Ali Rada Putinə qarşı sanksiyaları təsdiqlədi
Bizi izləyin

Dünya

Ali Rada Putinə qarşı sanksiyaları təsdiqlədi

Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman rusiyalılara qarşı şəxsi sanksiyaların tətbiqi haqqında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tövsiyəsi əsasında qəbul olunan sənədi təsdiqləyib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, məhdudiyyətlər 35 şəxs, həmçinin Rusiya prezidenti Vladimir Putinə qarşı nəzərdə tutulub.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tövsiyəsi aprelin 22-də parlamentə daxil edilib. Ali Rada hesab edir ki, sözügedən şəxslər ukraynalı pilot Nadejda Savçenkonun Rusiyada qanunsuz saxlanmasına görə məsuliyyət daşıyırlar.

Putindən başqa Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Vyaçeslav Volodin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, komitənin rəsmi nümayəndəsi Vladimir Markin, dövlət başçısının köməkçisi Vladislav Surkov, Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkov, Dövlət Dumasının spikeri Sergey Narışkin və “Donetsk Xalq Respublikası” separatçı qurumun lideri İqor Plotnitski sanksiyalar altına düşüb.

Söhbətin məhz hansı sanksiyalardan getdiyi barədə isə məlumat verilməyib.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları Nadejda Savçenkonu Luqanskda rusiyalı jurnalistilərin qətlində ittiham edir.

Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərq bölgələrinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb. “Bundan sonra ərazi atəşə tutulub və Rusiya jurnalistləri peşə borclarını yerinə yetirərkən həlak olub”, - istintaq materialında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm