Putin S-300-ləri İrana yeni qiymətlərlə satacaq
Bizi izləyin

Dünya

Putin S-300-ləri İrana yeni qiymətlərlə satacaq

İran Rusiyadan S-300 zenit-raket sistemlərini Müdafiə Nazirliyinin arsenalından deyil, birbaşa zavoddan alacaq.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Sənaye Komissiyası sədrinin müavini Oleq Boçkaryov bildirib.

Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin daha əvvəl agentliyə bildirib ki, zenit-raket komplekslərinin çatdırılması köhnə müqavilə çərçivəsində, amma yeni qiymətlər nəzərə alaraq həyata keçiriləcək. O, qiymət və inflyasiya kimi yeni reallıqların nəzərə alınacağını deyib.

Onun sözlərinə görə, hətta kompleksin bəzi detalları əvəz edilə bilərlər, amma həmin S-300-lər olacaq.

Rusiya prezidenti Vladimir Putin “S-300” zenit-raket sistemlərinin İrana çatdırılması ilə bağlı qüvvədə olan qadağanı bu ilin aprelin 13-də ləğv edib.

Qeyd edək ki, “S-300” zenit-raket sistemlərinin İrana çatdırılması barədə qadağa 2010-cu ilin sentyabrında prezident Dmitri Medvedev tərəfindən BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin icrası çərçivəsində tətbiq edilib. Tehran Dmiti Medvedevin fərmanına son dərəcə kəskin reaksiya verərək Rusiyanı Cenevrədəki Beynəlxalq Arbitraj Məhkəməsinə verib. İranın Rusiyadan tələb etdiyi təzminatın məbləği 4 milyard dollar təşkil edirdi.

Zenit-raket komplekslərinin satışı barədə müqavilə 2007-ci ildə imzalanıb. Sövdələşmənin məbləği 800 milyon dollar təşkil edirdi. Texniki səbəblərdən komplekslərin göndərilməsi gecikdirilirdi. 2010-cu ildə BMT-nin qətnaməsindən sonra isə ümumiyyətlə, sazişin yerinə yetirilməsi mümkünsüz olub. Bundan sonra Rusiya İrana 167 milyon dollar məbləğində avans qaytarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm