ABŞ və Rusiya qarşıdurmaya hazırlaşır
Bizi izləyin

Dünya

ABŞ və Rusiya qarşıdurmaya hazırlaşır

Bu gün Nyu-Yorkda Nüvə Silahının Yayılmaması barədə Müqavilə üzrə konfrans işinə başlayır.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, konfrans dörd həftə davam edəcək və mayın 22-də başa çatacaq.

Birinci həftə ümumi müzakirələr keçiriləcək, sonrakı həftələrdə nüvə silahının ləğvi, nüvə silahının yayılmaması və atom enerjisindən dinc məqsədlər üçün istifadə kimi mövzulara toxunulacaq.

2010-cu ildə Nyu-Yorkda keçirilən konfransının nəticəsinə görə, ənənəvi razılıq sənədi qəbul edilib. Konfransda nüvə silahının ləğvi, nüvə silahının yayılmaması və atom enerjisindən dinc məqsədlər üçün istifadənin yer aldığı 64 bənddən ibarət iş planı qəbul edilib. Sənəddə həmçinin Yaxın Şərqdə nüvəsiz zonanın yaradılması barədə çağırış yer alıb.

“Kommersant”ın yazdığına görə, bu gün başlayacaq konfrans iştirakçılarının arasında ziddiyyətlər kifayət qədər böyükdür və yekun sənədin qəbul olunmayacağı istisna edilmir. Xüsusən, Yaxın Şərqin nüvəsiz statusu məsələsində hər hansı ciddi irəliləyiş imkanlarının az olduğu bildirilir. Rusiya Xarici İşlər Nazirliyinin təhlükəsizlik və silahsızlanma məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov qeyd edib ki, Rusiya nüvə silahının ləğvi ilə bağlı müzakirələrə tam sədaqətini nümayiş etdirir. Amma o bildirir ki, bu, mərhələli şəkildə olmalıdır. “Əgər kimsə gözləyirsə ki, bir gecə ərzində nüvə silahı tamamilə ləğv ediləcək, bu, qeyri-ciddi fikirdir. Rusiya 1987-ci ildən başlayaraq, nüvə arsenalını təxminən 80 faiz azaldıb. “Amma kimlərsə məsələ qoyur ki, nüvə silahını qadağan etmək lazımdır. Biz məsələnin bu şəkildə qoyuluşu ilə razı deyilik”, - konfransda Rusiya nümayəndə heyətinə başçılıq edəcək Mixail Ulyanov vurğulayıb.

“Kommersant”ın mənbəyi qeyd edib ki, Moskva və Vaşinqton arasındakı kəskin fikir ayrılıqları konfransda irəliləyişə mane ola bilər. Onlardan biri orta və kiçikmənzilli raketlərin ləğv edilməsi haqqında müqavilənin (RSMD) yerinə yetirilməsi ilə bağlı vəziyyətdir. ABŞ Rusiyanı bu müqaviləni pozmaqda ittiham edir. Moskva isə eyni ittihamları ABŞ-a qarşı irəli sürür. ABŞ-ın fikrincə, Rusiyanın Krımda "Tu-22M3" strateji bombardmançıları və "İsgəndər-M" operativ-taktiki raket kompleksləri yerləşdirməsi orta və kiçikmənzilli raketlərin ləğv edilməsi haqqında 1987-ci ildə SSRİ və ABŞ arasında imzalanan müqavilənin birbaşa pozuntusudur. Müqaviləyə əsasən, 5500 kilometr uçuş məsafəsi olan qanadlı raketlər və 500 kilometrdən çox uçuş məsafəsi olan ballistik raketlərin artırılması qadağan edilir. ABŞ narahatlığı “İskəndər-M” 9K720 raketlərindən başqa “Rubej” RS-26 yeni strateji raketlərlə bağlıdır. Sonuncu orta uzaqlıqlı raket hesab edilir. Sınaqlardan keçirilən “Rubej”in uçuş məsafəsi təxminən 6000 kilometr təşkil edir və bu, onu qitələrarası raket hesab etməyə imkan verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransında Vaşinqtona cavabında bildirib ki, ABŞ-ın hərəkətləri müqavilənin “ruhu” ilə ziddiyyət təşkil edir. Lavrovun sözlərinə görə, ABŞ-ın pilotsuz zərbə təyyarələri, həmçinin Rumıniya və Polşada raketdən müdafiə sistemlərinin yerləşdiriməsi isə müqavilənin pozuntusudur.

Konfransın müsbət notlarla başa çatacağına olan ümidləri azaldan daha bir məsələ Ukrayna münaqişəsidir. Ukrayna nümayəndə heyəti, həmçinin ABŞ və Şərqi Avropa dövlətlərinin nümayəndələri Rusiya tərəfindən Budapeşt memorandumuna riayət etmə məsələsini qaldırmaq niyyətindədir. Budapeşt memorandumu 1994-cü ilin dekabrında Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ-ın liderləri tərəfindən imzalanıb. Razılaşmaya görə, Ukrayna SSRİ-nin dağılmasından sonra onun ərazisində qalan nüvə silahlarından imtina edib. Bunun qarşılığında isə hansı ki, Rusiya, ABŞ və Böyük Britaniya Ukraynanın müstəqilliyi və təhlükəsizliyinə zəmanət verib.

Mixail Ulyanov isə iddia edir ki, Budapeşt memorandumu Rusiya tərəfindən pozulmayıb. “Biz nüvə silahının tətbiqi ilə hədələməməyi və Ukraynaya qarşı nüvə silahını tətbiq etməməyi öz üzərimizə götürdük”, - o deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm