsləhətçisi, ona yaxın şəxslərdən biri, deputat Anna German isə Yanukoviçin mətbuatda yayılan bəyanatın orijinallığına şübhələnir. O, V.Yanukoviçin Ukraynada qeyri-stabil vəziyyətin yaradılması və ölkənn parçalanmasında maraqlı olduğuna inanmadığını bildirib. Deputat “Azadlıq" radiosunda etdiyi çıxışında Yanukoviçi Rusiyanın əlində oyuncaq olmamağa çağırıb.

Kiyevdə Rusiyanın qoşunlarını Krıma daxil etmək üçün formal səbəb kimi Yanukoviçin bəyanatından istifadə edəcəyini sitisna etmirlər. Qeyd edək ki, postundan parlament çoxluğu ilə uzaqlaşdırılmasına baxmayaraq, Kreml Yanukoviçi qanuni prezident kimi tanıyır. Ukrayna Siyasəti İnstitutunun rəhbəri Konstantin Bondarenko “Nezavisimaya qazeta” açıqlamasında bildirib ki, Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması həqiqətən də Konstitusiya və Ukraynanın qanunvericiliyinin pozulması ilə mümkün olub. Bəzi ekspertlər hesab edir ki, Yanukoviçi Ukraynanın qanuni prezidenti hesab edən Rusiya onun “müraciəti” əsasında Ukraynada, o cümlədən Krımda vəziyyəti “sabitləşdirmək” üçün ordusundan istifadə edə bilər.

Yeni baş nazir Arseni Yasenyuk isə Rusiyanın sözügedən ssenarisinə işarə vuraraq müraciət edib: “Partnyorlarımız Ukrayna ilə bağlı xarici siyasət məsələlərində nəzərə almalıdır ki, Yanukoviç daha prezident deyil. Ümid edirik ki, Rusiya Federasiyası heç bir halda cinayətlər törədilməsində şübhəli bilinərək axtarışa verilənləri, o cümlədən Yanukoviçi dəstəkləməklə Budapeşt memorandumunu pozmayacaq”.

A.Yasenyuk Ukrayna-Rusiya münasibətlərində “yeni üslub” təklif edir. Amma Kreml Kiyevə müsbət cavab vermək niyyətində deyil. Əksinə, hazırkı mənzərə göstərir ki, Rusiya vəziyyəti daha da gərginləşdirmək niyyətindədir. Bunu Dövlət Dumasına daxil olan qanun layihəsi də təsdiq edir. Belə ki, Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyası yeni ərazi subyektlərinin Rusiyaya birləşməsinin sadələşdirilməsini təklif edib. Fraksiya yeni subyektlərin Rusiyaya birləşməsi ilə bağlı 2001-ci ildə qəbul olunan qanuna düzəlişlərin edilməsini nəzərdə tutan təkliflər paketini parlamentə təqdim edib.

Hazırkı qanuna görə, yeni subyektlərin Rusiya Federasiyasına birləşmə haqqında qərar Rusiya və xarici dövlətin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Bu razılıq daha sonra beynəlxalq müqavilə ilə təsdiq edilir. “Ədalətli Rusiya” fraksiyası təklif edir ki, ərazinin birləşməsi üçün “xalqın iradəsi” əsas götürülsün.

Xatırladaq ki, dünən Krım parlamenti növbədənkənar iclasında muxtariyyətinin statusunun dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi barədə qərar verib. Referendum 25 May tarixinə təyin edilib. Parlament həmçinin Anatoli Mogilyovun rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərib. “Rus birliyi” Partiyasının sədri Sergey Aksyonov yeni baş naziri təyin edilib. S.Aksyonov “Ukrayna prezidenti Viktor Yanukoviç”ə tabe olmaq niyyətində olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm