Böyük Avropa əvəzinə Böyük Asiya? – Rusiya “kiçik partnyor”luğa doğru
Bizi izləyin

Dünya

Böyük Avropa əvəzinə Böyük Asiya? – Rusiya “kiçik partnyor”luğa doğru

“Çin və Rusiya son bir neçə gün ərzində hərbi, maliyyə və siyasi əlaqələrin inkişafına yönəldilən bir sıra addımların atılacağını bəyan edib. İki rəqibi arasında ittifaqın möhkəmlənməsi Vaşinqtonun narahatlığına səbəb olmalıdır”.

Publika.az xəbər verir ki, bu fikirlər “The Washington Times” qəzetində Devid Sendsin müəllifi olduğu yazıda yer alıb.

Müəllif qeyd edir ki, sosializm cəbhəsində yer almasına baxmayaraq, “soyuq müharibə” dövründə bir-birinə rəqib olan Moskva və Pekin hazırda ABŞ-a qarşı birgə planlar həyata keçirir. İki ölkə arasında münasibətlərin möhkəmləndiyini göstərən son hadisə aprelin 30-da yaşandı. Rusiya və Çinin hərbi dəniz qüvvələri may ayının ortalarında Aralıq dənizində ilk dəfə birgə təlimlər keçirəcək. Cinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Qen Yanşen təlimlərin hər hansı üçüncü tərəfə qarşı olmadığını bildirib. O, həmçinin qeyd edib ki, təlimlərin regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.

Lakin ekspertlər Pekindən verilən bəyanatla razılaşmırlar. ABŞ-ın “The New York Times” qəzetinə danışan ekspertlər hesab edirlər ki, birgə təlimlər ABŞ və Avropaya mesajdır. Çin Xalq Universitetinin beynəlxalq məsələlər üzrə professoru Si İnxun əmindir ki, Moskva və Pekin öz maraqlarını müdafiə edəcəyini ABŞ və Avropaya nümayiş etdirirlər. “Moskva Vaşinqtona göstərir ki, onun səylərinə baxmayaraq beynəlxalq aləmdən təcrid olunmayıb və Avropanın sərhədlərində təlimlər keçirə bilər. Pekin də Moskva ilə möhkəm dostluq əlaqələrini nümayiş etdirərək ABŞ və Yaponiyanın hərbi əməkdaşlığının genişlənməsinə reaksiya verir”, - çinli professor söyləyib.

ABŞ-ın Hərbi-Dəniz Kollecinin strateji tədqiqatlar üzrə mütəxəssisi Piter Dattom də eyni fikirdədir. Onun sözlərinə görə, Rusiya və Çin ABŞ və Avropaya siyasi siqnal göndərir ki, dənizlərdəki maraqlarını birgə müdafiə edə bilərlər.

Moskva və Pekin arasında əməkdaşlıq bununla yekunlaşmır. Aprel ayında əldə olunan razılaşma ilə Çin “S-400” zenit-raket kompleksinin ilk xarici alıcısı olub. Müqavilənin dəyəri 3 milyard dollardır. “Rosoboroneksport” dövlət şirkətinin başçısı Anatoli İsaykin bildirib ki, sözügedən müqavilə iki ölkə arasında münasibətlərin strateji səviyyəsini göstərir.

Aralıq dənizindəki hərbi təlimlərin elan olunduğu bir vaxtda məlum oldu ki, Rusiya Çinin təsis etdiyi Asiya İnfrastruktur İnvestisiyaları Bankının ən böyük xarici investorlarından biri olacaq. Əlavə edək ki, bankın yaradılmasına Barak Obama administrasiyası mane olmağa çalışırdı. Analitiklər hesab edirlər ki, sözügedən bank Ümumdünya Bankı və Qərbin digər qərb maliyyə institutlarına çağırış hesab edilə bilər.

Rusiya baş nazirinin müavini Dmitri Roqozin və Çin baş nazirin müavini Vang Yang arasında bu həftə keçirilən görüşdə ən yaxın bir neçə onillikdə kosmosun öyrənilməsi sahəsində əməkdaşlıq planları müzakirə olunub. Roqozin qeyd edib ki, Pekin və Moskvanı kosmosun öyrənilməsi üzrə birgə layihələrdə iştirakı ümumi maraqlarla bağlıdır.

Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin sözlərinə görə, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi onların beynəlxalq geosiyasi arenada təsirini gücləndirə bilər. O, əlavə edir ki, bu iki ölkənin başqa güclü müttəfiqi yoxdur. Trenin hesab edir ki, əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək daha bir amil ölkə liderlərinin öz ölkələrində güclü mövqeyə malik olmasıdır. “Çin və Pekin arasında münasibətlərdə 2014-cü ildə əldə edilən uğurlar deməyə əsas verir ki, münasibətlər əsas sferalar üzrə inkişaf etməyə davam edəcək. Lissabondan Vladivostoka qədər qurulması təklif olunan Böyük Avropanın əvəzinə indi Şanxaydan Sankt-Peterburqa qədər Böyük Asiya formalaşdırılır”, - rusiyalı analitik hesab edir.

Amma Rusiyanın bir sıra analitikləri qorxularını açıq şəkildə ifadə edirlər ki, Moskva Çinin artan iqtisadi təsiri fonunda istənilən ittifaqda “kiçik partnyor” olmağa məhkumdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm