• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ-İran-İraq xəttində İŞİD gərginliyi

  • Dünya
  • 26 May 2015 18:49
  • 346 Baxış
ABŞ-İran-İraq xəttində İŞİD gərginliyi

ABŞ-ın müdafiə naziri Eşton Karterin son bəyanatı Vaşinqton-Bağdad-Tehran xəttində gərginlik yaradıb.

Publika.az xəbər verir ki, BBC-yə danışan İraqın baş naziri Haydar İbadi Karterin səhv məlumatlandırıldığını bildirib.

Qeyd edək ki, Karter İraq ordusunun İŞİD-ə qarşı vuruşmaq istəmədiyi haqqına bəyanat yayıb.

“Eşton Karter İraqa böyük dəstək verirdi. Onun səhv məlumatlandırıldığından əminəm. Hərbi güclərimiz döyüş iradəsinə sahibdir, amma gözləmədiyimiz nöqtələrdən İŞİD-in partlayıcılarla yüklü zirehli yük maşınları ilə təşkil etdiyi hücumların hədəfi oluruq. Bunlar sanki kiçik nüvə bombası kimi effekti yaradır və təhlükəsizlik güclərimizə təsiri çox pis olur”, - baş nazir bildirib.

ABŞ-ın müdafiə nazirinin fikrincə, İraq qüvvələrinin Ramadidən geri çəkilməsi sübut edir ki, onlar “İslam dövləti” qruplaşması ilə vuruşmaq iradəsinə malik deyillər. Karter bildirirb ki, Ramadi uğrunda gedən döyüşlərdə İraq hərbi qüvvələri sayca çihadçılardan üstün olublar, buna baxmayaraq geri çəkilməyə qərar veriblər.

İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Hakim Zamili Karterin sözlərinin heç bir əsasının olmadığını deyib. Onun sözlərinə görə, ABŞ müdafiə nazirinin bəyanatı İraq ordusunun əhvalını zəiflədəcək və İŞİD-ə xidmət edəcək. O, həmçinin ABŞ rəhbərliyini İraq hökuməti ilə imzaladığı silah satışı müqavilələrini yerinə yetirməyə çağırıb. Komitə sədri silahların pulunu da illər əvvəl ödənildiyini xatırladıb.

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Karterin İraq ordusunun “döyüş iradəsi” bəyanatından sonra İraqın baş naziri Haydar İbadiyə İŞİD-ə qarşı mübarizədə dəstək təminatı verib. Vitse-prezident müdafiə nazirindən fərqli olaraq İraq ordusunu tərifləyib və ötən səkkiz ay ərzində İraqın hər yerində böyük cəsarətin şahidi olduğunu deyib.

İŞİD-lə mübarizədə aktiv rol oynayan İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandiri Kasım Süleymani isə ABŞ-ın özünün terror təşkilatı ilə döyüşmək istəyinin olmadığını deyib. O, Barak Obama rəhbərliyinin Ramadi üçün heç bir kömək etmədiyini bildirib.

Xatırladaq ki, İraq ordusunun 10-cu batalyonunun komandiri Sefin Abdülməcid dünən ABŞ-ın müdafiə nazirinin iddiasını gücləndirəcək bir iddia səsləndirib. Onun sözlərinə görə, İraqın Ənbar vilayətinin inzibati paytaxtı Ramadi ölkənin keçmiş baş naziri Nuri Əl-Malikinin səlahiyyətində olan hərbi qüvvələrin geri çəkilməsi ilə İŞİD tərəfindən işğal olunub. Batalyon komandiri qeyd edib ki, mayın 17-də - İŞİD hücuma keçmədən əvvəl tam təchizatlı 200-ə yaxın zirehli texnika ilə hərbi qüvvələr şəhərdən çıxmağa başlayıb. Təhlükəsizlik güclərinin Ramadini tərk etməsindən bir neçə saat sonra İŞİD şəhərə hücum etməyə başlayıb.

“Daha əvvəl İŞİD-in beş yüzdən çox avtomobillə Suriyadan İraqa daxil olduğunu və çoxunun da Ənbar vilayətinə gəldiyi barədə kəşfiyyat məlumatını amerikalılar və İraq səlahiyyətliləri ilə paylaşmışdım. Ancaq heç bir tədbir görülmədi”- o, deyib.

Bu isə İraq ordusunun həqiqətən də İŞİD-lə döyüşmək istəmədiyi barədə iddianı gücləndirir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR