ABŞ-da qaradərilinin onurğasını həbsxanada sındırdılar
Bizi izləyin

Dünya

ABŞ-da qaradərilinin onurğasını həbsxanada sındırdılar

ABŞ-ın Merilend ştatının Baltimor şəhərinin qaradərili sakini Fred Qrey həbsdə olarkən aldığı travmalardan dünən dünyasını dəyişib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onun ölümündən sonra şəhərdə etiraz aksiyası keçirilib.

Məlumata görə, etiraz aksiyasında 100-dən çox insan iştirak edib. Onlar hakimiyyətdən hadisənin dəqiq araşdırılmasını tələb ediblər.

Qeyd edək ki, hadisə aprelin 12-də baş verib. Dörd polis velosiped sürən 25 yaşlı Qreyi saxlamaq istəyib. Lakin o, polisə qulaq asmayıb və hərəkətinə davam edib. Nəhayət, Qreyi tutaraq həbsxanaya gətiriblər. Burada vəziyyəti ağırlaşan Qrey xəstəxanaya aparılıb və həkimlər ona onurğa fəqərələrinin sınıq diaqnozunu qoyub. Həkimlər komaya düşən qaradərilini ayılda biliblər. Onun üzərində cərrahiyyə əməliyyatı keçirilib. Ancaq həkimlərin səyləri nəticə verməyib.

“Onun onurğası praktik olaraq sındırılmışdı”, - Qreyin ailəsinin vəkili Uilyam Merfi bildirib. Onun sözlərinə görə, Qrey hər hansı cinayət törətməyib. Vəkil əlavə edib ki, hakimiyyət hadisə yerində yerləşdirilən videokameralar tərəfindən çəkilən görüntülərə malikdir. O, sözügedən kadrları açıqlamağı tələb edib. “Biz güman edirik ki, polislər Fredin ölüm şəraitini sirr kimi saxlayacaqlar və günahkarları məsuliyyətdən azad edəcək versiyalar hazırlayacaqlar”, - o bildirib.

Şəhərin meri Stefani Roulinqs-Bleyk və polis komissarı Entoni Batts mətbuat konfransında bildiriblər ki, onlar Qreyin ölüm şəraiti haqqında informasiyanı cəmiyyətə verməyə hazırdır. Polis isə Qreyin məhz hansı qanunu pozduğunu hələ açıqlamayıb. Yalnız bildirilir ki, polislər hadisənin baş verdiyi ərazidə narkotiklərlə bağlı əməliyyat aparırdılar və Qreyin “cinayətkar fəaliyyət”ə cəlb edildiyindən şübhələniblər. Müxtəlif idarələrin nümayəndələrindən ibarət komissiya hadisənin araşdırılmasına başlayıb.

2014-cü ilin ikinci yarısında ABŞ-ın müxtəlif şəhərlərində polis əməkdaşları tərəfindən silahsız insanların qətlləri ilə bağlı bir sıra hadisələr olub. Ferqyuson şəhərindəki qətl daha çox rezonans doğurub. Polis 9 avqust 2014-cü ildə Missuri ştatında 18 yaşlı qaradərili yeniyetmə Maykl Braunu öldürüb. Qətl ABŞ-ın, demək olar ki, bütün ştatlarında etiraz aksiyaları ilə qarşılanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm