“Gürcüstanda vəziyyət nəzarətdən çıxıb”
Bizi izləyin

Dünya

“Gürcüstanda vəziyyət nəzarətdən çıxıb”

“Gürcüstanın baş naziri ölkədəki vəziyyətə nəzarəti itirib”.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə “Birləşmiş Demokratik Hərəkat” Partiyasının lideri, eks-spiker Nino Burdcanadze Gürcüstan hökumətinin tam tərkibdə istefa verməsini şərh edərkən deyib.

Nino Burdcanadze həmçinin sabiq baş nazir Bidzina İvanişvilinin dövründə də vəziyyətin fərqli olmadığını iddia edib: “Yalnız hazırkı baş nazir İrakli Qaribaşvili deyil, hətta sabiq baş nazir İvanişvili də vəziyyətə nəzarət edə bilmirdi və reallıq haqqında informasiyalara malik deyildilər. Növbədənkənar parlament seçkiləri real dəyişikliklər və yaranmış vəziyyətdən yeganə çıxış yoludur. Əks halda, Gürcüstanın milli valyutası qiymətini itirməyə və əhali kasıblaşmağa davam edəcək. Siyasi və iqtisadi böhran o qədər kəskinləşəcək ki, ölkə real təhlükə qarşısında olacaq. Yalnız texniki dəyişikliklər yaranmış vəziyyətdə faciəyə bərabərdir”, - o qeyd edib.

Gürcüstanı idarə edən “Gürcü arzusu” koalisiyasının banisi, milyarder Bidzina İvanişvilinin 2013-cü ilin sonunda siyasətdən getməsinə baxmayaraq, ölkənin aparıcı müxalifət gücləri hələ də ölkəni sabiq baş nazirin idarə etdiyini hesab edirlər. İvanişvili isə Gürcüstan hökumətinə heç bir təsiri olmadığını, amma hakimiyyətin onun fikirlərini nəzərə aldığını deyib.

Xatırladaq ki, Gürcüstanın gənclər və idman naziri Levan Kipianinin istefa verməsindən sonra hökumət tam tərkibdə istefaya gedib. Levan Kipianinin istefası ilə hazırkı hökumətdə istefa verən nazirlərin sayı 7-yə çatıb. Gürcüstan Konstitusiyasına əsasən, nazirlərdən üçdə biri istefa verdiyi halda, hökumət tam tərkibdə istefa verməli və parlamentdən yenidən etimad rəyi almalıdır.

Konstitusiyaya əsasən yeni nazirlərin təyinatı üzrə müstəsna hüquq baş nazirə məxsusdur. Qəti qərarı isə parlament qəbul edir. Əgər qanunverici orqan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləməsə, prezident parlamenti buraxmaq və yeni parlament seçkilərini təyin etmək hüququna malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm