Ermənistandan TƏHLÜKƏ: bombanın ömrü 11 il uzadıldı
Bizi izləyin

Dünya

Ermənistandan TƏHLÜKƏ: bombanın ömrü 11 il uzadıldı

Ermənistan parlamenti təkcə region üçün deyil, beynəlxalq aləm üçün də təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin 2026-cı ilə qədər uzadılması barədə Rusiya ilə imzalanan razılaşmanı təsdiqləyib.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, parlamentdə çıxış edən Ermənistanın enerji və təbii ehtiyatlar nazirinin köməkçisi Areq Qalstyan razılaşmanın əhəmiyyəti barədə danışıb.

Ermənistan parlamentində səsverməyə çıxarılan razılaşmanın lehinə 111 deputat səs verib. Razılaşmaya görə, Rusiyanın “Rosatom” şirkəti Ermənistanın enerji tələbatının 40 faizini ödəyən stansiyanın tamamilə yenilənməsini üzərinə götürür. 20 aprel 2014-cü ildə Moskvada imzalanan müqaviləyə görə, Rusiya Ermənistana 270 milyon dollar kredit və 30 milyon dollar əlavə yardım edəcək.

Stansiyanın istismarının əhəmiyyətli olduğunu deyən millət vəkili Tevan Poqhosyan qeyd edib ki, nüvə stansiyasına sahib olmaq bölgədə təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətlidir.

Ermənistanın paytaxtı İrəvandan 32 kilometr qərbdə yerləşən stansiya 1970-ci ildə tikilib. Ermənistanda 1988-ci ildə baş verən zəlzələdən sonra stansiya bir il müddətində təhlükəsizlik səbəbləri ilə əlaqədar fəaliyyətini dayandırıb. 1995-ci ildə yenidən fəaliyyətə başlayan “Metsamor” həmin vaxtdan fasiləsiz işləyir.

Xəzər Strateji İnstitutunun (HASEN) “Hazar World” jurnalının ötən ilin sonunda dərc etdiyi hesabata görə, rəsmi İrəvan ölkənin enerji təminatının bu stansiyadan asılı olduğunu bildirsə də, əslində, Ermənistan idxal etdiyi təbii qazla öz enerji təhlükəsizliyini təmin edir.

2004-cü ildə Avropa Birliyi “Metsamor”un bütün bölgə üçün təhlükə olduğunu nəzərə alaraq stansiyanı bağlanmaq üçün Ermənistana 200 milyon avro kredit təklif etsə də, rəsmi İrəvan bundan imtina edib. Qarşı tərəfin tələbi 1 milyard avro idi və nəticədə razılaşma baş tutmayıb. Bu isə Ermənistanın stansiyanın bağlanmasında maraqlı olmadığını göstərir. Eyni zamanda Beynəlxalq Atom Enerji Agentliyi (MAQATE) öz hesabatında “Metsamor”u dünyadakı ən təhlükəli atom stansiyaları sırasına daxil edib. İrəvan isə qorxu üçün heç bir əsas olmadığını bəyan etməklə kifayətlənir.

AES-in təhlükəli tərəflərindən biri onun hazırda dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Bu texnologiya baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir. “Metsamor”un yaratdığı təhlükələrdən biri də stansiyanın fəaliyyəti üçün lazım olan uranın Rusiyadan Ermənistana hava yolu ilə daşınmasıdır. Uçan nüvə bombasına bənzəyən uran yüklü təyyarələrin Cənubi Qafqaz hava yolundan istifadə etdiyi nəzərə alınsa, regionda ikinci Xirosima yaşana bilər. Bu da “Metsamor”un təcili olaraq bağlanmasını şərtləndirən əsas səbəblərdəndir.

Cənubi Qafqaz üzrə gürcü eksperti Mamuka Areşidze hesab edir ki, regionda Çernobıldan da güclü ekoloji faciə baş verə bilər: “Ermənistanda ötən illərin 80-ci illərində baş vermiş dəhşətli zəlzələni hamı yaxşı xatırlayır. Bu zəlzələ günlərin birində “Metsamor”u da dağıda bilər. Torpaq ehtiyatı az olan Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına isə elə zərbə vurular ki, bunu uzun illər bərpa etmək mümkün olmaz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm