Qubernator prezidentin yerinə göz dikdi
Bizi izləyin

Dünya

Qubernator prezidentin yerinə göz dikdi

ABŞ-ın daha bir siyasətçisi 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Texas ştatının keçmiş qubernatoru Rik Perri prezident seçkilərində iştirak edəcəyini bildirib.

“Bizə xırda partiya ziddiyyətlərinin hüdudlarını aşa bilən prezident lazımdır. Amerikalılar ölkənin zəif xarici siyasəti və ABŞ iqtisadiyyatının ləng inkişafı ilə barışmamalıdır”, - 65 yaşlı Rik Perri seçkiqabağı videoçarxında deyib.

Perri 2000-ci ildən 2014-cü ilə qədər Texas ştatının qubernatoru olub. Bu müddət isə ştatın bütün tarixi üçün rekord hesab olunur. “Associated Press”in məlumatına görə, o, qubernator olduğu müddətdə vergiləri azaldıb və iqtisadiyyata dövlətin aktiv müdaxiləsinə qarşı çıxıb.

Hazırda prezident seçkilərində iştirak etmək arzusunu keçmiş dövlət katibi Hillari Klinton da daxil olmaqla demokratların dörd nümayəndəsi rəsmən bəyan edib. Respublikaçılardan isə Perri də daxil olmaqla on siyasətçi dövlət başçısı postu uğrunda mübarizə aparmaq niyyətindədir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 8 noyabr 2016-cı ildə keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm