Yaponiya Putini ərazi məsələsi üçün Tokioya çağırdı
Bizi izləyin

Dünya

Yaponiya Putini ərazi məsələsi üçün Tokioya çağırdı

“Biz ərazi problemini həll edib sülh müqaviləsini bağlamaq istəyərdik. Bunun üçün istəyərdik ki, prezident Putin Yaponiyaya gəlsin”.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu sözləri Tokioya səfər edən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşdə Yaponiyanın sabiq xarici işlər naziri Masaxiko Komura deyib.

Onun sözlərinə görə, Yaponiyanın baş naziri Sindzo Abe bu mövzu barədə çox ciddi düşünür.

Yaponiyanın baş naziri bu ilin fevralın 7-də şimal ərazilərinin qayıdışı üçün ümummilli mitinqində Kuril adalarının cənub hissəsinin qaytarılması barədə Rusiya ilə sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirib.

Qeyd edək ki, SSRİ İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən Kuril adalarına nəzarəti ələ keçirib. Tokio Xabomoy, Şikotan, Etorofu və Kunaşir adalarına iddia edir. Moskva və Tokio arasında ərazi mübahisəsi ilə bağlı indiyə qədər sülh müqaviləsi imzalanmayıb. Kuril adalarında keçirilən son ictimai sorğu isə maraqlı bir nəticə ortaya çıxarıb. Burada yaşayan rusların çoxu belə adaların Yaponiyaya verilməsini istəyirlər.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin 1997-ci ildə imzaladığı bir müqavilədə adaların Yaponiyaya geri qaytarılması məsələsi əks olunub. İddialara görə, 1996-1997-ci illərdə Yaponiya baş naziri Hoşimotonun Moskva səfərində Yeltsin adaların qarşılığında Yaponiyadan 30 milyard dollar istəyib. Lakin Yaponiya tərəfi bu pulun çox olduğunu bildirib.

2000-ci ildə 3 günlük Yaponiya səfərində Vladimir Putin belə bir bəyanat verib: “Rusiya hökumətindən adaların Yaponiyaya veriləcəyinə dair bir söz belə eşitmisinizmi? Biz sadəcə danışıqlar aparırıq”.

Yaponiyanın keçmiş baş naziri İosiro Mori isə 2004-cü il martında Putinlə görüşündə Kuril adalarının Yaponiyaya qismən qaytarılması mövzusunda müəyyən anlaşma əldə etdiklərini açıqlayıb. Kuril adaları üzərindəki mübarizənin isə 2 səbəbinin olduğu qeyd edilir: siyasi və iqtisadi. Qarşılıqlı bəyanatlar və danışıqlar isə onu göstərir ki, bu problem hələ uzun müddət iki ölkə arasında həll olunmamış qalacaq. Baxmayaraq ki, 1956-ci ildə SSRİ adalardan ikisini Yaponiyaya vermək istəyib, amma bu cəhd ABŞ-ın təzyiqi nəticəsində uğursuzluqla nəticələnib. Bu təzyiqin səbəbi isə Yaponiya-Rusiya münasibətlərində ola biləcək yaxınlaşmaya maneçilik törətmək olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm