Rusiya müxalifət lideri: “Putin Gürcüstana müdaxilədən sonra anladı ki...”
Bizi izləyin

Dünya

Rusiya müxalifət lideri: “Putin Gürcüstana müdaxilədən sonra anladı ki...”

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya müdaxilə edəndə Qərbin reaksiyasının praktik olaraq olmayacağından əmin idi”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın RPR-PARNAS müxalifət partiyasının lideri Mixail Kasyanov Fransanın “Politique Internationale” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, vəziyyəti anlamaq üçün 2008-ci ilin avqustun əvvəlindəki Gürcüstanda müharibəyə qayıtmaq lazımdır: “Artıq həmin vaxt Vladimir Putin Qərbin reaksiyasını sınaqdan keçirdi. Və gördü ki, postsovet məkanı ilə bağlı ideyaları praktik olaraq həyata keçirə bilər.

Xatırlayın, həmin zaman Fransa prezidenti Nikolas Sarkozi ikitərəfli danışıqlarda vasitəçi rolunu oynadı və əldə olunan razılaşma “Sarkozinin sülh planı” adını aldı. Əlbəttə, bu razılaşmada Gürcüstanın ərazi bütövlüyünün saxlanılması kimi müsbət məqam var idi. Amma ruslar bu razılaşmanın heç bir maddəsinə riayət etmədilər. Əksinə, Moskva Gürcüstanın iki separatçı regionunun müstəqilliyini tanıdı. Üç ay sonra yalnız Fransa deyil, bütövlükdə Qərb Kremllə “standart işgüzar” münasibətlərə qayıtdılar. Rusiya prezidenti belə bir nəticə çıxardı ki, bu ərazidə onun əlləri həmişə açılacaq”.

Amma rusiyalı siyasətçi hesab edir ki, Putin Ukraynada istədiyi mənzərəni görə bilmədi: “Rusiyada 2016-cı ildə parlament seçkiləri olmalıdır və iqtisadi situasiya faciəli idi. Bu anda Putin Ukraynada gürcü təcrübəsini həyata keçirməyə başladı. Amma o, qəflətən problemlə rastlaşdı. Bu onun qabaqcadan görmədiyi transatlantik həmrəyliyinin mövcudluğu idi.

Putin düşünürdü ki, Ukraynada da Gürcüstandakı mənzərə ilə qarşılaşacaq: şifahi məzəmmət, daha sonra isə sabitliyə və “işgüzar münasibətlər”ə qayıdış. Ukraynanın ərazi bütövlüyü məsələsində Berlinin mövqeyi onun üçün şok oldu”.

Mixail Kasyanov hesab edir ki, Qərb Ukraynada Gürcüstanda olduğu kimi davransaydı, Moskvanın növbəti hədəfi Dnestryanı ola bilərdi: “Mən təkrarlayıram, əgər Krım və Şərqi Ukrayna udular və həzm edilərsə, Kremlin sahibi dayanmayacaq. Putin və onun komandası strateji plana malik deyillər, onlar ideologiyalara malik deyillər”.

Partiya lideri hesab edir ki, Rusiya NATO-nun üzvü olmalıdır: “Mən bu haqda baş nazir olanda da açıq bildirmişəm. O, zaman əmin idim ki, ölkəm gec-tez Atlantik İttifaqına qoşulacaq. Səbəb sadədir, bizdə eyni dəyərlər var. Bugünkü təbliğat NATO-nu Rusiyanın düşməni etdi. Vladimir Putin belə bir mifi kəşf etdi ki, SSRİ-in dağılması dövründə kimsə Rusiyaya NATO-nun genişlənməyəcəyi barədə söz verib. Amma heç vaxt belə vədlər olmayıb. Mixail Qorbaçov da bu fikri təkzib edir. Qorbaçov Putinin xəttini dəstəkləməsinə baxmayaraq, son müsahibəsində etiraf edib ki, Rusiyaya heç vaxt belə bir vəd verilməyib. Rusiya Avropanın hissəsidir, bizdə ümumi dəyərlər var. Buna görə də süni problemləri yaratmaq olmaz”.

Onun sözlərinə görə, Rusiyanın Donbas hövzəsindəki separatçılara dəstəyi dayandırılacağı halda, sülh 2-3 həftə bərpa oluna bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm