Qorbaçov səhvini boynuna aldı
Bizi izləyin

Dünya

Qorbaçov səhvini boynuna aldı

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov 1980-ci illərin ortalarında sərxoşluğa və alkoqolizmə qarşı kampaniyanın səhvlərlə aparıldığını etiraf edib.

Publika.az xəbər verir ki, siyasətçi etirafı “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində deyib.

“Hesab edirəm ki, anti-alkoqol kampaniyasının aparılması səhvlərlə yadda qaldı. Böyük növbələr yarandı, kustar üsulla arağın çəkilməsi artdı. Mağazalardan şəkər yoxa çıxdı. Kampaniya tədricən aparılmalı idi. Cəmiyyətin ayılmasını basqınla həyata keçirmək olmaz. Buna illər lazımdır. Amma mübarizə fasiləsiz və daim aparılmalıdır”, - Qorbaçov bildirib.

Eyni zamanda keçmiş prezident qeyd edib ki, alkoqolizmə qarşı kampaniya hələ baş katib Leonid Brejnev vaxtında planlaşdırılmışdı: “Çünki sərxoşluq ölkəni bürümüşdü. Amma kampaniya müsbət nəticələr verdi. Ölüm faizi azaldı, doğumun sayı artdı. Əvvəlki illərlə müqayisədə anti-alkoqol kampaniyası zamanı 1,6 milyon insan daha az öldü, istehsalat və yollarda bədbəxt hadisələrin sayı kəskin azaldı”.

Xatırladaq ki, 7 may 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Sərxoşluğun və alkoqolizmin aradan qaldırılması haqqında” qərar verdi. Spirtli içkilərin yalnız saat 14-dən 16-ya qədər satılmasına icazə verildi. Amma eyni zamanda kustar üsulla hazırlanan spirtli içkilərin həcmi artdı. Bu isə kütləvi zəhərlənmə hadisələrinə gətirib çıxardı. Bundan başqa, kampaniya SSRİ-nin büdcəsinə də əhəmiyyətli şəkildə təsir etdi. Kütləvi narazılıq və 1987-ci ildə başlayan iqtisadi böhran SSRİ rəhbərliyini sərxoşluqla mübarizəni gizli şəkildə dayandırmağa məcbur etdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm