• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Erməni ekspert: “Ermənistanda daxili siyasət böhranı yetişir”

  • Dünya
  • 6 May 2015 16:41
  • 369 Baxış
Erməni ekspert: “Ermənistanda daxili siyasət böhranı yetişir”

“Ermənistanda daxili siyasət böhranı yetişir. Hakimiyyət pulun mənbələrini ümidsiz şəkildə axtarmağa başlayıb”.

Publika.az “lragir.am” saytına istinadən xəbər verir ki, bu sözləri erməni siyasi müşahidəçisi Akop Badalyan xaricdə işləyən şəxslərdən vergi almaq məqsədilə parlamentə təqdim edilən yeni qanun layihəsini şərh edərkən deyib.

Layihəyə əsasən Rusiya ərazisində və digər ölkələrdə hər hansı iş icra edən şəxs Ermənistana 13 faiz həcmində gəlir vergisi ödəməlidir. Qanun layihəsinin müzakirələrində ona qarşı çıxanlar da olub. Millət vəkili, sabiq baş nazir Hrant Baqratyan deyib ki, bu kimi “çox ciddi” qanun layihəsini “başdansovma” qəbul etmək olmaz. “Siz Avrasiya İqtisadi İttifaqa üzv olanda üzərinizə öhdəlik götürmüsünüz. Siz bunu nəzərə alırsınızmı? Rusiyadan soruşmusunuz? (...) Bir halda ki, artıq Avrasiya İqtisadi İttifaqının üzvüyük, Novosibirsk və ya Rusiyanın başqa hər hansı bir yerində işləyənin orada vergisini ödəməsi faktı ilə barışmalıyıq”, - millət vəkili bəyan edib.

Maliyyə Nazirliyinin məlumatına görə, 2015-ci ilin birinci rübündə iri vergi ödəyiçiləri dövlət büdcəsində ötən ilin eyni dövrü ilə müqayisədə 154 milyard dram daha az ödəyiblər. Akop Badalyan hesab edir ki, problemin kökündə iqtisadi tendensiyalar dayanır: “Ermənistan hazırda Avrasiya qəfəsindədir. Avrasiya İqtisadi İttifaqına üzvlüyə razılıq verdiyimiz 2013-cü ilin sentyabrında haqqında danışılan investisiyalar bu günə kimi yoxdur. “Rosneft” Ermənistana söz verdiyi 400 milyon dollar sərmayə qoymadı, həmçinin “Rusiya Dəmir Yolları” 290 milyon dolları vermədi. Beynəlxalq sanksiyalara görə onların özləri hazırda pula ehtiyac duyurlar. Ermənistana sərmayə qoymayan Rusiya eyni zamanda siyasi status-kvonun pozulması təhlükəsini nəzərə alaraq üçüncü ölkələrin investisiya proqramlarına maneə olur”.

Erməni ekspertin fikrincə, İrəvan üçün yalnız bir lütf qalır: Rusiyada yaşayan erməni oliqarxlarının investisiyaları. Amma Badalyan qeyd edir ki, onların da Kremlin nəzarəti altında olması ümidləri azaldır.

“Ermənistanda əsl böhran hakimiyyət böhranıdır. Hakimiyyətin iki yolu qalır: ya fundamental sistem islahatları həyata keçirmək, ya da mövcud sistemin saxlanılması üçün pulun yeni mənbələrini axtarmaq. Qərb donorlarının Ermənistana münasibəti getdikcə pisləşir. Qərb donorları tərəfindən Ermənistanın maliyyələşdirilməsi azaldılıb və bu, Serj Sarkisyanın ikinci prezidentlik müddətinin başa çatmasına qədər kifayət etməyəcək. Beləliklə, Qərb donorları Ermənistanda yeni hakimiyyətin formalaşması prosesini idarə etməyə və mövcud sistemin manevr azadlığını məhdudlaşdırmağa çalışır. Onlar həmçinin Rusiyanın imkanlarının azalmasından istifadə etməyə çalışırlar. Amma bu da öz növbəsində əks-effekt doğurur. Rusiya sözsüz ki, Ermənistana azalan maliyyə dəstəyini siyasi təzyiqin gücləndirilməsi ilə kompensasiya etməyə çalışacaq”, - erməni siyasi müşahidəçisi sonda yazıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR