Moskva-Kiyev xəttində yeni böhran: 5 razılaşma ləğv olundu
Bizi izləyin

Dünya

Moskva-Kiyev xəttində yeni böhran: 5 razılaşma ləğv olundu

Ukraynanın Ali Radası Ukrayna və Rusiya arasındakı münasibətləri gərginləşdirə biləcək növbəti addım atıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, Ali Rada Ukrayna və Rusiya hökumətləri arasında imzalanan beş razılaşmanı etibarsız elan edib.

Razılaşmalar hərbi və kəşfiyyat əməkdaşlığı ilə bağlıdır. Bunlar məxfi informasiyalarının qarşılıqlı mühafizəsi, Rusiya Federasiyasının hərbi birləşmələrinin Ukraynanın ərazisi vasitəsilə tranziti, dövlətlərarası hərbi daşınmaların təşkili, hərbi kəşfiyyat sahəsində əməkdaşlıq və hərbi əməkdaşlıq haqqında razılaşmalardır.

Etibarsız sayılan razılaşmalardan daha çox diqqətçəkəni Ukrayna və Rusiya arasında hərbi sahədə əməkdaşlıq barədə razılaşmadır. 25 noyabr 1995-ci ildə Soçidə imzalanan razılaşmanın etibarsız sayılmasına Ali Radanın 272 deputatı səs verib. Bildirilib ki, sözügedən razılaşma qətiyyən obyektiv şəraitə uyğun deyil və Ukraynanın milli maraqlarına xəyanətdir.

“Ukraynaya qarşı silahlı təcavüz Rusiya Federasiyasının Silahlı qüvvələrinin aktiv iştirakı ilə həyata keçirilir. Göstərilən şəraitdə dövlətlərimizin arasında hərbi sahədə əməkdaşlıq qeyri-mümkündür, qətiyyən obyektiv şəraitə uyğun deyil və Ukraynanın milli maraqlarına xəyanətdir”, - sənədin izahedici qeydində deyilir.

Qanun Ukrayna prezidenti tərəfindən imzalamalıdır. Ötən ilin iyununda Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxış edərək Rusiya ilə istənilən hərbi-texniki əməkdaşlığı qadağan edib.

Bundan daha əvvəl - aprel ayının sonunda isə Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasının üzvləri ilə görüşündə bildirmişdi ki, yaxın vaxtlarda Ukrayna hərbi məhsullarını əvəz etmək mümkün olacaq. Kreml rəhbəri həmçinin hərbi-sənaye kompleksi sahəsində Ukrayna-Rusiya əməkdaşlığın tam dayandırılmayacağına ümidvar olduğunu dilə gətirmişdi.

Ukraynanın Rusiyaya satdığı və təmir etdiyi hərbi məhsullar arasında “Voyevoda” RS-20V (NATO-nun təsnifatında “İblis”) qitələrarası ballistik raketləri, helikopter mühərrikləri (Rusiya Hərbi Hava Qüvvələrinin ehtiyacının 70 faizi) və hərbi gəmilər üçün motorlar xusisi yer tutur. Erkpertlər isə hesab edir ki, Moskva-Kiyev hərbi əməkdaşlığını tamamilə dayandırılması Rusiya ordusu üçün ciddi çətinliklər yaradacaq. Əlavə edək ki, Ukrayna Rusiya ilə hərbi əməkdaşlığı dayandıran yeganə ölkə deyil. Müasir silah texnologiyalarına sahib Qərb ölkələri də eyni qərar verib.

Rusiya müdafiən nazirinin müavini Yuri Borisov Kiyevin bu siyasətindən ilk növbədə Ukrayna hərbi-sənaye müəssisələrinin zərər görəcəyini bildirib. Onun fikrincə, Ukrayna yeni satış bazarları axtarmalı olacaq və bu xeyli vaxt çəkəcək.

Ancaq ukraynalı ekspertlər ümid edirlər ki, Rusiya ilə hərbi əlaqələrdən imtina edən Ukrayna yeni bazarlarda möhkəmlənə biləcək. Buraya NATO-ya üzv ölkələr də daxil edilir. Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçukun analitik materialında deyilir ki, Ukrayna və Rusiyanın müdafiə-sənaye kompleksləri arasında əməkdaşlığın dayandırılmasının Ukraynanın hərbi sənaye müəssisələrinə təsiri hiss olunacaq dərəcədə olmayacaq.

O qeyd edir ki, 2013-cü ildə Ukrayna xarici ölkələrə ümumilikdə 2,38 milyard dollarlıq hərbi məhsul ixrac edib. Bunun 1 milyard dolları isə Rusiyaya ixracatın payına düşür. 2013-cü ildə Rusiyadan Ukraynaya 700 milyon dollarlıq silah və hərbi ləvazimatlar ixrac olunub. İkitərəfli ticarətdə isə Ukrayna 300 milyon dollar müsbət saldosa malikdir.

Hərbi ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya ixrac etdiyi müdafiə təyinatlı məhsulların 81 faizini Atom Elektrik Stansiyası üçün istifadə olunan məhsullar təşkil edirdi. “Bu məhsulların ixracı artıq 2014-cü ilin mart ayında dayandırılıb. Ukrayna ABŞ firması olan “Westinghouse”a müraciət edərək Rusiyaya əvəz tapa bilər. Beləliklə, Ukrayna Rusiyadan idxal edilən müdafiə təyinatlı məhsulların 81 faizini əvəz edə biləcək. Ukraynanın Rusiyaya ixrac etdiyi məhsulların əksəriyyəti isə hazırda əvəzolunmazdır”,– hərbi ekspert qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm