Nemtsovun “Putin. Müharibə” məruzəsi dərc olundu – TEZİSLƏR
Bizi izləyin

Dünya

Nemtsovun “Putin. Müharibə” məruzəsi dərc olundu – TEZİSLƏR

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov dostu, jurnalist İlya Yaşinin rəhbərlik etdiyi müxalifət fəalları və jurnalistlər qrupu Donbas hövzəsindəki münaqişədə Rusiya hərbçilərinin iştirakı haqqında məruzənin üstündə işi başa çatdırıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, “Putin. Müharibə” adlanan məruzə dərc olunub.

İlya Yaşin bildirib ki, Nemtsovun qətlindən sonra polis onun evi və ofisində axtarışlar apararaq kompüterlər və digər məlumat daşıyıcılarını müsadirə edib. Nemtsovun topladığı arxivin bir hissəsinin itdiyini deyən Yaşinin sözlərinə görə, rəhbərlik etdiyi qrup qətldən sonrakı birinci həftədə itirilmiş sənədləri bərpa edib.

Yaşin qeyd edib ki, onun komandası Nemtsovla ünsiyyət saxlayan şəxslərlə əlaqə yarada bilib. Ancaq həmin insanlar Nemtsova açıqladığı informasiyaları təsdiq etməkdən qəti surətdə imtina ediblər. “Həmin informasiyalar çox əhəmiyyətli və spesifik idi”, - o deyib.

Məruzədəki informasiyanın çox hissəsi açıq mənbələrdən toplanılıb. Məruzənin birinci tirajı 3 min nüsxə təşkil edir. Sənəd həmçinin internetdə yerləşdirilib.

Məruzənin əsas tezisləri aşağıdakılardır.

1. Nemtsovun qiymətləndirməsinə əsasən, Rusiyanın ən azı 150 əsgəri 2014-cü ilin avqustunda həlak olub. Həmin vaxt hücuma keçən Ukrayna ordusu İlovaysk yaxınlığında Rusiya qoşunları tərəfindən dayandırılıb. Həlak olmuş hərbi qulluqçuların qohumları 2 milyon rublla (təxminən 39 min dollar) susdurulub.

2. Nemtsovun iddiasına görə, təxminən 70 Rusiya əsgəri 2015-ci ilin yanvar-fevral aylarında Debaltsevo şəhəri yaxınlığında həlak olub. Fevralda hərbi qulluqçuların qohumları kompensasiya ala bilmədiyinə görə, kömək üçün Nemtsova müraciət ediblər.

3. Məruzənin müəllifi qeyd edir ki, 10 ay ərzində Rusiya büdcəsindən müharibəyə təxminən 53 milyard rubl (təxminən 1 milyard dollat) xərclənib. Bundan 21 milyard rubl 6 min könüllünün, 25 milyard rubl 30 min yerli separatçının saxlanılmasına, 7 milyard rubl isə hərbi texnikanın istismarı və təmirinə sərf olunub.

4. 2014-cü ilin iyul ayından Ukraynanın Donetsk və Luqansk vilayətlərindən olan qaçqınların saxlanılması üçün 80 milyard rubl (təxminən 1,55 milyard dollar) xərclənib.

5. Rusiyalılar Krımın Rusiyaya birləşməsi nəticəsində bir il ərzində öz maaşlarından 750 milyard rubl (təxminən 14,5 milyard dollar) itirib. Qərbin sanksiyaları və Rusiyanın cavab olaraq tətbiq etdiyi ərzaq embarqosu nəticəsində qiymətlər 5,5 faiz artıb. Məhz bu rəqəm hesablamaların əsasını təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm