Türkiyə vasitəçilikdən imtina etdi
Bizi izləyin

Dünya

Türkiyə vasitəçilikdən imtina etdi

Bu gün Türkiyənin Antalya şəhərində NATO ölkələrinin xarici işlər nazirlərinin sammiti başlanır.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, yeni geostrateji çağırışlar fonunda ittifaqın gücləndirilməsi, Ukrayna böhranı və Rusiya ilə münasibətlər müzakirələrin əsas mövzusu olacaq.

Antalya sammiti ərəfəsində mətbuat konfransı keçirən NATO-nun baş katibi Yens Stoltenberq xəbərdarlıq edib ki, ittifaq son onilliklər ərzində ən ciddi kollektiv müdafiənin möhkəmləndirilməsini həyata keçirir. O, nümunə olaraq hazırda Estoniyada keçirilən “Kirpi-2015” genişmiqyaslı hərbi təlimləri göstərib. İttifaqın baş katibi qeyd edib ki, Rusiya əvvəlki kimi NATO-ya üzv ölkələri üçün əsas təhlükə olaraq qalır. Yens Stoltenberqin fikrincə, Donbas münaqişəsinin həllini nəzərdə tutan Minsk razılaşmaları reallaşdırılmayıb və Rusiya əvvəlki kimi silah çatdırmaqla separatçıları dəstəkləyir.

Xatırladaq ki, NATO Rusiya ilə əməkdaşlığı Krımın Rusiyaya birləşməsindən sonra - 2014-cü ilin aprelində tamamilə dayandırıb. Ukraynanın NATO ilə əməkdaşlığı, əksinə, getdikcə möhkəmlənir. İttifaq və Ukrayna artıq bir sıra məsələlər, xüsusilə müdafiə islahatı və kibertəhlükələrdən müdafiənin təşkili üzrə əməkdaşlıq edir.

Analitiklər hesab edir ki, yaxın gələcəkdə NATO və Rusiya arasında münasibətlərin normallaşmasını gözləmək əbəsdir.

“Reuters”in yazdığına görə, NATO Rusiya Federasiyası və hərbi alyans arasında münasibətlərin nizama salınmasında Türkiyənin vasitəçi roluna ümid edirlər. Ancaq Türkiyə hökumətinin yüksək vəzifəli nümayəndələrinin Ankaranın belə bir missiyanı üzərinə götürəcəyinə şübhə edirlər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünənki açıqlamasında Moskvanın Ukrayna böhranındakı rolunu tənqid edib. Türkiyə Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Rusiyanın öz qonşuları ilə bağlı hərəkətlərinə heç nə ilə haqq qazandırıla bilməz. Çavuşoğlu vurğulayıb ki, Rusiya və Ukrayna arasında münaqişə yalnız siyasi dialoq yolu ilə həll edilməlidir. O həmçinin qeyd edib ki, nə Rusiya, nə Avropa Birliyi Ukraynanı seçim etməyə məcbur etməməlidir.

Bundan başqa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonunda Rusiyanın hərəkətlərini tənqid edib. Rusiyalı həmkarı Vladimir Putinin aprelin 24-də İrəvana səfərindən qəzəblənən Ərdoğan Rusiyanı Krım və Ukraynada baş verənləri xatırlamağa çağırıb. “Soyqırım haqqında danışmazdən əvvəl, Krım və Ukraynada baş verənləri izah etmək lazımdır”, - Ərdoğan deyib.

Bir neçə gün əvvəl isə prezident tarixçilərlə görüşündə Moskvaya növbəti mesajını göndərib: Türkiyə Rusiyadakı səfirini geri çağıra bilər. Bir sözlə, NATO və Rusiya arasında ən potensial vasitəçi hesab olunan Türkiyə də bu rolu üzərinə götürməkdən imtina edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm