Samurayların paradı - FOTO
Bizi izləyin

Dünya

Samurayların paradı - FOTO

Yaponiyanın qədim şəhərlərindən biri olan Nikkoda yüzlərlə samurayın iştirakı ilə möhtəşəm parad keçirilib.

Publika.az-ın məlumatına görə, Azərtac-ın Tokiodakı müxbiri xəbər verir ki, bu şəhərdə Yaponiyanın vahid dövlət halında birləşdirilməsində tarixi rol oynamış feodal İeyasu Tokuqavanın məzarı və onun xatirəsinə həsr olunan məbədlər kompleksi yerləşir.

Şəhərdə belə yürüşlər müntəzəm şəkildə təşkil olunsa da, budəfəki yürüş orta əsrlər hökmdarının vəfatının 400 illiyinə təsadüf etdiyinə görə möhtəşəmliyi ilə diqqəti cəlb edib.

Çoxsaylı turistlərin diqqəti əsasən samurayların qılıncı ilə silahlanmış döyüşçülərə yönəlib. Onların yanında isə yüngül muşketlərlə silahlanmış və həmin vaxtlar İeyasu Tokuqavanın ordusunun əsas hissəsini təşkil edən piyadalar addımlayıb. Qədim kahinlərin müşayiət etdikləri yükdaşıyanların çiyinlərində apardıqları müqəddəs rəmzlər günəşin şüaları altında bərq vurub.

Cəmi 75 il ömür sürmüş İeyasu Tokuqava ömrünün çoxunu Yaponiyanın birləşdirilməsi uğrunda döyüşlərdə keçirib. 1600-cü ildə onun rəhbərliyi altında şimal-şərq knyazları qanlı döyüşdə cənub-qərb feodallarının ordusuna qalib gəlib. Bu döyüşdən sonra 1603-cü ildə İeyasu Tokuqava “barbarların fatehi böyük Syoqun” titulunu alıb və ölkənin vahid hərbi-inzibatı rəhbəri olub. Növbəti silsilə döyüşlərdən sonra İ.Tokuqava bütün Yaponiyanı özünə tabe edib, onun mərkəzi isə Edo (indiki Tokio) olub.

İ.Tokuqava avropalı müstəmləkəçilərdən ehtiyat etdiyinə görə xaricilərə qapıları bağlayır, eyni zamanda, mühüm islahatlar aparır. Məhz bu islahatlar ölkənin çiçəklənməsinin əsasını qoyur və Tokuqava nəslinin sonrakı nümayəndələri dövründə Yaponiya mühüm uğurlar qazanır.

İ.Tokuqavanın vəsiyyətinə əsasən onun cənazəsi Nikko şəhərində yerləşən “Toşyoqu” (“Şərqdən doğan işıq”) məbədinə köçürülür. Bu hadisənin ildönümü ilə əlaqədar hər il Nikkoda samurayların paradı keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm