Saakaşviliyə “Odessaya xoşgəldin” mesajı: strateji plan işə düşdü
Bizi izləyin

Dünya

Saakaşviliyə “Odessaya xoşgəldin” mesajı: strateji plan işə düşdü

Ukraynanın Odessa şəhərinin mərkəzində ötən gecə vətənpərvərlik məzmunlu iki reklam lövhəsi, o cümlədən “Krım Ukraynanındır” yazılan lövhə partladılıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə bölməsindən bildirilib.

Partlayışdan zərərçəkən yoxdur. Amma yaxınlıqdakı qəzet köşkünə zərər dəyib. Partlayış faktı üzrə cinayət işi qaldırılıb. Hadisə yerində operativ qruplar işləyir. Polisin məlumatına görə, partlayıcı qurğuların gücü 200 qram trotil ekvivalentinə bərabər olub.

Xatırladaq ki, mayın 30-da Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığı verilib. Mayın 31-də isə prezident Odessa vilayətinə gələrək Saakaşvilini vilayətin dövlət administrasiyası rəhbəri kimi təyin edib. Rusdilli əhalinin böyük üstünlük təşkil etdiyi bir vilayətdəki bu təyinat Moskva tərəfindən olduqca sərt qarşılanıb. Rusiyanın baş naziri Dmitri Medvedev təyinatı “şapito-şou” adlandırıb.

Bildirilir ki, Rusiyanın nəzarəti altındakı Dnestryanı ərazi ilə sərhəddə yerləşən Odessa vilayətinin Saakaşviliyə verilməsi Moskvanın separatçı regionla bağlı bir sıra planlarını poza bilər. Təsadüfi deyil ki, Saakaşvili Dnestryanı ərazidən qaçaqmalçılıqla gətirilən məhsullara qarşı mübarizə aparacağını bəyan edib. Ekspertlər ehtimal edir ki, Rusiyanın nəzarəti altında olan güclər Odessa vilayətində vəziyyəti “tərpədəcəklər”. Ötən gecə törədilən partlayışlar isə “tərpənmə”nin başladığını deməyə əsas verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm