Kiyevdən həyəcan təbili: Moskvanın “Dəhliz planı” işə düşür
Bizi izləyin

Dünya

Kiyevdən həyəcan təbili: Moskvanın “Dəhliz planı” işə düşür

Ukraynanın Donbas hövzəsində vəziyyət kəskinləşib. Separatçılar ağır artilleriyadan intensiv istifadə edirlər.

Publika.az “Unina.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahından bildirilib.

Məlumata görə, separatçı qüvvələr ötən gecə ağır artilleriyadan da intensiv istifadə etməklə ümumilikdə 42 dəfə atəşkəs rejimini pozublar. Vəziyyətin Donetsk vilayətinin Şirokino, Donetçine və Avdeyevka qəsəbələri ətrafında daha ağır olduğu bildirilir.

Hərbi ekspert, xalq deputatı Dmitri Tımçukun koordinatoru olduğu “İnformasiya müqaviməti” qrupunun məlumatına görə, Mariupol şəhərinin yaxınlığında 3 min döyüşçüdən ibarət güclü zərbə qüvvəsi yaradılıb. Zərbə qüvvəsi Azov dənizinin sahilində yerləşdirilib. Qrup bildirir ki, zərbə qrupunun, eyni zamanda Novoazovsk şəhərindən şimali-şərqdə yerləşən qüvvələrin “Telmanovo” sərhəd-keçid məntəqəsi vasitəsilə hərbi təchizatı davam etdirilir. Məlumata görə, 16 zirehli döyüş maşını (BBМ), 5 çoxməqsədli yüngül zirehli transportyor (MT-LB), 7 tank, 2 tırtıllı piyada döyüş maşını (BMP-2) və bir neçə yük maşınından ibarət iki kolon Rusiyadan Ukraynaya keçib.

Rəsmi Kiyev də Azov dənizinin sahilində yerləşən strateji əhəmiyyətli Mariupol şəhərinin separatçıların əsas hədəfi olduğunu düşünür. Ukraynanın anti-terror əməliyyat mərkəzinin komandanının müavini Sergey Qaluşko məhz bu səbəbdən hərbi güclərini Şirokinodan aparmağa hazırlaşmadıqlarını deyib.

Qeyd edək ki, Şirokino qəsəbəsi Ukrayna ordusunun nəzarət etdiyi Mariupol şəhəri ilə separatçıların nəzarət etdiyi Novoazovsk şəhəri arasında, Azov dənizinin sahilində yerləşir. Qəsəbə fevral ayının əvvəlində “Azov” batalyonu tərəfindən azad edilib. Ukrayna qoşununun Şirokinodan geri çəkiləcəyi halda Krım yarımadasına gedən quru dəhlizin üzərində yerləşən Mariupol separatçıların açıq hədəfinə çevriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm