Yasenyuk Yanukoviç və “ailəsi”nin pullarının büdcəyə qaytarılmasını təklif edib
Bizi izləyin

Dünya

Yasenyuk Yanukoviç və “ailəsi”nin pullarının büdcəyə qaytarılmasını təklif edib

Ukraynanın baş naziri Arseniy Yasenyuk Baş prokurorluğu keçmiş prezident Viktor Yanukoviç və onun ətrafının həbs edilən pullarının dövlət büdcəsinə qaytarılmasını təklif edib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, baş nazir bu barədə brifinqdə bildirib.

“Əgər sözügedən vəsait oğurlandığı büdcəyə geri qaytarılarsa, bu, hökumətə vətəndaşlar üçün sosial standartları yüksəltməyə, korrupsiya ilə mübarizə aparmağa və ordunu əlavə maliyyələşdirməyə imkan verəcək”, - Yasenyuk qeyd edib.

Ukraynanın Təhlükəsizlik Xidməti 2014-cü ilin iyununda Yanukoviç və onun hakimiyyətində təmsil olunan bir sıra məmurların hesablarının həbs olunduğunu elan edib. Xüsusi olaraq, keçmiş prezidentin özü, daxili işlər naziri Vitali Zaxarçenko, VETEK şirkətlər qrupunun başçısı Sergey Kurçenko və Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Yakimenkodan söhbət gedir. Ümumilikdə, 25 sabiq məmurun hesablarına həbs qoyulub. Bundan başqa, Avstriya və İsveçrə fevralın sonunda Yanukoviç və onun silahdaşlarının bank hesablarına həbs qoyub.

Ukraynanın Maliyyə Monitorinqi üzrə Dövlət Komitəsi ötən ilin noyabrında açıqlayıb ki, Yanukoviçə məxsus şirkətlərin hesablarındakı 1,42 milyard dollara həbs edilib. Bu hesablar həm Ukrayna, həm də xarici ölkələrdədir. Həmçinin qeyd edilib ki, Ukraynada korrupsiya fəaliyyətinə cəlb olunmuş fiziki və hüquqi şəxslərin 500-dən çox bank hesabı aşkar edilib. Onların isə 1,7 milyard qrivnasına (təxminən 112 milyon dollar) həbs qoyulub.

Daha sonra daxili işlər naziri Arsen Avakov “Facebook” səhifəsində yazıb ki, Yanukoviçin xaricdə həbs edilmiş aktivlərin ümumi məbləği 2 milyard dollar, Ukraynanın daxilində isə 1,8 milyard dollar və 6 milyard qrivna (430 milyon dollar) təşkil edir. Avakovun sözlərinə görə, bu məbləğlər Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın ümumilikdə illik büdcəsindən çoxdur.

Qeyd edək ki, Yanukoviç 2013-cü ilin noyabrında başlayan kütləvi nümayişlərin nəticəsi olaraq 2014-cü il fevralın sonunda Ukraynanı tərk edib. O, hazırda Rusiyada yaşayır. Kiyev İnterpol vasitəsilə Yanukoviçin xarici hesablarının bir hissəsinin həbsinə nail olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm