İŞİD ABŞ və Rusiyanın büdcəsini necə doldurur?
Bizi izləyin

Dünya

İŞİD ABŞ və Rusiyanın büdcəsini necə doldurur?

İraq hakimiyyəti İŞİD terror təşkilatı ilə mübarizədə Rusiya hərbçilərinin təcrübəsi və Rusiya silahına ümid edir.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın daxili işlər naziri Məhəmməd Salem al-Qabban RT kanalına müsahibəsində bildirib.

İraqlı nazir xatırladıb ki, ABŞ-ın hazırda Bağdada göstərdiyi dəstək kifayət etmir. Onun sözlərinə görə, Rusiya “İslam dövləti” döyüşçülərini izlənilməsində İraqa kömək edə bilər. “Rusiya döyüş sursatları və silahla İraqa kömək edə bilər. Bizə silahların müxtəlif növləri lazımdır, biz yalnız hər hansı konkret ölkənin istehsalı olan silahın bir modelinə güvənə bilmərik. Biz həmçinin polis və ordunun təlimində yardıma ehtiyac duyuruq. Düşünürəm ki, bir çox sahələrdə Rusiya ilə əməkdaşlıq edə bilərik”, - o, deyib.

Məhəmməd Salem al-Qabban eyni zamanda Vaşinqtonun ünvanına tənqidlə çıxış edib: “Hesab edirik ki, İŞİD-ə qalib gəlmək üçün ABŞ-ın göstərdiyi dəstək kifayət etmir. Terror təşkilatının mövqelərinə daha çox zərbə vurulmalıdır. Bəzi ölkələr əvvəlki kimi İŞİD-ə silah və maliyyə yardımı edirlər”.

Qeyd edək ki, İraq daxili işlər nazirinin anti-ABŞ bəyanatı Vaşinqton və Bağdad arasında son günlər yaranan gərginliyini növbəti epizodu olub. İraqın Ramadi şəhərinin İŞİD tərəfindən ələ keçirilməsini şərh edən ABŞ-ın müdafiə naziri Eşton Karterin CNN telekanalın efirində İraq ordusunun İŞİD-ə qarşı vuruşmaq istəmədiyini bildirib. BBC-yə danışan İraqın baş naziri Haydar İbadi isə cavabında Karterin səhv məlumatlandırıldığını bildirib.

İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Hakim Zamili Karterin ABŞ rəhbərliyini İraq hökuməti ilə imzaladığı silah satışı müqavilələrini yerinə yetirməyə çağırıb. Komitə sədri silahların pulunu da illər əvvəl ödənildiyini xatırladıb.

Rusiya ekspert Yuri Masarski hesab edir ki, İŞİD terror təşkilatının Suriya və İraq ərazisində geniş əraziləri ələ keçirməsi Yaxın Şərqdə yeni silahlanma yarışının başlanmasına gətirib çıxarıb. Ekspertin sözlərinə görə, təxminən bir il əvvəl “İslam dövləti” bir çoxları tərəfindən ciddi təhdid kimi qəbul olunmurdu. “Amma indi planetin birinci şəxsləri belə İŞİD-i dünyada sabitlik üçün əsas təhdid adlandırırlar. Yaxın Şərq çoxdan olmadığı qədər silkələnir. Əbəs yerə deyil ki, ərəb ölkələri və onların qonşuları yeni silahlanma yarışına başlayıblar. Səudiyyə Ərəbistanı ABŞ-dan zərbə vertolyotları və raketləri alır. KİV-in məlumatına əsasən, Misir 50 ədəd “MİQ-29” qırıcının alınması üçün Rusiya ilə rekord məbləğdə müqavilə bağlayıb. Pakistan Çində yeni sualtı gəmilər alır, Hindistan səsdən surətli raketləri sınaqdan keçirir”, - rusiyalı ekspert bildirib.

Ərəb ölkələrinin silah üçün üz tutduğu ölkələr arasında isə Rusiya və ABŞ ilk yerləri tutur. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyasının iclasında dünya silah bazarında Rusiyanın ABŞ-dan sonra ikinci yeri tutduğunu bildirib. Putin qeyd edib ki, beynəlxalq institutların məlumatına görə, dünya silah bazarında ABŞ 31 faizlə birinci, Rusiya isə 27 faizlə ikinci yeri tutur. O, silah ixracının 15,5 milyard dollara çatdığını və son üç ildə ixracın sabit qaldığını deyib.

Ötən il 24 beynəlxalq silah və müdafiə sərgisinə qatıldıqlarını deyən Putin 62 ölkəyə silah satdıqlarını və 91 ölkə ilə bu mövzuda əməkdaşlıq etdiklərini qeyd edib.

“İrəliyə getmək, daha yüksək planları icra etmək, yeni nəsil silahları istehsal etmək və Rusiyanın dünya silah bazarındakı yerini daha da gücləndirmək lazımdır. Çox çətin şərtlər altında işləyirik. Asiyadan Afrika və Latın Amerikaya qədər bir çox bölgədə bizim silahlarımızdan istifadə edilir. Çünki onlar bizim silahlarımızın etibarlı olduğunu bilirlər. Amma bəzən rəqabətdən kənar təcavüzkar yanaşmalarla qarşı-qarşıya qalırıq”, - Putin vurğulayıb.

Bir sözlə, ərəb silah bazarı uğrunda yaxın gələcəkdə Moskva və Vaşinqton arasında barışmaz mübarizənin gedəcəyi şübhəsizdir. Hazırda bu bazarda ABŞ öndə olsa da, ucuz rus silahı bir müddət sonra Rusiyanı önə çıxara bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm