“Köhnə-yeni” hökumətə veto: Marqvelaşvili Ali Baş Komandan olduğunu xatırlatdı
Bizi izləyin

Dünya

“Köhnə-yeni” hökumətə veto: Marqvelaşvili Ali Baş Komandan olduğunu xatırlatdı

Gürcüstanda hakimiyyət böhranı getdikcə dərinləşir.


Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, prezident Georgi Marqvelaşvilinin baş nazir İrakli Qaribaşvilinin təqdim etdiyi yeni hökumətin tərkibini imzalamaqdan imtina etməsi hökumətin tezliklə dəyişməyəcəyini göstərir.

Xatırladaq ki, Gürcüstanın gənclər və idman naziri Levan Kipianinin istefa verməsindən sonra hökumət tam tərkibdə istefaya gedib. Levan Kipianinin istefası ilə hazırkı hökumətdə istefa verən nazirlərin sayı 7-yə çatıb. Gürcüstan Konstitusiyasına əsasən, nazirlərdən üçdə biri istefa verdiyi halda, hökumət tam tərkibdə istefa verməli və parlamentdən yenidən etimad rəyi almalıdır. Dünən isə İrakli Qaribaşvili Gürcüstan Nazirlər Kabinetinə namizədlərin adlarını açıqlayıb. Siyahıda üç yeni ad var.

Ancaq Georgi Marqvelaşvili “yeni-köhnə” Nazirlər Kabinetinin tərkibini bəyənməyib. Prezident siyahını imzalamaqdan imtina edərək baş nazir və parlamentə “tarazlaşdırılmış qərar” qəbul etməyi təklif edib. Georgi Marqvelaşvilinin siyahıdan narazılığının əsas səbəbi müdafiə nazirinin dəyişməsidir. “Mən hamıya xatırlatmaq istəyirəm ki, biz mürəkkəb çağırışlar qarşısında dayanmışıq. Ölkənin Ali Baş Lomandanı kimi sual vermək istəyirəm ki, biz müdafiə nazirlərimizi tez-tez niyə dəyişdirməliyik?” – o, deyib.

Qeyd edək ki, Gürcüstan müdafiə naziri vəzifəsindən azad olunan Mindia Canelidze Dövlət Təhlükəsizliyi və böhranların idarə edilməsi Şurasının katibi postuna təyin edilib. Sabiq müdafiə nazirinə təşəkkür edən İrakli Qaribaşvili onun vəzifəsindən azad olunması səbəbini açıqlamayıb. Qaribaşvilinin müdafiə naziri postuna namizədi isə parlamentin Avropaya inteqrasiya üzrə komitəsinin rəhbəri Tinatin Xidaşelidir.

Gürcüstanın dövlət dəftərxanasının keçmiş müdiri Pyotr Mamradze hesab edir ki, Gürcüstan yeni hökumətin son tərkibini tezliklə görməyəcək: “Gürcüstanı çox maraqlı iki-üç həftə gözləyir. Əfsuslar olsun ki, iqtidarda dərin, geniş və çox əhəmiyyətli islahatların lazım olduğunu anlayan komanda yoxdur”.

Gürcüstanın Qlobal Tədqiqatlarının Mərkəzinin rəhbəri Nana Devdariani də öz növbəsində vurğulayıb ki, yeni Nazirlər Kabinetinin yeni tərkibinin uyğunlaşdırılması prosesi çox çətin keçəcək. “Bütovlükdə parlamentdə səsvermə prosesi çox çətin keçəcək. Koalisiyanı təşkil edən bəzi partiyalar “yorğanı özünə tərəf çəkməyə” çalışırlar. Yəni, “Gürcü arzusu”nun bütün iştirakçıları nazir postlarına öz kadrlarını itələyəcəklər”, - analitik proqnozlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm