• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Rusiyanı çox təhlükəli presedentlər gözləyir”- Obamanın bəyanatına şərh

  • Dünya
  • 1 Mart 2014 12:11
  • 1 409 Baxış
“Rusiyanı çox təhlükəli presedentlər gözləyir”- Obamanın bəyanatına şərh

ABŞ prezidenti Barak Obama nəhayət ki, Rusiyanın Krımdakı hərbi hərəkətləri ilə bağlı susqunluğunu pozdu. Onun dünən verdiyi bəyanat əslində Rusiyaya bir hədə və xəbərdarlıq idi.

ABŞ prezidenti bildirib ki, bu müdaxilə Ukrayna xalqının işlərinə qarışmaq, Rusiyanın beynəlxalq konvensiyaları pozması demək olardı. "Və əlbəttə onda ABŞ Ukraynaya istənilən hərbi müdaxiləyə görə ölçü götürülməsi üçün beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət edəcək",- ABŞ prezidenti söyləyib.

ABŞ, ümumilikdə Qərbin Rusiyanın Ukrayna ilə bağlı aqressiv siyasətinə qarşı hansı cavab tədbirlərini görə bilərik? Rusiya bu bəyanatdan sonra da mövqeyində qala bilərmi?

Publika.Az -a açıqlamasında politoloq Qabil Hüseynli B.Obamanın bəyanatını və Ukrayna ilə bağlı gündəmdə olan digər hadisələri şərh edib.

“Rusiyanı bir dövlət kimi çox təhlükəli presedentlər gözləyir”

Politoloq hesab edir ki, B.Obamanın bəyanatından sonra Rusiyanın Ukraynada daha irəli gedəcəyi inandırıcı görünmür. Q.Hüseyli Rusiya prezidenti Vladimir Putinin son vaxtlar özünə həddindən artıq güvəndiyini və manyakal keyfiyyətləri ortaya çıxdığını qeyd edib.

Müsahibimiz bildirir ki, Rusiya Ukraynaya hərbi müdaxilə fikrinə düşsə, Qərbin güclü cavabı ilə qarşılaşacaq:

“NATO-nun baş katibi Rasmussen də bildirib ki, Rusiya Ukraynaya hərbi müdaxilə fikrinə düşsə, peşman olacaq. Bu baş versə Rusiyaya qarşı çox ciddi sanksiyalar qəbul olunmağa başlanılacaq. İkincisi, Ukrayna ordusu potensialına görə, Rusiya ordusundan o qədər də zəif deyil. Rusiya ordusunun Ukrayna sərhədlərində cəmlənən hissəsi gücünə görə Ukrayna ordusundan bəlkə də zəifdir. Bura Qərbin Ukraynaya verəcəyi ən müasir silahları və kosmik texnologiya vasitəsilə verilən dəstəyi də əlavə etsək, söyləmək olar ki, Rusiya məğlubiyyətə məhkumdur”.

Q.Hüseylinin fikrincə, Rusiyanın gözlənilən məğlubiyyəti daxildə ciddi aşınmalara gətirib çıxaracaq:

“Tatarlar, başqırdlar, çuvallar heç bir halda Krım tatarlarına qarşı edilən təcavüzü həzm etməyəcəklər. Bununla da daxildən Rusiyaya qarşı müəyyən bir hərəkat başlayacaq. Çoxdandır ki, Qərbin müxtəlif dairələrində, əsasən ABŞ-da Rusiyanın səkkiz hissəyə bölmək üçün xüsusi planın hazırlandığı barədə fikirlər səslənir. Düzdür, bu yalnız qəzet səhifələrinə sızan məlumatlardır, amma Putinin özü bu məlumatları tez-tez təkrarlayır. Rusiyanın Ukrayna edəcəyi hərbi təcavüz çeçen müqavimət hərəkatını yenidən canlandıracaq.

ABŞ müttəfiqlərindən olan Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr də Rusiya daxilindəki bu müqavimət hərəkatına dəstək verəcəklər. Məlumatina görə, ABŞ-ın özü Rusiya milli azlıqlarla bağlı ciddi şəkildə işləyir. Bunların içərisində isə başqırdlar və tatarlar öncül yer tutur. Rusiya üçün bir slavyan xalqı ilə müharibə aparmaq da o qədər asan deyil. Bu rus xalqının əhval-ruhiyyəsi anti-putin əhval-ruhiyyəsinə çevirəcək. Yəni, çoxsaylı amillər onu göstərir ki, Rusiya Ukraynaya qarşı təcavüzə cürət etməyəcək. Əks halda, Rusiyanı bir dövlət kimi çox təhlükəli presedentlər gözləyir. Putinin ətrafındakı siyasi texnoloqlar bunları görürsə, deməli Rusiya özünə nəzarət hissini itirib, dünya reallıqlarını düzgün qiymətləndirə bilmir”.

Rusiya yalnız hərbi hərəktləri ilə deyil, hüquqi çərçivədə də Ukraynadakı vəziyyəti gərginləşdirə biləcək addımlar atır. Belə ki, dünən Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyası yeni ərazi subyektlərinin Rusiyaya birləşməsinin sadələşdirilməsini təklif edib.

Kiyev tatarlara ümid edir

Hazırkı qanuna görə, yeni subyektlərin Rusiya Federasiyasına birləşmə haqqında qərar Rusiya və xarici dövlətin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Bu razılıq daha sonra beynəlxalq müqavilə ilə təsdiq edilir. “Ədalətli Rusiya” fraksiyası təklif edir ki, ərazinin birləşməsi üçün “xalqın iradəsi” əsas götürülsün.

Q.Hüseynli Rusiyanın qəbul etdiyi qanunlar ilk növbədə beynəlxalq qanunlara uyğun olmalıdır:

“Əgər belə bir uyğunluq yoxdursa, bu qanunları beynəlxalq qurumlar tanımayacaq. O halda da Rusiyanın bu istiqamətdə atdığı addımlar havadan asılı qalacaq. Bu dəyişikliyi Krım üçün edirlər. Amma inanmıram ki, Krımda referendumun keçirilməsinə Kiyevin mərkəzi hakimiyyəti icazə versin. Bunun qarşısı ya tamamilə alınacaq, ya da yubadacaqlar. Mərkəzi hakimiyyət çox güman ki, tatarların Krıma axınına çalışacaq. Krım vaxtilə tamamilə tatar torpaqları, əhalinin isə 90-95 faizi tatar olub. Son vaxtlar Krım tatarlarının Krıma axını sürətlənib. Güman edirəm ki, Rusiyanın qəbul etdiyi bu qərar Krımda referendumun keçirilməsi ilə bağlı olsa da, referendumun keçirilməsi heç bir halda mümkün olmayacaq. Rusiya əlehinə həm Qərbdə, həm də onun cənub himayəçiləri arasında ciddi mərkəzləşmə prosesi gedir. Bu ölkələr Rusiya ilə bağlı məsələləri ciddi şəkildə müzakirə etməyə başlayıblar. Səudiyyə Ərəbistanı Rusiyaya xəbərdarlıq edib. Bu məsələlər Rusiya tərəfindən nəzərə alınmasa, yalnız Qərbin deyil, müsəlman dünyasının cihad adı altında böyük bir yürüşü başlayacaq”.

“Rusiya Qara dənizdən də məhrum ola bilər”

Dünən Ukrayna Ali Radasının deputatı Oleq Lyaşko Rusiyanın Qara dəniz donanmasının statusu ilə bağlı imzalanan Xarkov razılaşmasının etibarsız elan edilməsini təklif edib. Qeyd edək ki, 2010-cu il apreldə Ukrayna və Rusiya arasında imzalanan Xarkov razılaşmasına görə, Qara dəniz donanmasının Krımda qalma müddəti 25 il daha uzadılıb. Yəni, bu müqaviləyə görə, Qara dəniz donanması ən az 2042-ci ilə qədər Krımda qalacaq. Əvvəlki müqaviləyə görə isə bu müddət 2017-ci ildə bitirdi.

Q.Hüseyli hesab edir ki, ukraynalı deputat çox düzgün bir təkliflə çıxış edib. Rusiyanın Qara dəniz donanmasının statusu ilə bağlı razılaşmanın həm də beynəlxalq bir müqavilə olduğunu deyən politoloq bildirir ki, bu Ukraynanın təşəbbüsü ilə beynəlxalq müzakirələrin mövzusuna çevrilə bilər.

“Həqiqətən də, Rusiya Qara dəniz dövləti olması və burada hərbi donanma saxlaması imkanlarından məhrum edilə bilər”, - politoloq söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR