ABŞ-ın Yaxın Şərqdəki səkkiz hərbi bazası vurulacaq – SİYAHI
Bizi izləyin

Dünya

ABŞ-ın Yaxın Şərqdəki səkkiz hərbi bazası vurulacaq – SİYAHI

“Soyuq müharibə”nin başa çatmasından, xüsusilə 11 sentyabr 2001-ci il hadisəsindən sonra ABŞ beynəlxalq səhnədə hakim dövlət rolunu oynamağa çalışır. Hazırda bu ölkə hərbi gücdən istifadə hesabına bütün dünyada şəxsi hegemonluğunu gücləndirmək niyyətindədir. 2011-ci ilin dekabr ayına olan məlumata görə, Amerika ordusunun şəxsi heyətinin sayı 1 milyon 565 min nəfərdir. Bunun 351 mini ölkə xaricində yerləşdirilib. Dünyanın strateji əhəmiyyətli regionlarda Amerikanın hərbi mövcudluğu Vaşinton üçün prioritet hədəfdir.

Başqa ölkələrin daxili işlərinə açıq müdaxilə xarakterinə malik olan ABŞ-ın Yaxın Şərq siyasətində “Soyuq müharibə”dən sonra da faktiki olaraq heç bir dəyişiklik baş vermədi. 2001-ci ildə terrorizmlə mübarizə adı altında Əfqanıstan, 2003-cü ildə isə İraqa hücum Yaxın Şərqdə ABŞ-ın hərbi strategiyasının kuliminasiyası oldu. ABŞ həmin vaxtdan indiyə kimi bu regionda hərbi gücünü artırır. Hazırda ABŞ Qətər, Bəhreyn, Küveyt, BƏƏ, İraq, Səudiyyə Ərəbistanı, Oman, Türkiyə, Əfqanıstan və Pakistanda bazalara malikdir.

Publika.az xəbər verir ki, İranın “Fars” informasiya agentliyi “İran ABŞ-ın hansı bazalarını vura bilər” başlıqlı yazısında ABŞ-ın regiondakı 8 bazası haqqında məlumat verib.

Bildirilir ki, sözügedən bazalar ABŞ-ın mümkün hücumu halında İran tərəfindən vurulacaq. Həmin bazalar aşağıdakılardır.

1.ABŞ-ın beşinci donanması (Bəhreyn)

Fars körfəzindəki müharibə və İraqda Səddam Hüseynin devrilməsindən sonra Bəhreyn ABŞ üçün strateji əhəmiyyətə sahib oldu. 1995-ci ildə - Bill Klintonun prezidentliyi dövründə Bəhreydə ABŞ-ın 5-ci donanması yerləşdirildi. Beşinci donanmasının təsir dairəsinə Qırmızı dəniz, Fars, Oman və Ədən körfəzləri daxildir. Donanmanın xüsusi bölməsi Fars körfəzinin şimal hissəsində əməliyyatların keçirilməsi ilə məşğul olur. Donanmanın silahlanmasına ən azı bir təyyarədaşıyan gəmi və sualtı gəmilərin tam qrupu daxildir. Bəhreyn hökuməti İrana qarşı istənilən hücum əməliyyatlarında bu bazadan istifadə etməyi qadağan etsə də, Tehran dəfələrlə rəsmən bildirib ki, ABŞ-ın hücumuna məruz qalacağı halda 5-ci donanma İran raketlərinin hədəflərındən biri olacaq.

2.Parvan bazası (Əfqanıstanın Bəhram şəhərinin yaxınlığında yerləşir)

Bazanın uçuş-enmə zolağı o qədər böyükdür ki, oraya “Lockheed C-5” və “An-225” daxil olmaqla, istənilən hərbi təyyarə enə bilir. Bazada 10-cu dağlıq diviziyasının hissələri, dəniz piyadaçılarının dəstələri və ABŞ-ın Hərbi Hava Qüvvələrinin 455-ci qrupu yerləşdirilib. Baza İran sərhədindən 1220 kilometr uzaqlıqdadır.

3.Al-Adid bazası (Qətər)

Al-Adid faktiki olaraq, Fars körfəzində qərb yönümlü güclərin bazasıdır. İraq və Əfqanıstanda əməliyyatlar zamanı bu baza koalisiya güclərinin komanda və köməkçi mərkəzinə çevrilib.

4.Tumrit bazası (Oman)

Omanı Fars körfəzi regionunda ABŞ-ın ən etibarlı tərəfdarı hesab etmək olar. İki ölkə arasında ilk hərbi razılaşma hələ 1980-ci ildə imzalanıb. Hazırda Omanda ABŞ-ın 26 min hərbçisi var. Tumrit hərbi bazası eyni adlı şəhərin yaxınlığında yerləşir. Ədən körfəzi və Hind okeanına yaxınlığı bazanın strateji üstünlüyüdür. Bütovlükdə demək olar ki, Tumrit bazası nəqliyyatın təminatı və yanacağın çatdırılması baxımından ABŞ-ın regiondakı hərbi bazaları üçün əlaqələndirici rol oynayır.

5. Şeyx İsa bazası (Bəhreyn)

Baza Səudiyyə Ərəbistanın şərqində, Bəhreynin cənub hissəsində Fars körfəzinin sahilində yerləşir. Burada Bəhreyn kral hava gücləri ilə yanaşı ABŞ-ın təyyarə-qırıcıların iki eskadrosu var. Şeyx İsa bazasında həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin 379-cu aviasiya korpusunun bəzi hissələri yerləşdirilib. Korpusun əsas hissəsi isə Qətərdəki Al-Adid bazasındadır. Qeyd etmək lazımdır ki, 379-cu aviasiya korpusu terrorçularla mübarizə üçün ən yeni reaktiv təyyarələrlə təchiz edilən Amerika hərbi hava güclərinin ən peşəkar hərbi birləşmələrinin siyahısına daxildir.

6. Al-As-Salem aviasiya bazası (Küveyt)

Baza İraq sərhədinin 37 kilometrliyindədir. Bazada hazırda Amerika Hərbi Hava Qüvvələrinin 386-cı korpusu yerləşir.

7. Ahmed-Al-Cabir aviasiya bazası (Küveyt)

Üç min metr uçuş-enmə zolaqları olan baza hərbi təyyarələrin müxtəlif növlərini qəbul edə bilir.

8. Az-Zafer aviasiya bazası (Birləşmiş Ərəb Əmirlikləri)

Baza ABŞ-ın regiondakı ən böyük bazalardan biri hesab edilir. İmkanlarına görə, Az-Zafer bazası Qətərdəki Al-Adid bazası ilə müqayisə oluna bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm