Yanukoviç: "O evi 3 milyon 200 min dollara almışam" - VİDEO - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Yanukoviç: "O evi 3 milyon 200 min dollara almışam" - VİDEO - YENİLƏNDİ

“Ukrayna xalqından üzr istəyirəm ki…”- Yanukoviçin mətbuat konfransı başladı

Ukrayna prezidenti postundan kənarlaşdırılan Viktor Yanukoviç Rusiyanın Rostov şəhərində mətbuat konfransı keçirir.

Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, mətbuat konfransında təxminən 200 jurnalist iştirak edir.

Özünün və yaxınların həyatına olan təhlükəyə görə, Ukraynanı tərk etdiyini deyən sabiq prezident heç kəs tərəfindən devrilmədiyini bildirib. O, Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək niyyətində olduğunu deyib.

Yanukoviç bildirib ki, Qərbin məsuliyyətsiz siyasəti Ukraynada bugünkü vəziyyəti yaradıb. O, Ali Radanın legitim olmadığını və müxalifətin üç Avropa Birliyi ölkəsinin xarici işlər nazirlərinin vasitəçiliyi ilə əldə olunan razılaşmaları yerinə yetirmədiyini vurğulayıb.

“Ukrayna parlamenti Maydandakı döyüşçülərin təsiri altında səs verir. Ölkədə bugünkü hakimiyyətin kimin tərəfindən formalaşdırıldığını demək çətindir. 21 Fevral tarixində əldə olunan razılaşma vəziyyəti normallaşdıra bilər. Mən Ukrayna xalqından üzr istəyirəm ki, sabitliyi qorumağa gücüm çatmadı”, - Yanukoviç vurğulayıb.

Yanukoviç bildirib ki, qüvvədə olan prezident kimi Krımın geniş muxtariyyətlə Ukraynanın tərkibində qalmasının tərəfdarıdır. O, Ukrayna mediasında deyilənlərin əksinə olaraq, hərbi yardım üçün Rusiyaya müraciət etməyə hazırlaşmadığını dilə gətirib.

“Hesab edirəm ki, belə vəziyyətdə istənilən hərbi hərəkətlər yolverilməzdir. Mən hərbi yardım üçün müraciət etməyə hazırlaşmıram. Özümün və ailəmin təhlükəsizliyi təmin olunan kimi Ukraynaya qayıdacağam”, - o, söyləyib.

V.Yanukoviç 25 May tarixinə təyin oluanan növbədənkənar prezident seçkilərinin qanunsuz olduğunu və nəticələrini tanımayacağını deyib.

Yanukoviç 21 Fevral razılaşması ilə aldadıldığını deyib: “Yalnız məni həyasızcasına aldatmadılar, eyni zamanda Ukrayna xalqını aldatdılar. Buna baxmayaraq, hesab edirəm ki, həmin razılaşma gündəlikdən çıxmayıb. Razılaşmanın yerinə yetirilməməsinə görə, bütün məsuliyyəti Qərb öz üzərinə götürməlidir. Mən milisə xalqın güllələnməsi üçün əmr verməmişəm. Ukraynadakı hadisələrin ssenarisi bu ölkədə yazılmayıb. Mən və komandam hər şeyi etdik ki, qan tökülməsin.”.

Yanukoviç Ukraynaya qayıtması üçün təhlükəsizliyinin beynəlxalq vasitəçilər tərəfindən təmin olunmasınını tələb edib.

Rusiyanı strateji partnyor hesab edən Yanukoviç xarakterini bildiyi üçün indiyədək Putinin susmasından təəccübləndiyini dilə gətirib.

Yanukoviç bildirib ki, o, qəti şəkildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşıdır.

Yanukoviç xalqın ziyarətinə açılan evi öz hesabına 3 milyon 200 min dollara aldığını bildirib. O, həmçinin qeyd edib ki, onun xaricdə bank hesabı və mülkiyyəti yoxdur.

Ömər Dağlı

17.21

Viktor Yanukoviç bu dəqiqələrdə Rostov-Donda mətbuat konfransı keçirir.

Konfransı canlı olaraq aşağıdan izləyə bilərsiniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm