Əfsanəvi azərbaycanlı Ukraynada təltif edildi – ÖLÜMÜNDƏN SONRA
Bizi izləyin

Dünya

Əfsanəvi azərbaycanlı Ukraynada təltif edildi – ÖLÜMÜNDƏN SONRA

Ukraynanın şərqində gedən döyüşlərdə qəhrəmancasına həlak olan azərbaycanlı kapitan Bağırov İlqar Saleh oğlu ölümündən sonra “İgidliyə görə" ordeni ilə təltif edilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev bildirib ki, İ. Bağırovun Kiyev vilayətinin İrpen şəhərində yaşayan ailəsi ilə görüş keçirilib və təltifolunma barədə Müdafiə Nazirliyindən göndərilən rəsmi sənədin surəti ailə üzvlərinə təqdim edilib.

Assambleya üzvləri, o cümlədən Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini və İrpen şəhəri üzrə sədri Namiq Quliyevin iştirakı ilə keçirilən görüşdə mərhum zabitin ailəsinə yardım göstərilib və bildirilib ki, İ. Bağırova bu ordendən əlavə "Ukrayna Qəhrəmanı" adının verilməsi üçün imzatoplama kampaniyası aparılır.

Xatırladaq ki, azərbaycanlı zabitin ölümündən sonra BUAK və Millətlər Assambleyası prezident Pyotr Poroşenkoya müraciət edərək onun igidliyinin qiymətləndirilməsini xahiş etmişdi.

İlqar Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olub. Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İ. Bağırov ölkənin şərqində döyüşlər başladıqdan sonra Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci batalyona kəşfiyyat üzrə komandir müavini təyin edilib. Ötən il sentyabrın sonlarında Debaltsevo şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar mühasirədən çıxa bilməyəcəyini görüb və əl qumabarası ilə özünü partladıb. Onun meyiti naməlum şəxslər tərəfindən tapılaraq elə həmin yerdə dəfn olunub. Bir müddət əvvəl meyitin qalıqları Ukrayna əsgərləri tərəfindən həmin ərazidən çıxarılaraq İrpenə aparılıb və orada dəfn olunub.

APA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm