“Sağ sektor”dan hədə: Prezident Administrasiyasını yandırarıq
Bizi izləyin

Dünya

“Sağ sektor”dan hədə: Prezident Administrasiyasını yandırarıq

Kiyevdə Prezident Administrasiyasının qarşısında toplaşan milliyyətçi “Sağ sektor” təşkilatının fəalları hakimiyyəti binanı yandırmaqla hədələyiblər.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, hədə təşkilatın mətbuat katibi Artyom Skoropadskinin dilindən səsləndirilib.

Onun sözlərinə görə, aksiyada “Sağ sektor”un təxminən 200 fəalı iştirak edir. Artyom Skoropadski qeyd edib ki, təşkilat Dneprepetrovsk vilayətindəki bazasının ətrafında yaranan vəziyyət barədə izahat tələb edir. “Təşkilatın üzvlərinin əsas hissəsi bazanın mühasirəyə alındığı Dneprepetrovsk vilayətinə gedib. “Sağ sektor”un tələblərinə etinasız yanaşıldığı halda prezident administrasiyası yandırılacaq", - Skoropadski bildirib.

Təşkilatın digər bir nümayəndəsi Aleksey Bık vurğulayıb ki, aksiya prezident Pyotr Poroşenkoya əbədi olmadığını xatırlatmaq üçün keçirilir.

Hazırda Prezident Administrasiyasının binası təhlükəsizlik əməkdaşları tərəfindən mühafizə olunur. Binanın yaxınlığında isə içində Ukrayna Milli Qvardiyasının döyüşçülərinin olduğu avtobuslar dayanıb.

Pyotr Poroşenkonun məsləhətçisi və Ukraynanın müdafiə nazirinin köməkçisi Yuri Biryukov “Facebook” səhifəsində “Sağ sektor”u ittiham edib ki, təşkilatın rəhbərliyi Ukraynanın Silahlı Qüvvələrinin tərkibinə inteqrasiya haqqında razılaşmanı yerinə yetirməkdən imtina edir. Donbas hövzəsində hərbi əməliyyatlarda iştirak edən “Sağ sektor” aprelin 10-da xüsusi əməliyyatlar zonasını tərk edib və təşkilatın lideri Dmitri Yaroş Ukraynanın Silahlı Qüvvələrinin baş komandanının məsləhətçisi olub. Təşkilatın döyüş bölmələri isə Baş qərargahın tabeliyinə keçib.

Amma “Sağ sektor” silahları təhvil verməkdən imtina edir. Artyom Skoropadski bildirib ki, “Sağ sektor” silahı verməyə hazırlaşmır və Müdafiə Nazirliyinin tərkibinə ayrı bir struktur kimi daxil olmaq üçün danışıqlara davam etmək niyyətindədir.

“Heç kim “Sağ sektor”dan silahı götürmək hüquqlarına malik deyil. Bu silahı bizə dövlət verməyib. Biz bu silahları döyüşlərdə özümüz əldə etmişik. “Sağ sektor”un döyüşçüləri Dneprepetrovsk vilayətində desantçılar tərəfindən mühasirəyə alınan bazanı tərk etməyə hazırlaşmır. Bazaya heç kim girməyəcək. Bura bizim bazamızdır”, - Skoropadski vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm