Saakaşvilinin Odessa təyinatı: pilot layihə, yoxsa Kremlə sillə?
Bizi izləyin

Dünya

Saakaşvilinin Odessa təyinatı: pilot layihə, yoxsa Kremlə sillə?

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukraynanın Odessa vilayətinin qubernatoru təyin olunması prezident Pyotr Poroşenkonun ən gözlənilməz kadr təyinatı oldu.

Publika.az Almaniyanın “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, Saakaşvilinin Ukraynada ən müxtəlif vəzifələrə təyinatı güman edilsə də, amma heç kim Saakaşvilinin Odessa qubernatoru olması ilə razılaşacağını ağlına gətirmirdi.

Mixail Saakaşvili Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko və Pyotr Poroşenkonun daxil olduğu “narıncı komanda”nın çoxdankı dostudur. 2004-cü ildə Gürcüstan prezidenti olan Saakaşvili “Narıncı inqilab”ı fəal dəstəkləyirdi. Yuşşenko prezident olarkən Saakaşvlinin oğlu Nikoloza Saakaşvilinin xaç suyuna salınması mərasimində “xaç atası” qismində iştirak edib. Saakaşvili Poroşenko ilə praktik olaraq “tələbə yoldaşı” olub. Onlar bir neçə kurs fərqlə Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində oxuyublar.

Buna görə də Saakaşvilinin prezident Poroşenkonun ətrafında bir il əvvəl ortaya çıxması tamamilə qanunauyğun görünürdü. Ukraynanın yeni prezidentinə dövlət idarəçiliyi sahəsində müvəffəqiyyətli iş təcrübəsinə malik olan Saakaşvili lazım idi.

Ötən bir il ərzində Saakaşvilinin Ukraynanın yeni hökumətində yer alacağı gözlənilsə də, bu baş vermədi.

Almaniya nəşri Odessa vilayətinin Ukraynanın kifayət qədər mürəkkəb regionu olmasına diqqət çəkir: “Dəniz limanında qaçaqmalçılıq, tanınmamış Dnestryanı ərazi ilə həmsərhəd, Rusiyaya meylllənən sakinlər və terror aktları. Gürcü lideri bütün bunlarla rastlaşmalı olacaq. Və tamamilə aydındır ki, qubernatorun siyasi iradəsi bir çox məsələlərinin həlli üçün kifayət etməyəcək. Prezident, baş nazir və təhlükəsizlik orqanlarının dəstəyi olmadan çətin ki, bir şey alınacaq. Qubernatorluq Saakaşvili üçün əsl çağırışdır. Təyinat əsas suala cavab verməlidir: Gürcüstandakı islahatlarının bütün ölkədə deyil, heç olmasa bir vilayətdə təkrarı mümkündürmü? Saakaşvilinin Odessaya göndərilməsi Poroşenkoya anlamağa imkan verəcək ki, korrupsiya ilə mübarizə aparılırmı və ölkədəki radikal dəyişikliklərə regional elita hazırdırmı? Bütün bu suallara ehtimal ki, mənfi cavab veriləcək”.

“Deutsche Welle” yazır ki, Pyotr Poroşenko sonuncu təyinatı ilə “bir güllə ilə iki dovşan”ı vurdu: Rusiyaya və baş nazir Arseniy Yasenyuka siqnal göndərdi: “Kreml heç vaxt Gürcüstanın sabiq prezidentinə olan mənfi münasibətini gizlətməyib. Saakaşvilinin rusmeylli qüvvələrin güclü olduğu Odessaya təyinatı Moskvada sillə kimi qəbul etdilər. Baş nazir Dmitri Medvedev Saakaşvilinin yeni təyinatını “şapito-şou” adlandırdı. Bəyanatdan sonra nələrin baş verəcəyini təxmin etmək asandır. Ehtimal ki, Rusiyanın nəzarəti altında olan güclər regionda vəziyyəti “tərpədəcəklər”. Arseniy Yasenyuk isə Saakaşvilini baş nazir kreslosu üçün mübarizədə potensial rəqiblərdən biri hesab edir. Axı tamamilə aydındır ki, Gürcüstanın sabiq prezidenti üçün qubernator kreslosu xəyalların hüdudu deyil. Ukrayna vətəndaşının pasportu Saakaşviliyə yalnız beş il sonra dövlət başçısı postuna namizəd olmağa imkan verəcək. Yəni, 2019-cu ildə keçiriləcək seçkilərdə Saakaşvili Poroşenkonun rəqibi olmayacaq. Amma Saakaşviliyə Ukraynanın baş nazirinin kreslosuna iddia etməyə heç nə mane olmur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm