Parisin mərkəzində qaçqınların çadır düşərgəsi - FOTO
Bizi izləyin

Dünya

Parisin mərkəzində qaçqınların çadır düşərgəsi - FOTO

Fransanın paytaxtı Parisdəki Şimal Stansiyasının yaxınlığında yerləşən bir körpünün altında 300-dən çox qaçqın düşərgə salıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sayı son iki ay ərzində 4 dəfə artan immiqrantlar Sudan, Çad, Efiopiya və Suriya kimi ölkələrin vətəndaşlarıdır.

Ölkələrindəki vətəndaş müharibələrindən qaçan immiqrantların bir hissəsi İngiltərəyə getməyi planlaşdırır, digər hissəsi isə Fransada qalaraq immiqrant kartı almaq istəyirlər. Həyat şəraitindən şikayət edən immiqrantlar bir çox dövlət səlahiyyətlisi və media nümayəndəsinin düşərgəyə gəldiyini, ancaq onlara çadırlardan başqa heç bir kömək etmədiklərini bildirib. Düşərgənin yaxınlığında yaşayan 35 yaşındakı Filipp immiqrantlara könüllü kömək edir. Onun sözlərinə görə, təhlükəsizlik gücləri yük maşınları ilə gələrək düşərgəni hər an boşalda bilərlər.

Qeyri-qanuni yollarla Avropaya gələn immiqrantlar mühacir statusunun vermə ehtimalı yüksək olan ölkələrə üz tuturlar. Hazırda ən çox immiqranta ev sahibliyi edən Almaniya, İsveç və Avstriya, həmçinin immiqrantların ən çox ayaq basdığı İtaliya və Malta kimi ölkələr Avropa Birliyindən ədalətli bölünmə sistemi tələb edir. Sözügedən tələblərin nəticəsidir ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa Birliyi ölkələri üçün immiqrantların qəbulu məsələsində kvota tətbiqini təklif edib.

Kvota bir sıra amillərdən, xüsusi halda ümumi daxili məhsulun həcmi, əhalinin sayı, işsizliyin səviyyəsi və sığınacaq alan immiqrantların sayından asılı olacaq. Hazırda Avropa Birliyinin ərazisində sığınacaq alan immiqrantların 80 faizi Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İsveç və Belçikanın payına düşür. Avropa Birliyinə üzv Dövlətlərin Xarici Sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa Agentliyi (Frontex) martın 4-də 2014-cü il ərzində Avropa Birliyi ölkələrinə miqrasiya haqqında məlumatları dərc edib. Hesabata görə, ötən il 2013-cü illə müqayisədə qeyri-leqal immiqrantların sayı demək olar ki, üç dəfə artaraq 274 min insan təşkil edib. Onların əsas hissəsi isə Suriya, Cənubi Sudan, Konqo və İraqın payına düşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm