Timoşenko üçün xüsusi qanun imzalandı
Bizi izləyin

Dünya

Timoşenko üçün xüsusi qanun imzalandı

Ukraynanın müvəqqəti Prezidenti, parlamentin sədri Aleksandr Turçinov "Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası üzrə şəxslərin reabilitasiyası haqqında" qanunu imzalayıb. Trend-in məlumatına görə, bu barədə "Ukrinform" müvəqqəti dövlət başçısının saytına istinadən xəbər yayıb.

Qanun parlament tərəfindən 2014-cü il fevralın 28-də qəbul edilib.Sənədə görə, Ukrayna Cinayət Məcəlləsinin 191, 364, 365 və 367 maddələri üzrə cinayət törətməyə görə məhkəmə tərəfindən mühakimə olunan şəxslər reabilitasiya olunmuş hesab edilirlər.

Qanun 2010-cu il fevralın 1-dən 2014-cü il martın 1-dək olan dövrdə mühakimə olunan və onların şikayətləri üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Ukraynaya qarşı İnsan haqlarının və təməl azadlıqların müdafiəsi haqqında Konvensiyanın 18-ci maddəsinin tətbiq edildiyi şəxslərə şamil edilir.

Qanunun şamil edildiyi şəxslər reabilitasiya olunmuş və bu qanunun qüvvəyə mindiyi andan avtomatik olaraq bütün hüquqları bərpa edilmiş hesab olunurlar.

Qanun dərc edildiyi gündən qüvvəyə minir.Qanunun müddəalarına görə, sabiq baş nazir Yuliya Timoşenko və sabiq DİN başçısı Yuri Lutsenko Ukrayna prezidenti seçkilərində iştirak edə bilərlər.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması işi aparılır və növbədəkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm