CHP “Ərdoğansız AKP” şərti ilə danışıqlara başladı
Bizi izləyin

Dünya

CHP “Ərdoğansız AKP” şərti ilə danışıqlara başladı

Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri koalisiya hökumətinin qurulması zərurəti yaradıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Normallaşma və bərpa” üçün ən ideal variantın Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) koalisiyası olduğunu düşünən bəzi siyasətçilər iki partiya arasında təmas qurub.

Ancaq iki partiya arasında səssiz şəkildə aparılan müzakirələrdə çətin mövzuların olduğu deyilir.

CHP-nin AKP üçün olduqca ağır görünən şərtləri var. Onlardan biri 2013-cü il 17-25 dekabr “rüşvət və sui-istifadə” əməliyyatında adı çəkilən 4 nazirin Yüksək Divan qarşısına çıxarılmasıdır.

İddiaya görə, AKP koalisiya hökumətinin qurulması üçün bütün partiyaların qapısına gedəcək, ancaq danışıqlarda 3 “qırmızı xətt”də güzəşt edilməyəcəyi bildirilir. Bunlar “Paralel dövlət”lə mübarizə, kürd məsələsinin həlli prosesi və prezident Ərdoğanın legitimliyidir. CHP-nin əsas şərtlərindən biri də məhz “Ərdoğansız AKP”dir. Bildirilir ki, AKP üçün “qırmızı xətt” hesab olunan Ərdoğan faktoru iki partiya arasındakı koalisiya danışıqların müsbət nəticə verəcəyinə ümidləri azaldır.

Məlumata görə, Davudoğlu və Ərdoğan arasında dünən Prezident Sarayında (Aksaray) keçirilən görüşdə müxalifətə koalisiya mesajı verilib. İlkin qiymətləndirməyə görə, AKP-də “şərtsiz gələrlərsə, koalisiya olar” düşüncəsi hakimdir.

Dünən isə AKP ilə koalisiyaya girmə ehtimalı yüksək qiymətləndirilən MHP şərtlərini açıqlayıb. Türkiyə mediasının yazdığına görə, MHP sədri Dövlət Baxçalı baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi halda 4 şərtini açıqlayacaq:

1.Prezident idarəetmə üsuluna keçmək fikrindən imtina edilməsi;

2. PKK terror təşkilatı ilə danışıqlardan imtina edilməsi;

3. 2013-cü il 17-25 dekabr əməliyyatlarında adı rüşvət və sui-istifadədə hallanan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi;

4. Unitar dövlət quruluşu, eyni zamanda türk şəxsiyyəti ilə bağlı konstitusiyaya dəyişikliyin edilməməsi.

AKP-nin heç bir şərti qəbul etmək istəməməsi, əksinə, müxalifətin koalisiya danışıqları öncəsi şərtlərini açıqlaması hökumətin tezliklə və asan başa gəlməyəcəyi qənaəti yaradır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm