Müharibə dəhşətləri uşaqların gözündə - FOTOLAR
Bizi izləyin

Dünya

Müharibə dəhşətləri uşaqların gözündə - FOTOLAR

Ağrılı tibbi müayinələr, gözlərdə qorxu... Bütün bu deyilənlər Suriyada yerləşən qaçqın düşərgəsində yaşayan uşaqlara aiddir. Onlar evlərindən qovulub və düşərgələrə gətirilərək tibbi müalicə almaq üçün çarəsiz halda uzanıb gözləyirlər.

İsveç fotoqrafı Maqnus Vennman qaçqın düşərgələrindən təsirli səhnələrlə dolu fotolar çəkib. Həmin düşərgələrdə 10 minlərlə uşaq sığınacaq tapıb.

Publika.az xarici mediaya istinadən xəbər veir ki, düşərgədə yaşayan qaçqınların tibbi qayğıya ehtiyacları var. Qaraciyər xəstəlikləri, korluq, uşaq iflici və sair xəstəliklər geniş yayılıb. Düşərgənin azyaşlı sakinləri təhsilin nə olduğunu bilmir, onlar yalnız müharibə dəhşətlərini xatırlayır.

Qaçqınlardan biri 10 yaşlı Rahmadır. O, göz qüsuru ilə dünyaya gəlib. Müharibədən əvvəl, Rahma gözdən əlil uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə təhsil alırdı. O oxumağı çox sevirdi, lakin müharibə başlayan kimi ailəsi ilə qaçqın düşdü. Rahma müharibə illərində vaxtında müalicə ala bilmədiyi üçün tamamilə kor oldu. O deyir: “Mən bir daha görə bilməyəcəm və küçəyə çıxa bilməyəcəm. Hər gün çadırda oturub gözləyirəm”.

10 yaşlı Əli isə qaraciyər xəstəliyindən əziyyət çəkir. Xəstəlik nəticəsində onun qanı bədəndə düzgün dövr edə bilmir. Nəticədə, Əli günəşə çıxan kimi şiddətli yanıq ağrılarından əziyyət çəkməyə başlayır. Əlinin bədəni gün işığından səpir və qızarır. Lakin o, çöldə oynayan uşaqların səsini eşidər eşitməz küçəyə qaçmağa başlayır. Bu isə onun bədənin yanmasına gətirib çıxarır.

10 yaşlı Şiar isə qaçqınlıq dövründə ölkə sərhədindən keçən zaman minalı sahəni tapdalayıb. Nəticədə, o tamamilə sol əlini itirib. Sağ əlindən isə bir neçə barmaq qalıb. Şiarın sinəsi, boynu, çənəsi çapıq və yaralarla doludur. O deyir: “Daha çox küçəyə çıxa bilmədiyim üçün məyus oluram. Mənə hər zaman soyuqdur, ona görə də həmişə isti yerdə qalmalıyam”.

4 yaşlı Məhəmməd isə gözünü açandan yalnız müharibəni xatırlayır. Raqqa şəhərindən qaçqın düşən Məhəmməd o vaxtdan etibarən danışmır. Ailəsi Məhəmmədi həkimə göstərib, lakin uşaq inkişafdan qaldığı üçün heç nə ona təsir etmir.

8 yaşlı Əhməd isə kordur və ailəsi ilə düşərgədə yaşayır. O, bir gün əməliyyat olunacağına və güman ki, görə biləcəyinə ümid edir.

9 yaşlı Şiraz 3 aylıq olarkən qızdırmaya tutulub. Həkimlər qıza uşaq iflici diaqnozu qoyub. Onların sözlərinə görə qıza pul töküb müalicə etmək əbəs yerədir və onun artıq şansı yoxdur. Lakin qızcığazın anası Leyla uşağı mələfəyə bükərək Kobanidən Türkiyəyə keçirib. Şiraz danışa bilmir və hələ də, qaçqın düşərgəsində taxta beşikdə yatır.

5 yaşlı Tamam isə balışla yatmaqdan qorxur. Müharibə baş verən günü göydən atılan bombalardan sığınmaq üçün o, balışla başını örtərək qorunmağa çalışıb. İndi isə Tamam balışın təhlükə mənbəyi olduğunu güman edir.

5 yaşlı Valanın da qorxusu balışlardandı. Çünki Hələb şəhərində yaşadığı vaxtlarda Vala evdə dincələrkən evlərinə hücum edilib. O vaxtdan Vala balışa nifrət edir.

20 aylıq Əmir elə qaçqın kimi dünyaya gəlib. O, hələ anasının bətnində olarkən travma alıb. Hazırda isə uşaq bir kəlmə olsun belə danışa bilmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm