Moskva Donbas müharibəsində tərəf kimi tanına bilər
Bizi izləyin

Dünya

Moskva Donbas müharibəsində tərəf kimi tanına bilər

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Donbas hövzəsindəki hərbi münaqişəyə cəlb olunması ilə bağlı inandırıcı sübutlara malikdir.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şimon Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

Şimon Donbas hövzəsində saxlanılan Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) hərbçilərini xatırladıb. BMT rəsmisi digər “inandırıcı sübutlar”dan bəhs etməyib.

Əgər münaqişədə Rusiyanın iştirakı sübut edilərsə, o halda Beynəlxalq Cinayət Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıla bilər. Bu halda Cenevrə Konvensiyasının zamini olan Beynəlxalq Qırmızı Xaç Komitəsi də Rusiyanı münaqişə tərəfi elan etməyə məcburdur. Komitə ötən il Donbasdakı əməliyyatlar üçün “qeyri-beynəlxalq silahlı konflikt” ifadəsini işlədərək vətəndaş müharibəsinin getdiyini bəyan edib. Eyni zamanda qurumdan bildiriblər ki, Ukraynadakı vəziyyəti diqqətlə müşahidə edirlər.

“Reuters” jurnalistləri daha əvvəl bildiriblər ki, Rusiya Rostov vilayətində hərbi qulluqçularını yerləşdirir və Ukrayna ilə sərhədə hərbi texnikanı çəkir. Bundan başqa, Vaşinqtonda fəaliyyət göstərən Atlantik Şura analitik mərkəzi “Növbədə gözləyənlər: Ukraynada Putinin müharibəsi” məruzəsində Rusiyanın Donbasdakı iştirakı ilə bağlı təkzibedilməz sübutları açıqlayıb, həmçinin “Google Maps”ın xəritələrini göstərib.

Rəsmi Kiyev isə separatçıların son vaxtlar aktivləşdiyini bildirir. Elə separatçıların özləri də iddialı bəyanatlar verirlər. “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun rəhbəri Aleksandr Zaxarçenko ötən həftə Slavyansk, Konstantinovka və Krasnaarmeysk şəhərləri üzərində nəzarəti ələ keçirmək niyyətində olduğunu bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko daha əvvəl isə ölkənin şərqindəki separatçıların ordu birliklərinə hücum edəcəyi halda hərbi vəziyyətin elan ediləcəyini bildirib.

Bəzi ekspertlər separatçıların mümkün hücumları barədə yayılan informasiyalarla Rusiyanın “qara siyahı”sının elan edilməsinin üst-üstə düşməsini təsadüfi hesab etmirlər. Finlandiyanın “Yle” telekanalı Moskva tərəfindən hazırlanan və Avropa Birliyinin məmurlarının daxil edildiyi “qara siyahı”nı mayın 30-da dərc edib. “Qara siyahı”ya daxil edilən avropalı məmurların Rusiyaya girişi qadağan olunub.

Rusiyanın “qara siyahı”sında olan 89 fiqurant Avropa Parlamenti və Avropa Birliyi ölkələrinin qanunverici orqanlarının üzvləri, yüksək vəzifəli hərbçilər, kəşfiyyat strukturlarının əməkdaşları və ictimai xadimlərdir. Onların əksəriyyəti Baltikyanı ölkələri, Polşa, İsveç və Böyük Britaniyanın vətəndaşlarıdır.

BMT isə dünən baş katib Pan Ki Munun adından münaqişə tərəflərini növbəti dəfə atəşkəsə riayət etməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm