ABŞ Moskvaya qarşı “Kalininqrad oyunu”na başladı
Bizi izləyin

Dünya

ABŞ Moskvaya qarşı “Kalininqrad oyunu”na başladı

Amerikalı ekspert Litvaya Rusiyanın Kalininqrad vilayətinin statusuna etiraz etməyi məsləhət görüb.

Publika.az xəbər verir ki, amerikalı politoloq, “Wikistrat” təşkilatının böyük analitiki Maykl Uoller bu barədə “Delfi” nəşrinə müsahibəsində bildirib.

O, Kalininqrad vilayətinin Litva ərazisinə daxil edilməsi üçün Rusiya qarşısında iddia qaldırılmasını məsləhət görüb. Amerikalı mütəxəssisinin fikrincə, beynəlxalq hüquq nöqteyi-nəzərindən Kalininqrad vilayəti ən azından mübahisəli ərazidir. Onun sözlərinə görə, 1945-ci ildə müttəfiqlər Potsdam konfransında sözügedən ərazi ilə bağlı SSRİ-nin tələbini qəbul etsələr də, ərazi haqqında məsələnin qəti həlli təxirə salınıb.

“Tezliklə “soyuq müharibə” başlandı və sülh müqaviləsi imzalanmadı. İndi Kalininqrad vilayətinin hüquqi statusu haqqında düşünməyin əsl vaxtıdır. Belə bir status faktiki olaraq mövcud deyil. Düşünürəm ki, demokratik ölkələr bu məsələni qaldırmalıdır”, - Uoller “Delfi”yə deyib.

Kalininqrad vilayəti Rusiyaya məxsus olan və Polşa ilə Litva arasında yerləşən, eləcə də Rusiya ilə birbaşa sərhədi olmayan anklav ərazidir. Krımın Rusiyaya birləşməsindən sonra Kalininqrad vilayəti ilə bağlı diskussiyalar yenidən gündəmə gəlib.

Litvada iddia edirlər ki, vilayət SSRİ dövründə müvəqqəti olaraq Rusiyanın nəzarətinə verilib və bu müddət çoxdan başa çatıb.

“Krımı tutan və Ukraynanın şərq ərazilərinə müdaxilə edən Rusiya dövlət sərhədlərinin bütövlüyü haqqında beynəlxalq razılaşmaları pozur. Bu isə Rusiyaya xatırlatmaq üçün əsas verir ki, Karalyauçus (Kalininqradı Litvada belə adlandırırlar – Ö.D.) 1945-ci ildə keçirilən Potsdam konfransında 50 il müddətinə icarəyə verilib. Əlli illik müddət çoxdan keçib və bu məsələni qaldırmaq üçün dəqiq əsaslar var”, - Şərqi Avropa Tədqiqatları Mərkəzinin (SİVE) analitiki Laurinas Kaşyunas vurğulayıb.

L.Kaşyunasın sözlərinə görə, vilayətin statusu haqqında Potsdam konfransının qərarını Böyük Britaniya və ABŞ yenidən gözdən keçirə bilərlər. Amma analitik hüquq əsasların olmasına baxmayaraq, siyasi iradənin kifayət etməyəcəyini deyir: “Düşünürəm ki, bu məsələ sadəcə unudulub və yaxud da unudacaqlar. Məsələn, Budapeşt memorandumunu xatırlayaq. Ukrayna bu anlaşma çərçivəsində ona verilən təhlükəsizlik zəmanətlərini ala bilmədi”.

L.Kaşyunas hesab edir ki, Qərb vilayətin statusu məsələsini qaldırmağa cəsarət etməyəcək: “Ona görə ki, Rusiya bir neçə dəfə nüvə silahından istifadə edəcəyi barədə xəbərdarlıq edib. Karalyauçus konsepsiyası 2005-ci ildə daha canlı idi, amma o sakitləşdi. Çünki Moskva bu ideyanın inkişaf etdirilməsinə icazə vermədi. Rusiya anladı ki, Karalyauçusun muxtariyyətinə görə müxtəlif nüanslar yarana bilər. Moskva bu oyunlara son qoymağa qərar verdi və xəbərdarlıq etdi ki, faktiki olaraq hər şey onun qərarlarından asılıdır”.

Vilnüs Beynəlxalq Münasibətlər İnstitutunun siyasi elmlər müəllimi, politoloq Tomas Yanelyunas Potsdam müqaviləsi və Kalininqradın statusu haqqında məsələninin qaldırılması üçün əsas görmür. O, bu məsələninin qaldırılması cəhdləri arxasında Qərbin olduğunu düşünür və bu məsələnin domino effekti yarada biləcəyini qeyd edir. “Mən arqumenti başa düşürəm ki, Rusiya 1975-ci ildə formalaşmış sərhədlərin toxunulmazlığı sistemini pozub. Amma unutmaq olmaz ki, bu məsələ müxtəlif ərazilər haqqında müzakirələrin mərkəzi ola bilər”, – Yanelyunas vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm